Aktyor Elməddin Cəfərov Lent.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Pandemiyada Elməddin Cəfər nə işlə məşğul oldu?
- İlk mərhələdə oxuyacağım kitablarım var idi. Onları bölmüşdüm, oxudum. Amma çox sıxıcı idi. Alışmadığımız mühit idi. Adam darıxırdı. Mən Göyçə mahalındanam. Qərbi Azərbaycandan. Biz 1988-ci ildə köçü gördük, müharibəni yaşadıq. Devalvasiya, koronavirus gördük. Daha nələr görmədik ki... Deməli, bütün bunlar qismət imiş. Bütün zamanlardan güclü insanlar çıxır. Düşünürəm ki, bütün yaşananlar bizim xeyrimizədir.
- Müğənnilərin çoxu pulsuzluqdan gileylənir. Aktyorlarda vəziyyət necədir?
- 10 ildir toya getmirəm. Çox adam bilir ki, içki olan məclislərdə olmuram. Özüm içmirəm, inancımdan dolayı içki olan məclisə getmirəm. Ümumiyyətlə, mənə xoş deyil ki, hamı yemək yesin, mən də onları əyləndirim. Təxminən 6-7 ay işləmədik, maddi sıxıntılar olurdu. Amma çox deyildi. Çünki geyim çox almırdıq, bir çox yerlərə getmirdik.
- Aktyorluqdan savayı əlavə gəlir yeriniz var ?
- Əvvəllər var idi. Amma indi yoxdur. Elektron dükanım var idi, sonra bağladım. Bir neçə sahələrə əl atmışam, amma heç birində uğur qazanmamışam. Həmin vaxt müflis oldum. Qoyduğum bütün pul batdı. Bir dəfə evin təmirinin pulunu yeni biznesimə qoydum, pul orda batdı, ev təmirsiz qaldı.
- Müğənnilər söyləyirlər ki, həmkarları paxıldır. Aktyorlar necədir?
- Əslində mən onu görməmişəm, yaşamamışam. Bəlkə də olub, mən fərqində deyiləm. Ruzunu verən Allahdır. Sadəcə, insan əzmlə çalışmalıdır. Bunun sonunda rəbbim sənin bərəkətini verəcək. Bir insan uğurludursa, mən ona necə paxıllıq edə bilərəm ki? Şəriki deyiləm ki... Kiməsə paxıllıq etmək günahdır. Bir çox yerlərdə bir-birinin uğuruna sevinməmək var.
- Seriallarda uğursuz aktyorlar gördüyünüz zaman özünüzə deyirsiz ki, bunun yeri bura deyil?
- Hə, olur. Elə serial olub ki, özüm orada çəkilsəm də, özümü orada görməmişəm. Çəkiləndən sonra anlamışam ki, o rol mənlik deyildi. Sadəcə, prodüser məni necəsə inandırıb. Hətta elə olub, demişəm ki, kaş, mənim tərəf müqabilim başqa adam olardı. Amma səhvlər olmasa, inkişaf da olmur. Hər zaman düzgün addım atmaq olmur. Hər sahədə uğursuzluqlar olur. Uğursuzluqdan sonra gələn uğur daha dadlı olur. Mən onu yaşamışam. “Tək səbir”dən heç nədən ortaya çıxdıq, hamı bizi tanıdı. O veriliş inanılmaz reytinq yığırdı. İndi həmin veriliş olsa, reytinq yığmaz. Çünki o veriliş o zamanlar üçün idi. O vaxt şöhrətin nə olduğunu anlamırdıq. Sonra nələrisə qurduq, oğursuz oldu. Uğursuzluqdan sonra daha çoc çalışdıq, uğur qazandıq.
- Bir çox insan anidən məşhur olanda tanınmışlıq onun başını gicəlləndirir. Sizdə elə şeylər olmadı ki?
- Yox, mən ali təhsillə bərabər mədrəsə təhsili də alırdım. 9 yaşımdan mədrəsə təhsili almışam. Orada keçirilən dərslərdə, kitablarda qeyd olunurdu ki, yekəxanalıq etmək olmaz. Sadə insan olmalısan. Allaha xoş gəlmək üçün onun qulları ilə xoş davranmalısan. Bu təfəkkürlə böyümüş bir insan idim. Ona görə də məşhurluq məni çaşdırmadı. Məşhur olmaq vecimə deyildi. Küçəyə çıxanda insanların mənimlə niyə şəkil çəkdirməsini anlamırdım. Məsələn, “Xoxan” filminin təqdimat mərasimi idi, bütün saytlar, televiziyalar gəlmişdi. Hamı məndən müsahibə alırdı, şəkil çəkdirirdi. Təqdimatda izdiham var idi. Təqdimatı yola verdim, evə qayıdanda oğlum məndən soruşdu ki, ata, çiyələkli süd almısan? Yoldaşım da dedi ki, çörək aldın? Onların dediyini almaq yadımdan çıxmışdı. Onda anladım ki, mən səhnədə tanınmış adamam. Amma evdə ailə başçısı, lazımlı bir adamam. Övladım üçün atayam, valideynlərim üçün də bir övlad. Həmin gün anladım ki, mən onlar üçün adi bir Elməddin Cəfərovam. Bir sözlə, həmin gün gedib çörəyi və çiyələkli südü də aldım.
- Övladdan söz açmışkən, övladınızın sizin yolunuzu davam etdirməsini istərdiniz?
- Böyük oğlumun yox, kiçik oğlumun sənətimə yaxın bir sənətdə olmağını istərdim. Çünki özünün dizayn, qrafika sənətinə çox həvəsi var. Bəlkə sabah montajçı ola bilər. Montaj, rejissorluq istəsə, razı olaram. Böyük oğlum Budapeşt şəhərində təhsil alır. İngilis dilini və riyaziyyatı yaxşı bilir. Xaricdə ali təhsil almaq üçün imtahan vermişdi, oradan da yüksək bal (87 bal) topladı. Budapeştdə təhsil almağını istəmirdim, birinci razı olmadım, sonra razılaşdım. Yoldaşım dedi ki, sən razı olmasan, uşaq travma yaşayar. Onu yola salanda kövrəldim, sonra başa düşdüm ki, bu lazımdır.
- İndi aktyor olmaq asandır, yoxsa çətin?
- İndi çox asanadır. İndi “YouTube”, “Tik-tok” , “İnstagram”lar var. Amma o vaxt 3-4 televiziya var idi, onlara da çıxmaq üçün nələrdən keçməli idin. İndi axşam sosial media üçün video çəkirlər, səhəri gün partladır.
- Hazırkı vaynerlər əvvəlki dövrdə çıxsaydılar, tanınmış olardılar?
- Uğurun qarşısında duran yol tək insana yox, Allaha da bağlıdır. Elələri var ki, o vaxt tanına bilməzdilər. Vaynerlərin hamısı uğurlu deyil. Uğurlusu, uğursuzu var. Xarakter olaraq bir neçə vayneri bəyənirəm. Eləsi var ki, bir neçə həftədir ortalığa çıxıb, yanından keçir, amma sənə salam vermir. İnsanlar onunla şəkil çəkdirmək istəyir, deyir ki, kənara dur. O tip insanlar uğur qazansa, nə dəyişəcək ki? Xarakterləri yoxdur. Sən yoxsansa, sənin gördüyün işlər nəyə yarayır ki? Sən bədbəxt, şəxsiyyəsiz bir adamsan. Uğur qazanmağın nəyə yarayır ki?