Yaqub Zurufçu etiraf edir: “Sevgi hər şeyi üstələdi...” - MÜSAHİBƏ –
13 may 2011 11:25 (UTC +04:00)

Yaqub Zurufçu etiraf edir: “Sevgi hər şeyi üstələdi...” - MÜSAHİBƏ –

Layihə: “Məşhurların sevgi etirafları”

Lent.az-ın “Məşhurların sevgi etirafları” layihəsinin növbəti qonağı o taylı, bu taylı Azərbaycanın sevimli sənətçisi, əməkdar artist Yaqub Zurufçudur.

- Şərq kişisi üçün şəxsiyyət və qürur sevgidən öncə gəlir, yoxsa sonra?

- Yaxşı və çətin sualdır... Ümumiyyətlə, sevgi insanın yaşayış tərzidir - mən belə düşünürəm. Heç nəyə qarşı içində sevgi olmayan insan robot kimi bir şeydir. Sualınıza gəlincə, məncə, sevgi sonra gəlir. Mənə görə şəxsiyyət hər şeydən öndə durur. Mən 30 il qürbətdə yaşamışam, axırda vətənimə qovuşmuşam. Anlamışam ki, vətəndən böyük sevgi ola bilməz. Mənim üçün hazırda ən böyük sevgi vətənimə olan sevgimdir. Əgər mənə desələr ki, Azərbaycanda yaşama, inanın, elə o anda ölərəm. Çünki o qədər qürbət çəkmişəm, narahatlıqlar, çətinliklər görmüşəm ki... Mən heç vaxt vətənimi unutmaram. Məni üçün hər şeydən öndə Azərbaycan durur. Vətən mənim şəxsiyyətimdir. Keçən il mənə Azərbaycan vətəndaşlığı, fəxri ad verildi. Buna görə prezidentimizə minnətdaram. Mən azərbaycanlı olmağımla fəxr edirəm, amerikalı olduğuma isə nifrət edirəm. Amerika mənə şəxsiyyət verməmişdi. Orda mən elə-belə qalırdım.

- Amerikada cinsindən asılı olmayaraq, hamı sevgisini asanlıqla izhar edə bilər, amma müsəlman cəmiyyətlərində belə deyil...

- Orda sevgi demək olar ki, yoxdur. Təəssüf ki, artıq Azərbaycan da o yolu getməyə başlayır, kapitalizm sisteminə düşüb. Mən bura təzə gələndə xətir-hörmət tamam başqa cür idi. Getdikcə münasibətlər dəyişir, bayağılaşır, xüsusən də sevgiyə hörmət azalıb. Çünki kapital imkan vermir, verməyəcək də. Sən səhərdən axşama qədər öz problemlərinin arxasınca qaçmağa məcbursan. Onda sevgiyə vaxt ayıra bilməyəcəksən, imkanın olmayacaq. Bir adam ki, səhər durub işə gedə, evə də gecə gələ, o necə sevəcək? Heç ailəsinə vaxt ayıra bilməyəcək. Mənim fikrimcə, Amerikada mənəvi dəyərlər sıfırdır. Hətta orda yeməyə gedəndə, hərə öz pulunu verir.

- Yaqub müəllim, bu vaxta qədər unutmadığınız bir sevginiz olub?

- Adətən ilk məhəbbət heç vaxt unudulmur.

- İlk məhəbbətlə neçə yaşında qarşılaşmısız?

- Onda mənim 17-18 yaşım olardı. Məktəbin sonuncu sinfində oxuyurdum. O vaxt, elə indi də İranda qızlar ayrı, oğlanlar ayrı məktəblərdə oxuyurdu. O qızı məktəbdən çıxarkən görmüşdüm. Gözəl siması vardı. Çox ciddi qız idi. Özünü elə aparırdı ki, heç kim ona yaxın dura bilməzdi. Bir dəfə qorxa-qorxa ona yaxınlaşıb telefon nömrəsini almaq istədim. Dedi, “sən heç bilirsən mən kiməm?” Ondan sonra onun kim olduğunu öyrəndim. Demə, İranın çox məşhur şəxsinin nəvəsi idi. Bir bacısının da əri o vaxt enerji idarəsinin naziri olub. Dedilər, “o qız elə insan deyil kiminləsə tanış ola”. Hardasa 5-6 ay çəkdi bu halım. Həqiqi çox pis vəziyyətdəydim. Dərsə də getmirdim çox vaxt. Hətta az qalmışdı məktəbdən çıxaralar. Axırda dostlarım dedilər “yazıqsan, kasıb oğlansan. Barı bu məktəbi qurtar, get, özünə çarə qıl. Əl çək bu sevdadan, ondan sənə yar olmaz”. Mən bu həqiqətə alışdım və onu unutdum. Sonra əsgərlik, universitet... Bir neçə il sonra eşitdim ki, Fransaya ərə gedib. İllər sonra mən artıq məşhur xanəndə olanda Vaşinqtonda konsert verirdim. Onun bacısı da Vaşinqtonda yaşayırdı. Bacısının əri konsertimə gəldi. Konsertdən sonra məni evlərinə apardı, gecəni orada qaldım. Evlərində bir şəkil gördüm, eynən ona bənzəyirdi. Bacısı oğlundan soruşdum bu kimdi? Dedi xalamdı. Gecə 12-də evə zəng gəldi. Gördüm telefonu heç kim götürmür, məcburən mən cavab verdim. Bu xanım idi. Dedi “mən bacımla danışmaq istəyirəm”. Dedim, “gözləyin telefonu verirəm oğluna”. Soruşdu “bəs siz kimsiz?” Kim olduğumu söylədim - “mən Yaqub Zurufçuyam”. Sevindi ki, “mən sizin səsinizin vurğunuyam”. Soruşdum, “tanıdız məni?” Dedi, “hə, yadıma gəlir... Hayıf olsun...”

- Bəs institut illərində kimi sevmisiz?

- Onda da yoldaşımla tanış oldum. 5-6 il dostluq etdik. O idman, mən iqtisad üzrə təhsil alırdım. Sonra evləndik, Almaniyaya, ordan da Amerikaya getdik.

- Yoldaşınızı sevib ailə qurmuşduz?

- Bəli, sevib ailə qurduq. İki uşağımız oldu – Dəniz və Dalğa. İndi də Amerikada yaşayırlar. Qızım təhsilini başa vurub. Oğlum isə məşhur universitetlərin birində həkimlik ixtisasına yiyələnir.

- Amma yoldaşınızdan ayrılmısız artıq...

- Bunun səbəblərini mən açıqlaya bilmərəm. Amma biz ayrılmışıq, özü də çox səmimi şəkildə. Telefonla da danışırıq. Amerika sistemi budur.

- Siz Azərbaycana köçəndə ailəniz sizinlə birgə burada yaşamaq istəmədi?

- Onlar bir-iki dəfə gəldi, amma qala bilmədilər. Uşaqlar orada anadan olub deyə, bura öyrəşmək çətindi. Mən isə Bakını çox sevirəm.

- İkinci həyat yoldaşınızla necə tanış olmusuz?

- İkinci həyat yoldaşım azərbaycanlıdır. Jurnalistdir. İctimai televiziyada işləyib. Onunla elə orada “Körpü” verilişində tanış olduq. Gördüm ki, xasiyyəti mənimkilə uyğun gəlir. Sentyabrda ailə qurduq.

- Neçə yaş fərqiniz var?

- 25 yaş. Amma o da məni istəyib də (gülür). İnşallah, bir neçə aydan sonra ilk övladımız dünyaya gələcək. İstədim bir uşağım da Azərbaycanda doğulsun.

- Deməli, həqiqətən də məhəbbət yaşa baxmır.

- Bilirsiz, mən onu sevdim. Onun xasiyyəti, mədəniyyəti, səmimiyyəti, müəyyən xüsusiyyətləri mənim çox xoşuma gəldi. Və fikirləşdim ki, ola bilər.

- Qızın ailəsi tərəfindən bir problem yaşanmadı ki?

- Yox, heç nə. Sevgi hər şeyi üstələdi.

- Bəs birinci həyat yoldaşınız bunu necə qarşıladı?

- Onunla bizim məsələmiz həll olunub. O, heç vaxt bu məsələyə qarışmaz. İcazə də vermərəm. Mən ona heç nə deməmişəm.

- İkinci dəfə evləndiyinizi bilmir ki?

- Yox. Onlara deməmişəm. Fikirləşirəm ki, bəlkə də mətbuatdan bilirlər. Amma indiyə kimi üzümə qarşı heç nə soruşmayıblar. Mən də deməmişəm. Və lazım da bilmirəm ki, mənim şəxsi işimə qarışsınlar. Sadəcə deməyi lazım bilməmişəm. Onlar soruşsalar, əlbəttə mən həqiqəti deyəcəm, onlara heç vaxt yalan danışmaram. Amma nə onlar soruşub, nə də mən demişəm.

- Birinci həyat yoldaşınızı da, ikincisini də sevib ailə qurmusuz. Hiss olaraq hansı daha böyükdür?

- (düşünür) Sevgi hər yaş dövründə müxtəlif olur. Amma zaman keçdikcə sevgi yaşadığın ölkə ilə mükəmməl ola bilir. Mən evlənib Amerikaya getdim. O ölkə bizim içimizdəki mənəviyyatı yavaş-yavaş bir-birindən ayırdı. Çünki o ölkədə gərək hamı işləyə. Problemlər yarandıqca, zərbələr də artırdı. Ölkə bunu saxlayır, qoruyur. Məsələn, ailədə problem olanda valideyn məsləhət verir. Amma o ölkədə valideynimiz yox idi, özbaşınalıqdı, dostlar hamısı düşmən kimidir. Orada ayrılmaq normal hal kimi qəbul olunur. Yəni, xaricdə sevgi zamanla azalır. Azərbaycan, ya da Təbriz sevgini qoruyub saxlaya bilərdi. Getdikcə insan bir-birindən uzaqlaşır. Ona görə də orada çoxu evli deyil. Amma indiki həyat yoldaşım... Mən oxuyanda onun ürəyi gedir. O görür mən Azərbaycanı necə sevirəm.

- Yoldaşınız sizi daha çox sənətçi kimi sevib?

- Hə, məni mədəniyyət xadimi kimi tanıyıb və sevib.

- Səmimi etiraf edin, nə vaxtsa sevdiyinizə xəyanət etmisiz?

- (gülür) Yox, bunu etiraf etmirəm.

- Yaqub Zurufçu onu daha çox məşhurlaşdıran “Ayrılıq” mahnısını sevgi mahnısı kimi oxuyur, yoxsa vətənpərvərlik mahnısı kimi?

- Əslində, bu, lirik mahnıdır. Amma mən onu ancaq vətənpərvərlik mahnısı kimi oxumuşam. Mən “Ayrılıq”la məşhur oldum, bu mahnı o dövrdə top kimi partladı. Yenə deyirəm, mənim üçün əsl məhəbbət Azərbaycandır. Qalan ömrümü çalışacam ancaq Azərbaycan mədəniyyətinə həsr edəm. Xalqım, ölkəm və onun yüksək səviyyədə təbliğatı mənim üçün ən böyük sevgidir. Qalan sevgilər mənə görə çox kiçikdir. Vətəni sevməyəndən sonra heç nəyi sevmək olmaz.

Xəyalə MURADLI

[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1409

Oxşar yazılar