Uşaqlarda febril qıcolmalar : İlkin yardım necə olmalıdır?
05 noyabr 2020 09:45 (UTC +04:00)

Uşaqlarda febril qıcolmalar : İlkin yardım necə olmalıdır?

Uşaqlarda baş verən qıcolmalardan biri də febril, yəni bədən temperaturunun qalxması nəticəsində baş verən qıcolmalardır. Adətən bu, temperaturun çox yüksəlməsi zamanı yaranır. Febril qıcolmalar təhlükəlidirmi? Belə hallarda hansı tədbirlər görülməlidir? Qıcolmalar zamanı ilk yardım necə olmalıdır? 

e-tibb.az "Erkən Uşaqlıq Dövründə İnkişaf" layihəsinin (UNICEF və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə icra etdiyi layihə) bununla bağlı hazırladığı məqaləni təqdim edir:

Qıcolmalar mərkəzi sinir sisteminin müxtəlif mənşəli daxili və xarici faktorların təsiri nəticəsində baş verən qeyri-spesifik reaksiyasıdır. Bu zaman əzələlərdə qəfil qeyri-iradi yığılmalar baş verir. Bəzi hallarda qıcolmalar huşun itirilməsi, baxışın və başın yana çevrilməsi ilə müşayiət olunur.

Uşaqlarda baş verən qıcolmalardan biri olan febril qıcolmalar bədən temperaturunun 38°C-dən yüksək olması zamanı baş verə bilər. Adətən bu tip qıcolmalar nevroloji problemi olmayan, əvvəllər afebril (temperatursuz) qıcolma verməyən uşaqlarda baş verir. Qıcolmalara olan irsi meyillilik febril qıcolmaların inkişaf etmə riskini artırır.

Febril qıcolmaların sadə və mürəkkəb növü var. 90% hallarda bu qıcolmaların sadə növü inkişaf edir. Sadə qıcolmalar 15 dəqiqədən az davam edir, ocaqlı simptomatika ilə müşayiət olunmur. Adətən sadə növ qıcolma 5 yaşına qədər müalicəsiz keçib gedir.

Mürəkkəb qıcolmalar 15 dəqiqədən çox davam edir, ocaqlı simptomatika ilə müşayyət olunur və 24 saat ərzində bir neçə dəfə təkrarlanır. Qıcolmalar zamanı ərtafların bir tərəfli (qeyri-simmetrik) yığılmaları, tutmadan sonra isə lokal əzələ zəifliyi müəyyən edilir. Bu tip qıcolmalar 1 dəfə belə təsadüf etdikdə nevroloqun uzun dönəmdə müşahidəsini tələb edir.

Valideyinlərin mütləq nəzərə almalı olduğu məqam: temperaturun qalxması fonunda baş verən qıcolmalar təkcə febril qıcolmalar deyil, həm də mərkəzi sinir sisteminin təhlükəli infeksion xəstəlikləri (meningit, ensefalit) nəticəsindədə baş verə bilər. Febril qıcolma diaqnozu qıcolmaların digər səbəbləri inkar olunduqdan sonra həkim-nevroloq tərəfindən qoyulur.

Febril qıcolmalar zamanı ilk yardım:

Uşağı uzandırmaq, başını yana çevirmək, sərbəst hava axını ilə təmin etmək;

Ağız boşluğunda bir şeyin olub-olmamasına fikir vermək;

Uşağın dili və ya çənəsinə toxunmamaq, dişlərin arasına qaşıq və ya digər əşya qoymamaq;

Uşağa yaşına uyğun dozada hərarətsalıcı sirop vermək – parasetamol və ya ibuprofen (parasetamol şam şəklindədə istifadə oluna bilər);

Fiziki üsullardan istifadə edərək uşağın hərarətini salmaq (uşağı sıx və ya qalın paltardan azad etmək)

# 796
avatar

Oxşar yazılar