Onları hər gün efirdə, qəzet və jurnal səhifələrində, saytlarda görürsünüz. Müxtəlif açıqlamalar verirlər, qalmaqal yaradırlar, bir sözlə gündəmdə qalmağa çalışırlar. Maraqlananlar, fanatları, onların ən adi hobbilərindən tutmuş, qarderoblarında belə nələrin olduğunu belə bilir. Hətta nə vaxt yuxudan durub, nə vaxt yatdıqlarını, nə yeyib, nə içdiklərini belə mediadan gizlətmirlər.
Amma onlarında asudə vaxtları, qayğıları olur. Onlar da hamı kimi dükan-bazara gedir, ərzaq alır, yemək bişirir, qonaq çağırır… Deyəsən çox uzatdıq; qısası, bir layihəyə start verdik: “Bazarlıq”. İstəyirik öyrənək görək, kimlər gündəlik bazarlığını harada edir, nə alır, hansı məhsullara üstünlük verir və nəhayət nə qədər pul xərcləyir?
***
Bu dəfə ki, “Bazarlıq”ı Fərda Xudaverdiyev eləyir. Onunla görüşümüz Həzi Aslanov dairəsində ənənəvi bazarlıq etdiyi super marketin qarşısında oldu. Söhbət əsnasında öyrənə bildim ki, bir neçə gün bundan öncə evə bazarlıq olunub.
- Mən çox nadir hallarda evə bazarlıq edərəm. Çünki başım qarışıq olur, bazarlığa vaxt qalmır. Bazarlığı evdəkilər edir.
Marketə giririk. Sən demə, çoxdan burda alver etdiyindən satıcılar, digər işçilər onu tanıyırlar.
Fərda deyir ki, ilk öncə süd məhsulları almalıyam. Süd məhsulları satılan bölməyə yaxınlaşırıq. Burda alıcılar üçün kampaniya da var; dükandan bir xama alana ikinci xamanı hədiyyə verirlər. Fərda xamanın dadına baxdıqdan sonra, onu almaqdan imtina edir.
Amma 2 kiloqram İsmayıllı pendiri istəyir. Daha sonra 2 qatıq da əldə edib, yollanırıq içkilər satılan şöbəyə.
- Deyəsən içkiylə aran yaxşıdı...
- Evdə namaz qılan olduğuna görə, evdə içki içmirəm. İndi mineral su alacam.
Sular satılan bölmədən 4 ədəd mineral su alıb, keçirik parfümeriya satılan bölməyə.
- Hə Yalçın, bax, bu parfüm şöbəsində işimiz qəlizləşdi. Evdən camaşır tozu almağımı tapşırıblar. Məndə sevmirəm belə məhsulları almağı. Bu işə qadın baxsa yaxşı olar (gülür).
***
Bu şöbədən sabun, saç şampunu, tualet kağızı alır. Lakin o, camaşır tozu almaqdan imtina edir.
- Niyə almadın?
- Mən nə bilim evdə hansı camaşır tozundan istifadə edirlər? Qalsın sonraya. Əsas oğlumun şirniyyatlarını alım, daha sonra digərlərini alarıq. Çünki evə girər-girməz, şirniyyat tələb edir. Bax, onun bu sualına bəhanələr axtarmamaq üçün, mütləq istədiklərini almalıyam. Hələ balacası da var. Amma o, hələ heç nə istəmir.(gülür)
***
- Evdə ət məhsulları çox yeyilir yoxsa?
- Yox elədə çox yeyilmir. Toyuğu, əti biz dükandan almırıq. Tapşırırıq evə gətirirlər. İndi nə ət, nə də toyuq alacam. Sadəcə kolbasa alacam.
Yaxınlaşırıq kolbasa satılan bölməyə.
- Təzədir?
- Hamısı təzədir. Sizə yağlı, yoxsa yağsız kolbasa lazımdı?
- Fərq eləməz dadlı olsun.
- Mən diqqət etdim, məhsulların keyfiyyət nişanına baxırsan.
- Elə də olmalıdı da...(gülür) Hə. Mən məhsulun holoqramına, istehsal tarixinə hər zaman diqqət edirəm. Çünki ola bilər ki, məhsulun istifadə tarixi keçsin. Düzdür, vaxtım olmasa da, tələm-tələsik də olsa diqqət etməliyəm. Çünki əsas sağlamlıqdır.
- Ən çox hansı məhsula çox pul xərcləyirsən?
- Ən çox şirniyyata. Mən dəhşətli dərəcədə şirniyyat yeyənəm. Bir ara çox kökəlmişdim. Evə gəlməmişdən qabaq zəng edirdim ki, stolun üstündə nə şirniyyat varsa yığışdırın. Bilirəm ki, şirniyyat görsəm, dayana bilməyəcəyəm, stolun üstündə nə varsa yeyəcəm. Gərək yeyəm. Yeyəndə də kökəlirəm. Elə şirniyyat demişkən bəlkə keçək şirniyyat satılan şöbəyə.
Keçirik şirniyyat satılan şöbəyə... Satıcılar Fərdanı və fotokameranı görcək, gizlənir. Fərda isə onları çağırır.
- Şirniyyat şöbəsinə kim baxır?
- Fərda bəy, bizi çəkməsinlər.
Satıcının sözlərinə zarafatla cavab verir:
- Səni ulduz eləmək istəyirəm də.
Sonra ciddiləşir:
- Xanım, narahat olmayın, sizin istəyiniz olmadan çəkməyəcəyik. Mənə 2 kiloqram şirniyyat verin.
2 kiloqram konfet aldıqdan sonra, keçirik tərəvəzlər satılan bölməyə.
- Deyəsən meyvə xoşlayansan...
- Hə. Çox xoşlayıram. Amma indi əksər meyvəni alıb gətirirsən, dadsız çıxır. Ona görə hərəsindən 1 kiloqram alıram.
Fərda satıcıdan hər meyvədən 1 kiloqram tələb edir. Alma, armud, banan, üzüm, mandarin alır.
- Meyvə aldıq ən sonda gedək uşaqların şirniyyatını alaq. Mənim gündəlik bazarlığım elə budur. Uşaqların şirniyyatı. (Gülür)
Müxtəlif cür şirniyyat aldıqdan sonra alış-verişi yekunlaşdırmağı qərara alırıq.
- Bütün lazım olan nə vardısa aldıq. İndi keçək əsas məsələyə.
Kassaya yaxınlaşırıq.
Kassir xanım malları bir-bir hesabladıqca Fərda da pulunu hesablayır...
Amma bir gözü kassanın monitorundadır. Toplam məbləğ 102 manat 50 qəpik...