Bakıda arvadını boğub öldürən  kişi: "Qayınatamgil məni saymırdılar"
12 dekabr 2025 16:04 (UTC +04:00)

Bakıda arvadını boğub öldürən kişi: "Qayınatamgil məni saymırdılar"

0

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını boğaraq öldürməkdə təqsirləndirilən Ziyəddin Quliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən proses dövlət ittihamçısının təqsirləndirilən şəxsə sualları ilə davam edib. Z. Quliyev ilkin istintaqda verdiyi ifadədə bəzi məqamların doğru qeyd olunmadığını deyib:

"Mən işsizlik səbəbindən Rusiyaya getdim. İstəyirdim maddi durumumu düzəldib ailəmi də yanıma gətirim. Sonra arvadım Aysellə bağlı qulağıma bəzi xoşagəlməz söhbətlər çatdı. Zəng etdim ki, get atanın evinə, balaca uşaq da qalsın səndə. Amma telefonumu götür nə problemin olsa zəng elə, yanında olacam. Hadisə günü qayınanamdan zəng gəldi. Mənim yanımda danışmaq istəmirdi, dedim səsliyə qoy, görək anan nə deyir. Onu boğanda əl-qol atdı, şüşə sındı. Səsə oğlum qalxıb gələndə dedim ki, anan xəstələnib, titrəyir. Sonra qışqırdım ki, getsin buradan. O da qorxub qaçaraq yorğanın altında gizləndi. Mən onu öldürmək istəmirdim. Əməlimdən peşmanam. Onlar (Ayselin atasını göstərir) ata-anamın mənə soyuqluğundan istifadə edib məni həmişə aşağılayırdılar, saymırdılar".

Zərərçəkənin hüquqi varisi Elşən Qurbanov həmin gün qudasının ona zəng edərək "gəl qızın ölüb" dediyini bildirib:

Morqa getdim, qızımı götürüb dəfn elədim. Uşaqları götürüb onu atalıqdan məhrum edəcəm".

Növbəti proses 23 yanvar saat 10:00-a təyin olunub.

Xatırladaq ki, Z.Quliyev 2025-ci ilin aprelin 20-də Bakının Əhmədli qəsəbəsində ailə münaqişəsi zəminində həyat yoldaşı 25 yaşlı Aysel Qurbanovanı elektrik naqili ilə boğaraq öldürməkdə ittiham olunur.

O, hadisədən sonra könüllü polisə təslim olunub.

Z.Quliyev barəsində Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu (qəsdən adamöldürmə xüsusi amansızlıqla törədildikdə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 362

Oxşar yazılar