Cənubi Amerikadan Avropaya oradan isə Azərbaycana tranzit yolla kokain gətirən dəstə üzvləri saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Xalid İsgəndərov, Xəyyam Əsədov və Elman Yusifov ələ keçiriliblər. Onlardan 1 kiloqrama yaxın yüksək təsiredici xassəyə malik kokain və 3284 ədəd ekstazi həbi aşkar olunub.
Həmin narkotiklərin Cənubi Amerika ölkələrindən Avropaya, oradan isə tranzit yolla Azərbaycan ərazisinə gətirildiyi müəyyən edilib.
Belə ki, beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olan “TIR” sürücüsü Elman Yusifovun bu işdə rolu narkotikləri ölkəyə keçirmək, Xəyyam Əsədovun vəzifəsi həmin narkotikləri sərhədyanı zonalardan götürərək Xalid İsgəndərova çatdırmaq, sonuncunun fəaliyyəti isə narkotik vasitə olan kokainin və ekstazi həblərinin Bakı şəhərində satışını təşkil etmək və əldə olunan “çirkli” pulları ölkə xaricinə çıxarmaq olub.
Araşdırmalar zamanı saxlanılan şəxslərin ölkə ərazisində kokain və ekstazinin əsas tədarükçülərindən olmaları müəyyən edilib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir.
Lent.az-ın əldə etdiyi məlumata görə, həmin şəxslər kokain və ekstazi həblərini Cənubi Amerika ölkəsi olan Kolumbiyadan gətiriblər.