"Sənin balalarını öldürüb, evini yandıraram" - Qardaşını öldürən Amin Nurinin MƏHKƏMƏSİ
10 dekabr 2025 17:42 (UTC +04:00)

"Sənin balalarını öldürüb, evini yandıraram" - Qardaşını öldürən Amin Nurinin MƏHKƏMƏSİ

1

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə qardaşını qətlə yetirməkdə təqsirləndirilən Amin Nurinin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az-ın məlumatına görə, məhkəmə təqsirləndirilən Amin Nurinin ifadəsi ilə davam edib.

A.Nuri qardaşının pis vərdişlərin aludəçisi olduğunu, bundan nəinki ailənin, bütün məhəllənin və qonşuların əziyyət çəkdiyini bildirib:

"Aslan narkotik istifadəçisi idi. Qapımızı hər gün cürbəcür insanlar gəlib döyürdü, mal verib-alırdılar, oğurluğa da qurşanmışdı. Qonşular dəfələrlə Aslandan üstümə şikayətə gəlirdilər. Artıq təngə gəlmişdim. Hadisədən  bir gün qabaq  Aslanın otağına getdim. Onu dilə tutmağa çalışdım ki, mən ailəmin belə bir şəraitdə yaşamağını istəmirəm. Dedim gəl sənə kömək edim ayıraq qapıları. Yemək yeyirdi, birdən qəfil durub cumdu üstümə ki, sənin xirtdəyini kəsərəm, balalarını öldürüb evini yandıraram. Başımı salıb çıxdım onun otağından. Hər gün yatmamışdan qabaq uşaqlarımı mütləq  görüb yatıram. Getdim onların yanına, gördüm ki, yoldaşım uşaqların başının üstündən çəkilmir. Nə olduğunu soruşdum.Yoldaşım dedi ki, Aslan birdən pəncərədən girib uşaqları öldürər. Pis təsir elədi yoldaşımın belə deməyi. Mən ömrümdə bıçaq gəzdirməyən adam mətbəxə gedib bıçağı cibimdə gizlətdim, qayıtdım yoldaşımın yanına. Hadisə günü o yatmışdı, gedib ona dedim ki, Atam, sən allah, dur, gedib kərpic alaq. Qayıdıb anama çox ədəbsiz bir söyüş söydü. Mən artıq özümü idarə edə bilmədim, cibimdən çıxardığım bıçaqla onu vurdum. Amma mənim həqiqətən onu öldürmək kimi niyyətim olmayıb. O ki yoldaşı deyir, guya uşaq qucağında ola-ola onu vurmuşam - ağ yalandır. And olsun allaha, uşaq Aslanın qucağında olmayıb. Ola bilsin qan sıçrayar uşağın paltarına, amma mən uşağa xəsarət yetirməmişəm. Uşağı anasının qucağına verib, getdim polisə təslim olmağa dedim. Mən demirəm ki, açın məni buraxın, amma qərar verərkən ədalətli olmağınızı xahiş edirəm".

Daha sonra məhkəmə növbəti prosesi 14 yanvar saat 14:30-a təyin edib.

Xatırladaq  ki,hadisə 2025-ci il iyulun 3-ü səhər saatlarında Binəqədi rayonunun ərazisində baş baş verib. 1996-cı il təvəllüdlü Aslan Elgün oğlu Nuri yaşadığı evdə qətlə yetirilib. Aslan Nurinin qardaşı 1991-ci il təvəllüdlü Amin Nuri hadisədən sonra polis şöbəsinə gedərək qardaşını öldürdüyünü etiraf edərək könüllü təslim olub.

Onu da qeyd edək ki, Aslan Nuri azyaslı körpəsinin gözü qarşısında qətlə yetirilib.

Hadisədən sonra Amin Nuri qucagında qardaşının qana bulaşmış körpəsini uşağın anasına verərək qardaşını öldürdüyünü bildirərək könüllü polisə gedəcəyini deyib.

Hadisənin qardaşlar arasında mülk bölgüsü ilə bağlı olduğü bildirilib.

Hadisəni törətməkdə təqsirləndirilən Amin Nuri müharibə iştirakçısı və həmçinin zabit olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 356

Oxşar yazılar