Azərbaycanın “Eurovision-2014” mahnı müsabiqəsində təmsilçisi Dilarə Kazımova ötən gün Moskvada müsabiqədən əvvəl keçirilən ənənəvi gecədə çıxış edib. Lent.az-ın məlumatına görə, Moskvanın “Karlson” restoranının damında baş tutan gecəyə bir sıra Avropa ölkələrinin “Eurovision” təmsilçiləri qatılıb. Onlardan Malta təmsilçisi Firelight, Belarusdan Teo, San-Marinodan Valentina Monetta, Moldovadan Kristina Skarlat və İsrail təmsilçisi Mey Faynqold iştirak ediblər. Təmsilçimiz gecədə müsabiqə üçün nəzərdə tutulan “Start a Fire” kompozisiyasını və oynaq “Mercy” mahnısını ifa edib. Gecənin sonunda D. Kazımova rusiyalı həmkarlarımızın suallarını cavablandırıb.
Rusiya paytaxtı Dilarənin Avropa promo-turu çərçivəsində səfər etdiyi 4 şəhərdir. İştirakçımızın promo-tur çərçivəsində növbəti səfəri Malta və Gürcüstana olacaq.