“Məni xoşbəxt görmək istəyən qızıma cavabım odur ki, İlqarə sənin bu sənətdə uğurlarını görməyim mənim bu həyatda ən böyük xoşbəxtliyimdir”. Bu sözləri Lent.az-a açıqlamasında xalq artisti Aygün Kazımova bildirib. A.Kazımova qızı İlqarə Kazımovanın ötən həftə Lent.az-a verdiyi müsahibəsinə münasibət bildirərkən deyib. Xalq artisti qızının açıqlamalarından təsirləndiyini vurğulayıb: “Açığı, ötən həftə qızımın müsahibəsini oxuyub, çox təsirləndim. İlqarə elə bir övladdır ki, özündən çox anasını düşünür. O, hər zaman mənim sözümə qulaq asır. İlqarəni nə qədər çox istədiyimi özü gözəl bilir. Bir-birimizlə nəfəs alırıq. Sizin sayta verdiyi müsahibədə oxudum ki, yeganə arzusu məni daim xoşbəxt görməyidir. Bu açıqlaması məni təsirləndirdi. Mən də ona dedim ki, qızım, sən bu sənətdə uğurlar qazanmağın mənim üçün xoşbəxtlikdir. Söylədim ki, özümdən sonra səhnə fəaliyyətimdəki estafeti sənə verəcəm. İnanıram ki, sən bu sənətdə istədiyin zirvəyə yüksələcəksən. Buna inanıram. İlqarə ilə birgə layihə üzərində çalışırıq. İnşallah, ana-bala bir duet ifa edəcəyik. Düşünürəm ki, həmin duet Azərbaycana səs salacaq”.
Xatırladaq ki, İ.Kazımova Lent.az-a açıqlamasında anası barədə bu sözləri söyləmişdi: “Hamı bilir ki, hazırda Anamın həyatında heç kim yoxdur. İstəyirəm ki, ailə həyatı qursun. Yenidən sevib-sevilsin. Anamı daim xoşbəxt görmək onun ən böyük arzumdur. O, mənim bu həyatda hər şeyimdir. Mənə həm ata, həm anadır”.