Rəqqasə gəldi: 142 manat 8 qəpik – REPORTAJ
29 dekabr 2012 14:35 (UTC +04:00)

Rəqqasə gəldi: 142 manat 8 qəpik – REPORTAJ

Lent.az-ın yeni layihəsi: “Bazarlıq”

 

Onları hər gün efirdə, qəzet və jurnal səhifələrində, saytlarda görürsünüz. Müxtəlif açıqlamalar verirlər, qalmaqal yaradırlar, bir sözlə gündəmdə qalmağa çalışırlar. Maraqlananlar, fanatları, onların ən adi hobbilərindən tutmuş, qarderoblarında belə nələrin olduğunu belə bilir. Hətta nə vaxt yuxudan durub, nə vaxt yatdıqlarını, nə yeyib, nə içdiklərini belə mediadan gizlətmirlər.

 

Amma onlarında asudə vaxtları, qayğıları olur. Onlar da hamı kimi dükan-bazara gedir, ərzaq alır, yemək bişirir, qonaq çağırır… Deyəsən çox uzatdıq; qısası, yeni layihəyə start veririk: “Bazarlıq”. İstəyirik öyrənək görək, kimlər gündəlik bazarlığını harada edir, nə alır, hansı məhsullara üstünlük verir və nəhayət nə qədər pul xərcləyir?

 

***

 

Bazarlığa ilk getdiyimiz isə Rəqqasə Fatimə oldu. Fatimə xanımla ənənəvi bazarlıq elədiyi supermarketin qarşısında görüşdük.

Elə ilk öncə onu da öyrəndik ki, sən demə, Fatimə hər həftənin bir günü buradan bazarlıq edir.

 

- Bu gün edəcəyim bazarlıq, bu il sonuncu alış-veriş olacaq, yeni il bazarlığı edəcəyəm. Ailə üzvlərimə yeni il qabağı hədiyə alacam. Hədiyyə almağı da çox sevirəm. Adətən, yeni ildə yaxınlarıma nə isə hədiyyə edirəm. Bir qədər əvvəl 4 dənə hədiyyə boğçası aldım. İndi artıq rahat evə bazarlıq edə bilərik.

 

***

 

Marketə giririk. Sən demə, çoxdan burda alver etdiyindən satıcılar, digər işçilər onu tanıyırlar. Fatimə xanım deyir ki, ilk öncə ət və süd məhsulları almalıyam. Ət satılan şöbəyə yaxınlaşırıq. Satıcı ilə ilk dialoqdan məlum olur ki, ətdən o qədər də başı çıxmır. Sadəcə iki anlayışdan xəbəri var: sümüklü və sümüksüz ət. Satıcıdan sümüksüz ət istəyir.

 

- Bel əti verim?

 

Deyəsən, bel ətinin nə olduğunu bilmir.

 

- Sümüksüz olsun da.

 

Satıcı onun dediyi kimi əti çəkir: 2 kilo 150 qram.

 

- Bilirsən Yalçın, biz evdə o qədər də ət yeyən deyilik. Əsasən, toyuq ətinə üstünlük veririk. Sadəcə, bayrama görə alıram.

 

Elə həmin şöbədən üzərində “Kənd toyuğu” yazılmış iki toyuq da götürüb yolumuza davam edirik…

 

...Süd məhsulları satılan şöbəyə yaxınlaşırıq. Rəflərdən bir kilo kərə yağı, 2 qatıq, mayonez, süd alıb, oranı da tərk edirik.

 

***

 

Şöbdə işləyən qızlardan biri fürsətdən istifadə edib Fatimə xanımla şəkil də çəkdirir. Rəqqasə xanım ondan yumurtanın harada satıldığını soruşur. İşçilərdən biri kənd yumurtası təklif edir. “Hə” cavabı alan kimi 10 ədəd yumurtayla geri qayıdır. Fatimə xanımın yumurtalara bir qədər tərəddüdlə baxmağından belə anlaşılır ki, qabdakının kənd yumurtası olduğuna şübhəsi var. Satıcı qız səmimiyyətlə bu şübhələrə son qoyur…

 

Digər şöbədən isə konfet, düyü, ədviyyat, quru meyvə və müxtəlif təbii şirlərə götürür…

 

***

 

-  Adətən ən çox nəyə pul xərcləyirsən?

 

- Ən çox pul xərclədiyim meyvə, tərəvəz və toyuqdur. Bizim evdə toyuq əti və meyvə dəhşət çox yeyilir. Demək olar ki, hər gün evdə toyuq bişir. Hər gün səhər, axşam meyvə yeməliyəm. Eləcə də digər ailə üzvlərim.

 

- Diqqət etdim ki, siz bu marketə daxil olanda, satıcı qızlar sizi öncədən tanıyırmış kimi münasibət bəslədilər. Deyəsən bura tez-tez gəlirsiz...

 

- Sözün düzü mən evə bazarlıq etməyi çox sevirəm. Bazarlıq edəndə sanki dincəlirəm. Evimizdə soyuducumun boş olan vaxtı yoxdur. Həftədə bir dəfə mütləq bura gəlirəm. Çünki, evimizə yaxın marketdir.  Satıcılar, kollektivi artıq mənimlə dostlaşıb. Bu satıcı qızlar artıq yaxşı bilirlər ki, Fatimə ən çox hansı məhsuldan alır, hansı sudan içir, hansı meyvədən yeyir. Məncə, satıcının aurası da məhsulun alınmasına təsir edir. Demək, bu qızların aurası gözəldir ki, mən burada bazarlıq edirəm.

***

Meyvə-tərəvəz şöbəsində isə Fatimə xanımı köhnə tanışlar kimi qarşılayırlar. Fatimə xanım göy alma, mandarin və digər sitrus meyvələrinə üstünlük verir.

Tərəvəz seçimi də çox vaxt aparmır. Göy noxud, kartof, soğan, kahı, çuğundur alıb üz tuturuq kosmetik ləvazimatlar satılan şöbəyə.

 

Bu şöbədə ürəyincə bir şey tapa bilmir. Elə yaxınlıqdakı şöbədən nəm salfet, tualet kağızı, süfrə salfeti, tualet ağardıcısı, əl sabunu və yuyucu toz alır. Və maraqlıdır ki, hamısının arxasındakı haloqrama diqqətlə baxır.

 

- Deyəsən, alış-veriş edərkən keyfiyyət nişanına xüsusi diqqət edirsən…

 

- Mən belə şeylərdə çox diqqətliyəm. Adi bir məhsul  alanda da, diqqət eləyirəm ki, vaxtı keçməsin. Bu, əsasdır. Çünki, vaxtı keçmiş məhsullar çox təhlükəlidir, belə şeylərdən ehtiyat edirəm. Hamıya da məsləhəti odur ki, məhsulun tarixinə, harada istehsal  olunduğuna, haloqramına diqqət etsinlər.

 

Marketdən bir-iki Yeni il hədiyyəsi də seçib kassaya yaxınlaşırıq.

 

- Yaddan çıxan bir şey olmadı ki?

 

- Hələ də düşünürəm ki, nə isə unutmamışam ki? Mənə elə gəlir ki, lazım olan hər şeyi aldım.

 

- Sizcə neçə manatlıq mal aldız?

 

- Mənim hesablamalarıma görə, 200 manatlıq.

 

***

 

Kassaya yaxınlaşırıq. Kassir xanım malları bir-bir hesabladıqca Fatimə xanım da pul kisəsini açıb içərisini qurdalayır. Amma bir gözü kassanın monitorundadır. Sonuncu məhsulun qiyməti də monitorda görünür və ödəniləcək toplam məbləğ bəlli olur: 142 manat 08 qəpik...

# 3243
avatar

Yalçın UĞUR

Oxşar yazılar