Gözlənilən döyüş, ağladan əmr: “Batalyoooon! Hücumaaaaaa!” - XATİRƏ
15 mart 2013 16:58 (UTC +04:00)

Gözlənilən döyüş, ağladan əmr: “Batalyoooon! Hücumaaaaaa!” - XATİRƏ

Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, amma gündəliklərlə bağlı baş verən bir neçə xoşagəlməz hadisələr bu işdən daşındırıb məni. O günlər elə hey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqin yaddaşın elə qatları var ki, orda yaşayan xatirələr mütləq yazılmalıdır. Həyat əsl gündəlikdir, nə vaxt yazılırsa yazılsın... Elə məqamlar var ki, onlar heç vaxt unudulmur.

 

Digər tərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdə qəhrəmancasına şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsində sağ qalan insanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilk illərində yaşadığımız keşməkeşli günləri, ələlxüsus da torpaqlarımızın erməni işğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə milli ordunun yaranması prosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım. Əlbəttə, mən əsasən 1991-1993-cü illərdə gördüklərimi, çox nadir hallarda isə 3-4 mənbədən təsdiqini tapan eşitdiyim hadisələri qələmə alacam...

 

Bu da mənim bir vaxtlar yazmaq istəyib yaza bilmədiyim bir gündəliyin bir səhifəsi. İndi bu səhifənin bəzi yerləri o qədər pozulub ki, oxunmaz hala gəlib. Amma hələ gec deyil, nə qədər ki, biz - bu qanlı səhnənin gerçək şahidləri varıq, bu səhifələri bir yerə toplayıb o günlərin xatirəsini əbədiləşdirməliyik. Tamamilə oxunmaz hala gəlmədən...

 

Gecə geri qayıtmaq üçün yola düzəldik, səhərə yaxın ermənilərlə təmas xəttini keçib batalyonumuza qayıtdıq. Elə Qaralar kəndində də Şirin Mirzəyevə ətraflı məlumat verdik. Xəritələr tərtib etdik. Hazır xəritələrdə qeydlər etdik...

 

21-ci yazı

 

Şirin Mirzəyevin durbini

 

Sonuncu kəşfiyyat əməliyyatı zamanı Qırımxan Hidayət İbrahimovdan borc götürdüyümüz durbini sıldırım qayadan keçərkən əlindən salıb zədələmişdi. Durbinin üstündəki qara plastik qat çatlasa da, görməyə əngəl yaratmırdı.

 

Həmin gün Qaralarda bir neçə jurnalist də var idi. Şirin Mirzəyevlə danışandan sonra şəkil çəkmək istədilər. Ş.Mirzəyev bizi də şəkil çəkməyə dəvət etdi. İdris kişi, Azad Musayev və Qırımxan şəkil çəkdirdi, mənsə durbinin zədələnməsindən məyus olmuşdum, ona görə də şəkil çəkdirmədim.

 

Bunu görən Şirin Mirzəyev batalyon yaranandan özündə olan durbini boynundan çıxarıb, mənim boynuma taxdı. Kefim kökəlmişdi, amma artıq fotoqraflar getmişdi. İndi o şəkillərə baxanda bu hadisə yadıma düşür. Durbin müharibə boyu məndə qaldı. İndi o durbini əziz bir xatirə kimi saxlayıram.

 

Batalyonda toy...

 

Batalyonumuzda Ağdamın Qiyaslı kəndindən Müstəcəb adlı əsgər var idi. Müstəcəb batalyonun rabitə avtomobilinin sürücüsü idi. Rabitəçi qızlardan Sima ilə bir-birlərini sevirdilər. Evlənmək qərarına gəlmişdilər.

 

İndi tarixini xatırlamıram, amma kadrlara baxanda yaz olduğu görünür. Şirin Mirzəyev başda olmaqla batalyonumuzun komandir heyəti və bəyə yaxın əsgərlərlə o toyda iştirak etdik. Maraqlı toy idi. Doyunca oynadıq... Batalyonun yarandığı bu səkkiz-doqquz ayda o qədər qan-qada görmüşdük ki, xeyli vaxtdan sonra əməlli-başlı şənləndik.

 

İndi o toyun kadrlarına baxdıqca yenidən həmin günlərə qayıdıram... Yarıdan çoxu şəhid olub o kadrlardakı adamların! Şirin Mirzəyev, Fəxrəddin Rəcəbov, Allahverdi Qəmbərov, Kərim Cəlilov, Telman Bağırov, Natiq Camalov, Rafiq Kərimov (Çantos), Hidayət İbrahimov, Allahyar, Həsən Mirzəyev, Rauf Fərəcov, Mübariz Mirzəyev, Şəfa Edilov, Yavər Əsəd, Umudvar və adını unutduğum daha bir neçə nəfər...

 

Kimsə bu arada kadrları tarixləşdirən operator Şakirə deyir ki, “Ayə, bu döyüşən oğlanları da bir çək!” Kameranın obyektivi çevrilir döyüşçülərin yenicə oturduğu stola tərəf. Burada əsasən kəşfiyyatçılar və minaatanlar əyləşib:

 

Sağ tərəfdən Bəxtiyar, (Maykl) Bəhruz Camalov, Şamil Əbilov, növbəti əsgərin adını unutmuşam, Fəxrəddin Abışov, Qırımxan Novruzov... Qırımxandan sonrakı əsgəri tam görə bilmirəm, kimdir, tanıya bilmirəm. O tanımadığım əsgərdən sonrakı mənəm, məndən sonrakı isə Ziyad Əliyevdir. Ziyaddan sonrakı Faxıdır - Faxrəddin Məmmədov. Faxı ayaq üstə boş stəkanla sağlıq deyir, deyəsən... Mən də ona dəstək verirəm. Soldakı cərgədən “məni yox, bunları çək” jestini edən isə Elşəndir. Elşəndən sonrakı Sadıqdır. Nədənsə həmişə o mənim yadıma “Don Kixot”u salırdı və buna görə də ona “Sanço” deyirdik... Amma heç vaxt inciməzdi bu zarafatımızdan.

 

Sançodan sonrakı əsgərin də adını unutmuşam. Ondan sonrakı Heydərağadır. Heydərağa minaatanlar dəstəsinin təchizatçısı idi. Heydərağadan xeyli o tərəfdə oturanların da adını xatırlamıram... Bu toydan sonra bizi olduqca ağır bir döyüş gözləyirdi.

 

“...yerindəcə GÜLLƏLƏNSİN!”

 

Yenicə yaradılan Azərbaycan ordusunda ruh yüksəkliyi yetərincə olsa da, xeyli ciddi  problemlər var idi. O problemlərin bəzilərini həllinə nail olmaq üçün hələ 1992-ci il may ayının 14-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 153 saylı əmri var idi. Həm əmrdə aydınca yazılmışdı ki, döyüş əməliyyatlarını pozan, onun yerinə yetirilməsinə maneçilik törədən, verilən tapşırığı yerinə yetirməyən hər bir şəxs tutduğu vəzifəsindən asılı olmayaraq, yerindəcə GÜLLƏLƏNSİN.

 

Bizimlə tanış edilən, sol tərəfdən yuxarısına “Məxfi” yazılmış həmin əmrin surətində son tələb bax beləcə böyük hərflərlə yazılmışdı: “ GÜLLƏLƏNSİN”. Bütün  döyüş əməliyyatlarında briqada və alay komandirləri öz qərarlarında bu əmrə istinad edirdilər.

 

Bu gün Şirin Mirzəyevlə, onun yaratdığı hərbi hissə ilə, bu hərbi hissənin həyata keçirdiyi əməliyyatlarla bağlı xeyli sənədlər, yazışmalar var ki, hələlik onların çapı, yayılması hərbi baxımdan düzgün deyil. Amma Azərbaycanın hərbi jurnalisti İbrahim İbadoğlunun Şirin Mirzəyev haqqında qələmə aldığı, 1995-ci ildə nəşr edilən “Sərkərdə” kitabında indi sizə təqdim etdiyimiz döyüş əməliyyatı ilə bağlı əmrlər və o əmrlərdən hissələr verilib. Artıq 1992-ci ilin aprelindən alay komandiri təyin edilmiş Şirin Mirzəyevin iyun ayının əvvəlində imzaladığı əmrlərdən birində yazılırdı:

 

“Erməni quldur dəstələri Azərbaycan torpağını zəbt etmək məqsədiylə Qazançı, Sırxavənd və Hayad kəndlərində əlverişli, hündür mövqelərə yiyələnərək Yeni Qaralar, Əliağalı və başqa kəndlərə tez-tez hücum edirlər. Hal-hazırda erməni quldur dəstələri canlı qüvvəni və texnikanı Xaçınçay körpüsü ilə keçirib sərhəd zonada (Təmas xətti nəzərdə tutulur - R.K.) toplayaraq Vəng, Əliağalı, Qızıl Kəngərli istiqamətlərində güclü hücuma hazırlaşırlar.

 

Onun ehtiyat qüvvələrinin Manikli, Araçadzor, Çıldıran, Canyataq və Yeni Nüvəguh istiqamətlərində gəlməsi gözlənilir.

 

Yerli dinc əhalinin müdafiəsi üçün, kənlərin daim atəşə tutulmasının qarşısını almaq, erməni canlı qüvvələrinin və hərbi texnikasının cənub tərəfdən şimal istiqamətində toplanmasının qarşısını almaq məqsədi ilə ƏMR EDİRƏM

 

  1. Yerli ərazi özünü müdafiə alayı yolayrıcı Xaçın çayının şimal qolu “A” mövqeyindən Yeni Qaralar, Kiçan istiqamətində hücum etsin.
  2. İlkin tapşırıq: Qazançı, Sırxavənd, Kiçan və Hayad istiqamətlərində düşmən qüvvələrini məhv etsin və saat 07.00, 11.06.1992-ci il tarixdə “A”, “B”, “V”, “Q” hündürlüklərini “Ğ”, “D” dəmir-beton körpüsünü ələ keçirib müdafiə mövqeyi yaratsın.

Güclü müdafiə mövqeyi yaradaraq düşmənin müdafiə xəttini Vəng-Canyataq, Xocalı-Sırxavənd, Çıldıran-Əliağalı istiqamətlərində yarmağına imkan verməsin.

     15. Əməliyyatı pozan, onun yerinə yetirilməsinə maneçilik törədən, verilən tapşırığı yerinə yetirməyən hər bir şəxs tutduğu vəzifəsindən asılı olmayaraq Müdafiə nazirinin 14 may 1992-ci il tarixli, 153 saylı əmri əsasında yerindəcə GÜLLƏLƏNSİN.”

 

“Zarevo”dan sonra...

 

Bu əmr o zaman imzalanmışdı ki, Qarabağın bütün cəbhələri üzrə çox ciddi əməliyyatlar gözlənilirdi. O əməliyyatlardan birini, daha doğrusu, bir istiqamətdə aparılacaq döyüşləri Şirin Mirzəyevə və onun rəhbərlik etdiyi hərbi hissəyə tapşırmışdılar. Biz Xaçın çayı boyu hücuma keçərkən sağ və sol cinahlarımızda da Ağdam və Ağdərə istiqamətindəki digər hərbi hissələr hərəkətə başlamalıydılar. Çünki sağ və sol cinahlarımızda ermənilər idi. Biz orta ilə əməliyyatı uğurla başa vursaq, yəni 5-6 kilometr irəliləyib düşmənin mövqeyini ələ keçirsək, sağ və sol tərəf ləngisə mühasirəyə düşə bilərdik...

 

Əvvəlcədən hazırlanıb təsdiq olunmuş palana görə, biz Ağdərə rayonunun Kiçan kəndi istiqamətində əməliyyata, səhv etmirəmsə, iyunun 11-də gecə başlamalıydıq. Şirin Mirəzyevin “Zarevo” komandasından sonra Qazançının üstündəki Sarı qaznaqda mövqe tutan dəstələrimiz hərəkə keçməliydi.

 

Amma bu alınmadı. Gecə əməliyyatdan bir qədər əvvəl Sarı qaznaq istiqamətində  Baxşeyişgilin olduğu dəstə tərəfinə erməni qüvvələri cəmləşmişdi. İndi yaddaşımda dumanlı qalan o hadisənin tam təfərrüatıyla xatırlamıram.

 

Bildiyim odu ki, əməliyyat gecə başlamadı. Həmin istiqamətdə nəsə baş vermişdi. Gecə ərazidəki bütün qüvvələrimiz dincəldi. Səhər saatlarında Şirin Mirzəyev bütün komandirləri Əliağalı kəndində toplayıb, son tapşırıqlarını verdi.

 

Gündüz saat təxminən 13-14 radələrində biz Xaçın çayının yatağı boyu üzü Kiçan istiqamətində mövqe tutub dayanmışdıq. Artilleriya bizim kəşfiyyat dəstəsinin verdiyi koordinatlar üzrə atəş açmağa başladı...Yer-göy lərzəyə gəldi. Neçə vaxt idi ki, bu hücuma hazırlaşırdıq. Həm kəşfiyyat, minaatanlarımız, istehkamçılarımız, həm də digər dəstələrimiz bu əməliyyata çox ciddi hazırlaşmışdılar. Onu da qeyd edim ki, elə bizim kəşfiyyat dəstəsi bu əməliyyatla bağlı təxminən 10-12 kəşfiyyat tapşırığı həyata keçirmişdi. Bütün batalyon psixoloji baxımdan bu döyüşə hazır idi. Artilleriya hazırlığından sonra bir anlıq sakitlik çökdü. Hamı səsini içinə çəkib, həyəcanla bundan sonra nə olacağını gözləyirdi.

 

Birdən istifadəsində olan “UAZ” markalı avtomobilin səsgücləndiricisindən Şirin Mirzəyevin amiranə səsi gəldi:

 

- BATALYOOOON! HÜCUMAAAAAA!

 

Səs qulağımdan beynimə, ürəyimə, iliyimə işlədi. Ardınca tanklar nərildədi, tırıldadı, ləngər vurub, yerindən irəli sıçradı.

 

Mən ağladım...

 

(Ardı var)

 

[email protected]

 

Qeyd: Ötən yazıda haqqında yazdığım kəşfiyyat əməliyyatında bizimlə Azad Musayev də iştirak etmişdi.

 

 

Fotodakılar: Soldan-sağa ön cərgədə kəşfiyyatçılar Azad Musayev, Qırımxan Novruzov, İdris Hümbətov. Sağdan lap arxadakı (başında tankçı şlemi var) məşhur tankçı Həsəndir. 

 

Foto İbrahim İbadoğlunun 1995-ci ildə nəşr edilmiş "Sərkərdə" kitabından götürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6237
avatar

Rey Kərimoğlu

Oxşar yazılar