“Şou-biznesin 99 %-i narkotik istifadəçisidir”
Əməkdar artist, gitara ifaçısı Rəmiş ( Rafiq Hüseynov) avtomobil qəzasında dünyasını dəyişən Hüseyn Dəryadan danışıb. Lent.az-a açıqlama verən sənətkar mərhum reperi qınayanları anlamadığını deyib:
“Hüseyn ölüb. Allah rəhmət eləsin. Diri ikən bunun cibinə bir manat qoyan olmayıb. İndi ölüb, hamı ağlayır. O gün də müğənni Rəqsanənin televiziyada Hüseyn barədə dediyi sözlərə qulaq asdım. O dedi ki, “Hüseynin niyə mərifətindən yox, narkotik istifadəçisi olmağından danışırlar? Narkotiki kim işlətmir ki? Onun sənətindən danışın”. Bax, onun bu sözləri çox xoşuma gəldi. Mənim Rəqsanədən zəhləm gedirdi, amma o günkü çıxışından sonra onu çox istəyəcəm. Şou-biznesin 99 %-i narkotik istifadəçisidir. Mən bunu bilirəm. Məni aldatmaq olmaz. Çünki vaxtı ilə mən də narkotik istifadəçisi olmuşam. İndi Türkiyədə Deniz Seki adında bir müğənnini narkotikə görə tutublar. Guya Azərbaycanda elə müğənnilərimiz yoxdu? Sözümü ona gətirirəm ki, insana gərək vaxtında qiymət verilsin. Sağlığında Hüseyn barədə xoş söz danışardılar, vəziyyəti ilə maraqlanardılar. Öləndən sonra danışmaq, ağlamaq lazım deyil. Sadəcə bizə “Allah rəhmət eləsin” demək düşər”.