Bakını ŞOKA SALAN OLAY:  Fəhləni armaturla döyüb öldürdü - HADİSƏ ANI
04 iyun 2024 20:15 (UTC +04:00)

Bakını ŞOKA SALAN OLAY: Fəhləni armaturla döyüb öldürdü - HADİSƏ ANI

CİNAYƏT İŞİ

Qısa arayış...

2023-cü il oktyabrın 25-də Bakının Sabunçu rayonu Zabrat qəsəbəsində dəhşətli qətl hadisəsi olur. 1988-ci il təvəllüdlü Adil Əsgərov münaqişə zamanı tanışı 1970-ci il təvəllüdlü Firdovsi Nəcəfovun baş nahiyəsinə dəmir parçası ilə xəsarətlər yetirərək onu öldürür. Bu barədə 15-ci Polis Bölməsindən Sabunçu rayon prokurorluğuna məlumat verilib.

Dərhal məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə yollanıb. Məlum olub ki, Çevik Polis Alayının əməkdaşları xidmətdə olarkən saat 17:10-da efir vasitəsilə təcili, Zabrat dairəsinə yaxınlaşmaları bildirilib. Deyilən yerə yaxınlaşanda “Louvre” şadlıq sarayının qarşısında bir nəfərin qana bulaşmış vəziyyətdə yerdə uzandığını görüblər. Cinayət törədən şəxsin marketdə olduğunu öyrənib, ora giriblər və əlində bıçaqla dayanan şəxsi zərərsizləşdirərək bölməyə gətiriblər.


 
Firdovsi Nəcəfovun meyiti Zabrat dairəsi yaxınlığında, asfalt üzərində aşkar edilib.
 
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Adil Əsgərov 1988-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub, 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-nin 149.2.1-ci (zorlama, bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə 8 il müddətə azadlıqdan məhrum olunub. 2020-ci ildə Xəzər rayon Məhkəməsinin qərarı ilə 1 il 3 ay əvvəl şərti, vaxtından əvvəl azad edilib.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, oktyabrın 25-i saat 16:50-də Zabrat qəsəbəsində Adil Əsgərovla Firdovsi Nəcəfovun arasında sözlü mübahisə baş verib. Ünvanına işlədilən nalayiq ifadədən hiddətlənən Əsgərov yerdən dəmir parçasını götürüb və Cəlil Cəlilov küçəsində yerləşən şadlıq sarayının qarşısında Nəcəfovun baş nahiyyəsinə qəddarlıqla zərbələr endirib. Nəticədə F. Nəcəfov yerindəcə ölüb.
 
İş üzrə dindirilmiş Adil Əsgərov bildirib ki, cəzaçəkmə müəssisəsindən azadlığa buraxılandan sonra Maştağa qəsəbəsində, nömrəsiz fərdi evdə tək yaşayıb. Son bir ay Zabrat qəsəbəsində fəhlə kimi çalışıb:

“Oktyabrın 25-də səhər Zabrat dairəsinə, fəhlələrin dayandığı yerə yollandım. Saat 17 radələrində acdığım üçün, yolun sağ tərəfində yerləşən qutab evinə keçdim. Mənimlə birgə fəhlə işləyən Firdovsi Nəcəfov da ora gəlib özü üçün qutab sifariş verəndə, çölə çıxdım. 1-2 dəqiqədən sonra Firdovsi yaxınlaşıb “hər gün işləyirsən, işləməyən bizik” ifadəsini işlədəndə ona, oğurluq etmədiyimi və işləyib çörək pulu qazandığımı dedim. Bu zəmində aramızda mübahisə başladı. Firdovsi məni söyərək, üzü şadlıq sarayına tərəf getdi.

Bərk əsəbiləşdiyimdən yerdən dəmir parçasını götürdüm və yolu keçərək, Firdovsiyə yaxınlaşdım. Amma ona əlindəki küt alətlə yox, başımla alnından bir dəfə zərbə endirdim. Zərbədən Firdovsi yerə yıxılıb uzanıqlı vəziyyətdə olarkən onun baş nahiyəsinə təpiklə 2 dəfə zərbə vurdum. Firdovsinin başından qan gəlməyə başladı. Dərhal yaxınlıqda olan polis əməkdaşları yaxınlaşaraq, məni xidməti avtomobilə otuzdurdular və 15-ci bölməyə apardılar. Bölmədə polislərə dedim ki, Nəcəfov mənim ailə üzvlərimi söydüyü üçün qəzəbləndim. Zərbələr vuranda, Firdovsinin mənə cavab qaytarmağa imkanı yox idi”.


 
Zərərçəkmiş şəxsin hüquqi varisi Niyaməddin Nəcəfov ifadəsində göstərib ki, anası ilə birlikdə Goranboy rayonun Qarasüleymanlı kəndində yaşayır:

“Firdovsi Nəcəfov atamdır. Ailədaxili münasibətlərin pozulması səbəbindən anam ilə atam məhkəmə yolu ilə boşanıblar. Atam uzun müddət Zabrat qəsəbəsində köhnə zavod ərazisində yaşayıb fəhləlik edərək, özünün maddi ehtiyaclarını qarşılayırdı. 2-3 aydan bir rayona evimizə gəlirdi, ara-bir telefonla danışırdıq. Oktyabrın 25-də səhər onunla zəngləşib, danışdıq. Həmin vaxt atam kiminləsə problemi və ya ədavəti olması barədə heç nə deməmişdi. Axşam anam mənə zəng edərək, atamın öldüyünü xəbər verdi. Buna görə, aviabilet alaraq Rusiyadan Azərbaycana qayıtdım.

Atamı vəhşicəsinə öldürən Adil Əsgərovu heç vaxt görməmişəm”.


 
Şahid Zaur Sultanov ifadəsində göstərib ki, Zabrat dairəsi yaxınlığında kafe işlədir: 

“İşlətdiyim kafenin yaxınlığında iş axtarmaq üçün daima fəhlələr dayanır. Oktyabrın 25-i saat 17 radələrində kafenin yaxınlığında Adil Əsgərovun Firdovsi Nəcəfovla mübahisə etdiklərini görsəm də, buna əhəmiyyət vermədim. Bundan 1-2 dəqiqə sonra Adilin əlində küt alətlə Firdovsinin arxasınca, şadlıq sarayı istiqamətində qaçmasının şahidi oldum. Onlar yolu keçib, qaçdıqları vaxt hərəkətdə olan avtomobillər siqnal verərək, dayandılar. Maşınların sıxlığından, hadisənin hansı şəraidə baş verməsini görə bilmədim. 

Sonra hadisə yerinə polis əməkdaşları gəldilər, ora yaxınlaşanda Firdovsinin baş nayihəsindən xəsarət aldığını və yerdə, hərəkətsiz vəziyyətdə qaldığını gördüm. Əlavə edə bilərəm ki, Firdovsini sakit təbiətli, zəhmətkeş, Adili isə davaya meylli şəxs kimi tanıyırdım”.


 
Məhkəmə prosesində Adil Əsgərov ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərib ki, az miqdarda spirtli içki qəbul etdiyindən yüngül dərəcəli sərxoş olub. Firdovsi nalayiq ifadələr işlətdiyindən cəzalandırmaq məqsədi ilə ona başı və ayağı ilə zərbələr vurub. Hər hansı dəmir və ya taxta parçasından istifadə etməyib. Belə olan təqdirdə məhkəmə zalında, ona hadisə zamanı qeydə alınan videogörüntü nümayiş etdirilib. İfadəsinin sonunda o, məhkəmədən əməlinin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilməsini xahiş edib.
 
Dövlət ittihamçısı Adil Əsgərova 20 il cəza təyin edilməsini xahiş edib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ömürlük cəza təyin edilməsini istəyib.


 
Müdafiə tərəfi hadisənin baş verməsinə guya zərərçəkmiş şəxsin nalayiq ifadələr işlətməsinin səbəb olmasını, Adil Əsgərovun küt alətlə deyil, yalnız başı ilə və təpiklə zərbələr endirdiyini, habelə onun Firdovsi Nəcəfovu öldürmək niyyətinin olmadığını göstərib. Halbuki, məhkəmədə tədqiq edilmiş sübutlarla, o cümlədən videogörüntü ilə müəyyən edilib ki, zərərçəkmiş özünü qorumağa çalışıb, aman diləsə də, Əsgərov, əsaslı səbəb olmadan zərərçəkmişin baş nahiyyəsinə dəmir parçası ilə zərbələr endirib. Yerdə, hərəkətsiz qalmasına baxmayaraq, yenidən həmin alətlə, sonra isə ayağı ilə zərbələr vuraraq, Nəcəfovu qətlə yetirib.
 
Məhkəmə qənaətə gəlib ki, Adil Əsgərovun əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə düzgün tövsif edilib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Adil Əsgərov 19 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11718
avatar

Oxşar yazılar