Kiminin pulu, kiminin çənəsi - Nazilə Səfərlinin məclisi
19 may 2022 16:01 (UTC +04:00)

Kiminin pulu, kiminin çənəsi - Nazilə Səfərlinin məclisi

Bu  gündən Lent.az "Biz bizə" adlı  yeni layihəyə start verir. Bizim olan xətalarımız, qüsurlarımız, gözümüzə sataşan ayıblarımız barədə əyri oturub, düz danışacağıq, özgələri yox, elə bizimkiləri bizləyəcəyik.

Ukraynada yer-göy bir-birinə qarışır, Türkiyə NATO-ya “kafa tutur”, Putin dünyayla kəllə-kəlləyə gəlir, bizimkilərin eyninə də olmur, di gəl Nazilə Səfərli oğluna toy edir, bütün ölkənin diqqəti bu “möhtəşəm” hadisəyə fokuslanır. Hamı başlayır toya salınan pulları müzakirə eləməyə, kimin nə qədər pul saldığını hesablamağa. Varlının pulu kasıbın çənəsini yorar. Hansı müğənninin nə qədər “toyana” yazdırması həmin müğənninin cibi və varidatı haqqında  fikir sahibi olmağa  yardım edir. Nazilə xanım da sağ olsun, çıxıb efirdən élan edib ki, bəs Elton Hüseynəliyev toyu pulsuz aparıb, üstəlik min manat da pul yazdırıb. 

Dediyinə görə, Vasif Məhərrəmli 1000, Nadir Qafarzadə 1000, Damla 1000, Nazənin 1000, Pünhan Həsənli 1000 manat, Tünzalə Ağayeva 1000, Xatirə İslam 1000 dollar pul yazdırıb. Aşıq Zülfiyyə 500 manat pul yazdırıb. Bütün toyların ən çox danışılan siması Manaf Ağayevin 2000 min manat pul yazdırması söhbətinə şairə xanım etiraz edib. Deyib heç elə şey yoxdur. Kişinin xarizmasını yerlə bir edib.

Bu xəbərdən o qədər pəjmürdə oldum ki, gecə yuxuda gördüm həmin toyda mən də iştirak etmişəm və yekə-yekə adamların arasında utanmayıb, elə cibimə uyğun şəkildə 200 manat yazdırmışam. Kimsə də məni şantaj edir ki, bəs sənin adını çəkib biabır edəcəm. Sonra da adımı efirdən eşidəndə yer yarılıb, yerə girmişəm. Nə təhər hövlank yuxudan oyandımsa, yarım saat  ürəyim ağzımda döyündü. Yuxu olduğuna xeyli sevindim. Şükr etdim ki, Nazilə xanım toyuna məni çağırmayıb, 200 manat  da verəcəkdim, üstəlik  eldə-obada rüsvay olacaqdım. Özümə sual verdim ki, bax, sənin  harana yaraşır ki, başını başlara qoşasan? Nə olsun ağlın var, pulun ki yoxdur.

Onların həyatında nə olsa, hər şey ən xırda təfərrüatına qədər açıq-açıq danışılır. Ölkənin məşhur şou-biznes adamlarının nə yeyib-içdiklərindən tutmuş, şkaflarının küncündəki düyünçədə nə saxladıqlarından da xalqın xəbəri var. İstədiklərini deyirlər, istədiklərini göstərirlər, lap ağ da edirlər, qırmızı da edirlər. Kimsə evində balasının ac qarnını doyuzdurmağa şorəppək tapmır, amma hansısa məşhur efirdə itinə kabab yedizdirir.  Qara reklam da reklamdı, istəyirsən “nah-ni-ni-ni” oxu, istəyirsən mayallaq aş, oranı-buranı düzəltdir, sonar onu nümayiş elətdir. Nə olur olsun, əsas odur populyarlaş. Ondan sonra millət  sənin arxanca qaçacaq, sənə pullar tökəcək. Sən pul içində üzəcəksən, sonra dönüb səni sevənləri, pulsuz kütləni saymayacaqsan.

Təəssüf ki, müasir reallığımız acıdır, Azərbaycanda insanların bir-birinə hörmət və sevgi meyarı əksər hallarda pulla ölçülür. Mən səni özümə əziz, doğma bilə bilərəm, amma pulum azdırsa, nə sənin xeyir işinə gedib özümü biabır edə bilmərəm, nə də  sənə ziyan vura bilmərəm, çünki filan bahalı restoranda stulun biri o qədər bahadır ki, sənin verdiyin balaca hədiyyə xeyir yox, ziyan verir. Sevə bilərsən, amma pulun yoxdursa o sevginin də önəmi qalmır. Pul, pul, pul… Əslində bu yalnız dövrümüzün problemi deyil, elə həmişə belə olub. 500 il əvvəl Füzuli “Salam verdim, rüşvət deyil deyə almadırlar” deyirdi, 150 il əvvəl Sabir  “Adəmi adəm eyləyən paradır, Parasız adəmin üzü qaradır”, deyərək fəqan edirdi. 

Pulu icad edən o qədim lidiyalını gorbagor olsun…

# 6837
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar