Bakıda ad günü QANLA BİTDİ:  "işverən" sözünə görə dostunu öldürdü
22 iyul 2024 20:15 (UTC +04:00)

Bakıda ad günü QANLA BİTDİ: "işverən" sözünə görə dostunu öldürdü

CİNAYƏT İŞİ

Qısa arayış...

2023-cü il martın 9-da Bakının Qaradağ rayonu Müşfiqabad qəsəbəsində 1996-cı il təvəllüdlü Elbrus Orucov bıçaqlanaraq, öldürülür. Bu barədə onun dayısı Hafiz Mehtiyev Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verib.
 
Məlumatla əlaqədar prokurorluq və polis əməkdaşları hadisə yerinə baxış keçiriblər. Məlum olub ki, hadisə Müşfiqabad qəsəbəsində, 7-ci və 10 -cu binaların arasındakı yolda baş verib. Ayın 10-u gecə saat 1:45-də Ağdam rayon sakini 1987-ci il təvəllüdlü Mehman Məmmədov könüllü 10-cu Polis Bölməsinə gələrək, təslim olub. 
 
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, martın 9-da Müşfiqabad qəsəbəsində yerləşən kafedə keçirilən ad günü məclisi qurtarandan sonra Mehman Məmmədov tanışları Elbrus Orucov, Nicat Baxışov, Samir İbişov və Sadıq Cavadovla birlikdə ordan çıxaraq, yaşadıqları binaların qarşısına gəliblər. Hamı avtomobildən çıxsa da, Elbrus Orucov düşməyərək, ona sözü olduğunu bildirib.

Elbrus Mehmana 2 gün əvvəl, adları çəkilən ortaq tanışlarının narkotik vasitə istifadə edib-etməmələri ilə bağlı polis əməkdaşları tərəfindən sahə məntəqəsinə aparılıb, sorğu-sual edildiklərini və onun adının qəsəbədə “polislərin xəbərçisi” kimi hallandırıldığını deyib. Mehman Elbrusun sözlərinə etirazını bildirərək, buna aydınlıq gətirməsini tələb edib. Avtomobildən düşüb, mübahisələrini davam etdirərkən Məmmədov Orucovun çiyin, boyun və sinə nahiyyələrinə çoxsaylı bıçaq zərbələri endirib. Nəticədə E. Qocayev ölüb.


 
Məhkəmə iclasında Mehman Məmmədov ittiham üzrə özünü qismən təqsirli bilib. Martın 9-da dostu Ramil uşağının ad günü münasibəti ilə Bakı-Şamaxı yolunda yerləşən kafedə məclis təşkil edib:

“Ora atama məxsus “VAZ 2106” markalı avtomobillə getmişdim. Kafeyə daxil olanda tanışlarım Sənan, Elbrus, Əfqan, Sadiq, Samir, Nicat və digərlərinin artıq masa arxasında əyləşdiklərini gördüm. Ümümilikdə 2-3 qədəh araq içmişdim. Yığıncaq qurtarandan sonra tanışlarıma dedim ki, kimin maşını yoxdursa gəlib, avtomobilimə əyləşsin. 5 dəqiqə gedəndən sonra məhəlləyə, 7-ci və 10-cu binaların arasına çatdıq. Sadiq, Samir və Nicat çıxdılar. Elbrus “ayın 7-də biz tutulanda, polislərə bu barədə sən xəbər vermisən” dedi. Cavab olaraq ona etirazımı bildirib, “bunu mən deməmişəm, deyənlər deyir” söylədim. Mübahisə etməyə başlayanda Elbrusun əlində bıçaq gördüm. Bizə yaxınlaşan Nicat tez bıçağı Elbrusun əlindən aldı. Salonda saxladığım bıçağı götürüb, maşından çıxdım. Nicat mənim əlimdən də bıçağı almağa çalışsa da, ona vermədim.

Məni söyən Elbrusun qoluna tərəf zərbə vurdum, lakin bıçağın onun hansı nahiyəsinə batdığını bilmədim. Nicat bizi ayırdı və Elbrusu arxaya itələyərək, binaya tərəf getməsini bildirdi. Sonra evə qalxıb, anama Elbrusa bıçaqla vurduğumu deyib. Sonra anamı götürüb, “Qobu park” kompleksində yaşayan xalamın evinə yollandım. Yolda dostum Tural mənə zəng edərək, Elbrusun öldüyünü xəbər verdi. Bir bıçaq zərbəsi nəticəsində adamın ölməsinə inanmadığımı dedim. Xalamoğluna hadisəni danışdım və sonra bölməyə gedərək, təslim oldum”.


 
Zərərçəkmiş şəxsin hüquqi varisi Gülbəniz Orucova ifadəsində göstərib ki, martın 9-da oğlu Elbrus ad gününə gedəcəyini deyib:

“Axşam qaynımın oğlu Seymur Elbrusu gətirdiyini, onun içkili və yolda yıxıldığını bildirdi. Oğlumun huşu özündə deyildi, onu divana uzatdıq. Sonra qonşular gəldilər, telefonuma zəng edən qardaşıma söylədim ki, təcili bizə gəlsin, Elbrusun halı yaxşı deyil. Bir neçə dəqiqədən sonra oğlum öldü. Sonradan bildim ki, Elbrus məhəllədə polisə xəbərçilik etmək məsələsi ilə bağlı Mehmanla mübahisə edib və Mehman oğlumu bıçaqlayıb”.


 
Şahid Nicat Baxışov bildirib ki, həmin axşam maşından düşüb, bir az uzaqlaşan kimi səs-küy eşidib:

“Çevriləndə, Elbrusla Mehmanın mübahisə edib, bir-birilərini söydüklərini gördüm. Yaxınlaşıb Elbrusun əlindən balaca bıçağı alıb kənara tulladım. Sonra onu qucaqlayıb, marketə tərəf apardım və tapşırdım ki, orda dayansın. Mehmanın yanına qayıdanda gördüm ki, Elbrus söyüş söyə-söyə arxamca gəlir. Mehman avtomobildən bıçaq götürdü. Onun əlindən tutub, and-aman etdim ki, bıçağı buraxsın. Növbəti söyüşlərə dözməyən Mehman məni kənara çəkib Elbrusa zərbə vurdu. Onları ayırandan sonra, evə getdim. Bir neçə saatdan sonra məhəllədə polis əməkdaşlarını görüb aşağı düşdüm və Elbrusun öldüyünü öyrəndim”.


 
Şahid Seymur Orucov ifadəsində göstərib ki, martın 9-i saat 21:50-də evdə olanda qəsəbədə yaşayan Sadıq Cavadov zəng edərək “7-ci binanın blokunun girişində bir qohumu Elbrusun uzanıb qaldığını, içkili olduğunu və gedib, onu evə aparmasını” deyib:

“Yaxınlıqda dayanan taksi sürücülərindən birinə Elbrusu ordan götürüb, evinə aparmaqda mənə köməklik etməsini xahiş etdim. Onu arxa oturacağa uzatdıq və əmim oğlunun yaşadığı binanın qarşısına gəldik. Elbrusgilin qapısını döyüb, anasına “oğlunun sərxoş olduğunu” dedim. Sadiqlə köməkləşib, onu maşından düşürtdük və içəri aparıb, divana uzatdıq. Paltarlarını çıxaranda, sinəsində xəsarət olduğunu gördük, amma onun nəyin təsirindən əmələ gəldiyini bilmədik. Anası oğlunun üzünə sillə vuraraq “niyə bu qədər araq içdiyini, niyə bu hala düşdüyünü?” soruşdu. Kiminlə dalaşdığını soruşanda, Elbrus mənə “ölmək” istəmədiyini söylədi, başqa heç nə söyləmədi. Təcili Yardıma zəng etdik. 10-15 dəqiqədən sonra Elbrusun öldüyünü gördük”.


 
Şahid qismində dindirilmiş 10-cu Polis Bölməsinin sahə rəisi Emin Quliyev ifadəsində göstərib ki, Mehman Məmmədovu və Elbrus Orucovu Muşfiqabad qəsəbəsinin sakinləri kimi tanıyıb:

“Martın 9-u saat 22:30-da evdə olanda Qaradağ rayon Polis İdarəsinin növbətçi hissəsindən mənə Elbrus Orucovun öldürülməsi barədə məlumat verildi. Əraziyə çalandan sonra RPİ əməkdaşlarından öyrəndim ki, Elbrusu Mehman Məmmədov bıçaqlayıb və hazırda o, axtarışdadır. Gecə saat 2 radələrində Məmmədov könüllü 10-cu bölməyə gələrək, törətdiyi əməlini etiraf etdi”.


 
Məhkəmə nəticəyə gəlib ki, ibtidai istintaq orqanı tərəfindən Mehman Məmmədovun əməli Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün tövsif edilib. Məhkəmə, onun könüllü gəlib, əməlini etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alıb. Odur ki, Məmmədova həmin maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. 
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Məmmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7992
avatar

Oxşar yazılar

16 yaşlı azərbaycanlı oğlan anasının sevgilisini  öldürdü

16 yaşlı azərbaycanlı oğlan anasının sevgilisini öldürdü

14 dekabr 2024 , 16:15
Toyda qətl törədənə 18 il CƏZA

Toyda qətl törədənə 18 il CƏZA

13 dekabr 2024 , 17:40
Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

13 dekabr 2024 , 17:36
Polis dostunu güllələyib öldürdü

Polis dostunu güllələyib öldürdü

13 dekabr 2024 , 15:52
Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

13 dekabr 2024 , 15:26
8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

13 dekabr 2024 , 13:16
Bakıda narkokuryerlər tutuldu - VİDEO

Bakıda narkokuryerlər tutuldu - VİDEO

13 dekabr 2024 , 10:35
Arvadını öldürüb intihara cəhd etdi

Arvadını öldürüb intihara cəhd etdi

12 dekabr 2024 , 15:45