Bill Klintonla duet, Obamanın şəxsi qonağı, Prezidentin Azadlıq medalı –  ARAŞDIRMA
11 sentyabr 2011 12:30 (UTC +04:00)

Bill Klintonla duet, Obamanın şəxsi qonağı, Prezidentin Azadlıq medalı – ARAŞDIRMA

İyirmi səkkizinci söhbət



2009-cu ildə Amerikanın yeni prezidenti Barak Obamanın inauqurasiya mərasimində çıxış edənlər arasında ahıl bir zənci qadın da vardı. Bu qadın 2005-ci ildə Amerika Birləşmiş Ştatlarının ən nüfuzlu mükafatına - Prezidentin Azadlıq medalına layiq görülmüş bir sənətçi idi - Areta Franklin. Onun çıxışı bu böyük məclisə toplaşanların hamısını riqqətə gətirdi. Çünki prezident qarşısında söz demək haqqını çoxdan qazanmış bu qadın Amerika musiqisinin canlı əfsanəsi, "Soul kraliçası" titulunu artıq 30 ildən bəri şərəflə daşıyan bir insandı. Onun adı bu gün də Rok-n-Rollun Şərəf zalındadır və Areta Franklin bu şərəfə layiq görülmüş ilk qadındır.

* * *

Areta Luiza Franklin (Aretha Louise Franclin) 1942-ci il, martın 25-də Tennessi ştatının Memfis şəhərində, Lüsi prospektindəki 406 nömrəli evin ikiotaqlı mənzilində dünyaya göz açıb. Ailədəki dörd uşaqdan üçüncüsü olub. Körpə anadan olanda ona bibilərinin şərəfinə iki ad qoyublar - Areta-Luiza.

Qızın iki yaşı olanda ailələri yaxşı həyat arzusuyla Buffalo şəhərinə köçüb, amma orda da bəxtləri gətirməyib. İki il sonra daha bir köç. Bu dəfə də Detroyt şəhərinə.

Detroytda güzəran nisbətən yaxşı olsa da, ailənin problemləri tükənmir: bu dəfə valideynləri arasında bir soyuqluq yaranır və bu soyuqluq axırda ailənin dağılmasıyla bitir.

Həmin gündən etibarən Aretanın tərbiyəsiylə əsas etibariylə nənəsi Reyçel məşğul olur. Kiçik yaşlarından valideyn qayğısına tamarzı qalmış qızcığaz on yaşında ikən anasını itirir...

* * *

İncə musiqi duyumu Aretaya lap uşaqlıqdan xas olub. On yaşında artıq kilsə xorunda oxuyurdu, özbaşına piano çalmaq öyrənmişdi. Anası dünyasını dəyişəndən sonra isə atasının çalışdığı Nyu-Betel baptist kilsəsindəki fəaliyyəti daha müntəzəm olur. Aretanın atası Klarens Franklin camaat arasında böyük nüfuz sahibi olan ruhani idi.

Ata evlərinə köçəndən sonra balaca Areta müntəzəm olaraq görüşdüyü zənci musiqiçilərlə təmasda formalaşıb. Onun vokal istedadının inkişafında qospel janrının ölməz ifaçıları Albertina Uoker, Mahaliya Cekson, Klara Uord kimi simaların müstəsna rolu olub.

Deyirlər ki, o oxuyanda yaşayır, natamam ailənin acısını canından çıxarırmış...

* * *

Aretanın ilk lent yazıları 14-15 yaşlarında olduğu dövrə təsadüf edir. Gənc istedadla Detroytun ən tanınmış leyblı - Motaun maraqlanır. Amma cavan prodüsser Con Hemmondun israrı onunla nəticələnir ki, Areta əməkdaşlıq müqaviləsini "Columbia Rekords"la imzlayır. İlk böyük uğuru da 1960-cı ildə, 18 yaşında Kolumbiya leyblı altında yazdırdığı birinci sinqlı olur...

Mahnı elə ilk gündən diqqət çəkir, Billboard jurnalının siyahısında 18-ci pilləyə çıxır. Az sonra, 1961-ci ildə ilk diski işıq üzü görür.

Amma musiqi tarixçiləri Areta Franklinin həyatında 1966-cı ilədək olan Kolumbiya dövrünü itirilmiş imkanlar, bihudə sərf olunan enerji dövrü sayırlar. Həqiqətən də həmin illərdə istedadlı müğənninin oxuduğu mahnılar çartlara nadir hallarda düşürdü. Onun üslubunda soul elementləri duyulsa da, oxuduğu mahnılar arasında həddindən ziyadə zəifləri də çoxdur. Artıq onda bəlliydi ki, bu istedadlı qızı düzgün məcraya yönəldən birisi olmasa, səs imkanlarının heç beşdən birini də realizə edə bilməyəcək.

* * *

Belə bir şəxs isə 1966-cı ildə peyda olur - prodüsser Cerri Ueksler. O, Aretanın ifasındakı qaynar soul məqamlarını qızın dəst-xəttinə çevirə bildi. Cerri ilə tanışlıqdan sonra, Aretanın üslubu tamam dəyişdi və həmin üslub bu gün də onun çoxsaylı pərəstişkarlarını sevindirir...

Müğənni neçə ildən bəri əməkdaşlıq etdiyi leyblı dəyişib "Atlantic Records"a keçir və studiyanın meqa-ulduzu olur.

Cerri Ueksler Areta ilə "I Never Loved a Man" mahnısını hazırlayaraq lentə almaq üçün qızı Alabamaya gətirir. Misilsiz emosionallığıyla fərqlənən, klassik ritm-ənd-blüzün ən gözəl cəhətlərini yaşadan bu mahnını Areta Cənubun ən böyük musiqiçilərinin müşayiətiylə lentə aldırır.

Növbəti aylar ərzində, yəni 1967-ci ilin əvvəlindən 1968-ci ilin sonunadək olan dövr Aretanın pop-çartlarda çevrilişiylə yadda qalır. Onun 10 mahnısı, o cümlədən də klassik soul nümunəsi sayılan "Chain of Fools" və "A Natural Woman" "Billboard" jurnalının Hot100 siyahısında ilk onluğa düşür, Otis Reddinqin özünəməxsus tərzdə ifa etdiyi "Respect" mahnısını isə Areta feminist hərəkatının himnihə çevirərək milli satış hit-paradının lideri olur...

Elə həmin 1968-ci ildə müğənniyə ilk "Qremmi" mükafatını verirlər.

Soulla qospelin yüksək əyarlı xəlitəsini yaratmağa müvəffəq olan, zəncilərin vətəndaş hüquqları uğrunda mübarizə apardığı dövrdə öz gücünü anlayan Areta Frənklin qısa bir zamanda qaradərili Amerikanın simasına çevrilir. Onun yenilikçi aranjemanla müşayiət olunan kəskin və inamlı vokalı az sonra klassik soulun etalonu kimi tanınır...

Amma bu heç də o demək deyildi ki, müğənni sırf qospel ifaçısı kimi artıq tanınmırdı. Əksinə, onun şöhrətin zirvəsində, 1972-ci ildə yazdırdığı sırf qospel diski - "Amazing Grace" ritm-ənb-blüz disklərindən pis satılmadı - düz iki milyon nüsxə! Onun bu albomu qospel janrında bütün zamanların ən çox satılan diski kimi tarixə düşdü...

* * *

Areta Franklin ilk növbədə dahi vokalçı kimi tarixə düşsə də, çox az adam bilir ki, o həm də virtuoz pianoçu olub. Diqqətinizə yetirim ki, disklərinin çoxunda piano, klavisin, orqanolada ifa olunmuş partiyalar Areta Franklinin özünə məxsusdur...

Amma "Soul kraliçası"nın da bir böyük problemi vardı: repertuar. Daimi mahnı müəllifləri olmadığından başqa ifaçıların şlyagerlərini özünə uyğunlaşdıraraq oxuyurdu. Yaradıcılığına müraciət etdiyi musiqiçilər arasında "The Drifters", "The Beatles", "The Rollig Stones", "Simon and Garfunkel" qrupları, Dayon Uorik, Sem Kuk kimi ifaçılar olub. Lakin Areta Frınklinə xas olan emosional ifa tərzi və misilsiz vokal onun yazdırdığı kaver-versiyaları həmişə orijinaldan güclü edib. Bu faktı bütün tanınmış ifaçılar etiraf edirlər.

* * *

Areta Franklinin çartlardakı son böyük uğuru başqa bir dahi zənci müğənnisi Stivi Uanderin "Until You Come Back to Me" (1974) mahnısı oldu. Bu lent yazısı Aretanın yaradıcılığındakı "superulduz" mərhələsinin sonu sayılır...

Söhbət yalnız onun vokal potensialından getmir, soul musiqisinin də qızıl dövrü artıq bitirdi və "Ülyahəzrət Kraliça" bunu hamıdan artıq hiss edir, duyurdu. O bilirdi ki, səhnədə yeri daralan soul artıq musiqinin dünənidir. Bilirdi və bu acı həqiqətlə barışırdı.
Həyatının bu ağır dönəmində onun ruhi müvazinətini pozan daha bir hadisə baş verdi. Atasının yaşadığı malikanəyə hücum çəkən qarətçilər, kişini ağır yaraladılar və o ömrünün sonuna kimi yataq xəstəsi oldu. Bu müdhiş hadisə Aretanın həyatında silinməz izlər buraxdı. O, yaradıcılığa əlvida deyərək 1982-ci ildə atasına qulluq etmək üçün Detroyta qayıtdı.

Areta bu sarsıntıdan özünə gələnədək bir xeyli vaxt keçdi...

* * *

Yaş artdıqca onun səsindəki emosionallıq da azalırdı və müğənni ehtiraslı soulun əvəzinə ənənəvi pop-şlyagerləri dəbdə olan ifaçılarla duet oxumağa başlayır. Canlı əfsanə ilə çiyin-çiyinə mahnı yaratmağı kim istəməzdi ki?..

Onun Lorin Hill, Uitni Hyüston, Meray Kerri, Enni Lennoks, Meri Cey Blac, Frenk Sinatra, Qloriya Estefan, Kristina Agilera... və Bill Klinton!

Yox! Yanılmadım. Təbiətən demokrat olan Areta Franklin 1992-ci ildə Amerikanın o zamankı prezidenti Bill Klintonun inauqurasiya mərasimində onunla da duet oxudu.
Sonralar Klinton öz memuarlarında yazırdı ki, canlı əfsanə ilə yanaşı duraraq duet oxumaq prezidentliyin ona bəxş etdiyi ən unudulmaz xatirələrdəndir...

* * *

Areta Franklinin dövrü artıq keçmişdi. Amma onun musiqi tarixindəki xidməti unudulmadı.

1999-cu ildə Klinton müğənniyə Nilli incəsənət medalını şəxsən təqdim etdi. 2005-ci ildə isə prezident Corc Buş onu Azadlıq medalına layiq gördü...

2007-ci ildə isə Areta Franklinin duetlərindən ibarət disk ayrıca buraxılaraq minnətdar musiqi pərəstişkarlarına təqdim edildi...

2008-ci ildə onu "İlin adamı" seçdilər

2009-cu ildə isə yeni Amerika prezidenti Barak Obamanın israrlı xahişlərindən sonra görkəmli sənətkar ölkənin bütün musiqi ictimaiyyəti adından onu salamlayaraq təbrik etdi...

2011-ci ildə səhnə fəaliyyətinin 50 illiyi münaibətilə Areta Franklin özünün 38-ci albomunu öz leyblı ilə buraxdı...

* * *

Areta Franklin Amerika musiqisi tarixində müstəsna rol oynayan dahilərdəndir. Onun başlıca xidməti bu tarixə müdhiş bir dövr kimi düşmüş "ingilis ekspansiyası illərində" Amerika musiqisini ölməyə qoymamasıdır. Məhz bu xidməti onun adını heç vaxt unudulmağa qoymayacaq...

Gələn il Areta Franklinin 70 yaşı tamam olur. Bilmirəm, bəlkə də əsassız ümidlərim var, amma mən onun bu münasibətlə buraxacağı diski səbirsizliklə gözləyirəm.

Qoy həmişəcavan soulun "Ülyahəzrət Kraliçası", 18 dəfə "Qremmi" mükafatını almış bu sənətkar mənim kimiləri ən azı bir dəfə də sevindirsin...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 972

Oxşar yazılar