Vergilər Nazirliyi fiziki şəxslərlə bağlı qaydaları təsdiqlədi
11 aprel 2013 12:36 (UTC +04:00)

Vergilər Nazirliyi fiziki şəxslərlə bağlı qaydaları təsdiqlədi

Vergilər Nazirliyinin Kollegiyası “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nı təsdiqləyib.

Lent.az-ın verdiyi məlumata görə, vergi orqanında uçota alınmaq üçün fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən vergi orqanına Vergi Məcəlləsinə əsasən forması Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş “Fiziki şəxsin vergi uçotu haqqında ərizə”  verilir.

 

Ərizə fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur. Ərizədə göstərilənlərin düzgünlüyünə fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi cavabdehdir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün  olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan  Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər. Fiziki şəxsi vergi orqanlarında vergi uçotuna alınma, yenidən uçota alınma və uçotdan çıxarılma məsələlərində notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında  səlahiyyət verilmiş şəxs təmsil edə bilər. Vergi uçotuna alınma, yenidən uçota alınma, uçotdan çıxarılma, habelə uçot  məlumatlarında dəyişiklik edilmə barədə təqdim edilən ərizənin forması və onların  doldurulması qaydaları, vergi ödəyicilərinin vergi orqanında uçota alınmasını təsdiq edən şəhadətnamənin forması Vergilər Nazirliyi tərəfindən müəyyən edilir.

 

Bu Qaydaların məqsədləri üçün vergi orqanına təqdim edilən ərizələr yalnız  fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalana bilər. Ərizəni qəbul  edən vergi orqanı əməkdaşı onun yalnız buna səlahiyyəti olan şəxs tərəfindən təqdim olunduğunu müəyyən etdikdən sonra bu Qaydalarda göstərilən tədbirlərin yerinə yetirilməsini təmin etməlidir. Ərizələrin qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyət verilməyən  şəxslərdən, yaxud uçota dayanmaq istəyən şəxsin qohumlarından (ailə üzvlərindən) qəbul edilməsinə yol verilmir. Eyni tələblərə vergi orqanı tərəfindən hazırlanmış sənədlərin “Vergi ödəyicilərinin uçotuna dair sənədlərin vergi ödəyicisinə təqdim  edilməsi kitabı”nda imza edilməklə verilməsi zamanı da əməl edilməlidir.

 

“Fiziki şəxsin vergi uçotu haqqında ərizə”yə uçota dayanmaq istəyən fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi) surəti əlavə edilir. Vergi şəhadətnaməsində fiziki şəxsin şəkilinin yerləşdirilməsi Daxili İşlər Nazirliyinin və Dövlət Miqrasiya  Xidmətinin informasiya sistemindən vətəndaşların fotoşəkillərinin proqram təminatına  avtomatik ötürülməsi yolu ilə həyata keçirilir. Daxili İşlər  Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin informasiya sistemindən vətəndaşların fotoşəkillərinin proqram təminatına avtomatik ötürülməsi  texniki səbəblərdən mümkün olmadıqda, fiziki şəxsdən 25X30 mm ölçüdə 2 ədəd rəngli  fotoşəkil alınır. Kağız daşıyıcısında ərizələrin vergi orqanına təqdim edilməsi bilavasitə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə həyata keçirilir.

 

Poçt vasitəsilə daxil olmuş və qeydiyyata alınmış ərizələrin düzgünlüyünün yoxlanılması, orada qeyd edilən məlumatların (rekvizitlərin)proqram təminatına tam şəkildə işlənilməsi Qeydiyyat bölməsi tərəfindən həyata keçirilir. Müraciət edən şəxs kağız daşıyıcısında ərizəni bilavasitə vergi orqanına təqdim etdikdə, ərizəni qəbul edən vergi orqanı əməkdaşı tərəfindən ona müraciətin qəbul edilməsi haqqında müvafiq bildiriş verilir. Bildirişdə müraciətin vergi orqanındakı kargüzarlıq (qeydiyyat) nömrəsi və müraciətə baxılmanın nəticələri barədə sənədin vergi orqanından götürülməsi tarixi göstərilir. Bildiriş müraciəti qəbul edən vergi orqanı əməkdaşı tərəfindən imzalanır. Vergi uçotuna alınmış fiziki şəxsə 5 gün ərzində bu barədə məlumat verilir. Vergi şəhadətnaməsi uçota alınmış fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən “Vergi ödəyicilərinin uçotuna dair sənədlərin vergi ödəyicisinə təqdim edilməsi kitabı” imzalandıqdan sonra təqdim edilir. Vergi şəhadətnaməsi ilə birgə vergi orqanı əməkdaşı tərəfindən fiziki şəxsə və ya onun səlahiyyətli nümayəndəsinə vergi qanunvericiliyi, bəyannamə formaları və onların doldurulması qaydaları, vergi öhdəlikləri və vergi məsuliyyəti barədə müvafiq məlumatlar və bukletlərdən ibarət sənəd dəsti, habelə Dövlət Statistika Komitəsinin, Dövlət Sosial Müdafiə Fondunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət  Məşğulluq Xidmətinin müvafiq strukturlarına təqdim edilməli olan hesabatlar haqqında xüsusi olaraq hazırlanmış icmal məlumat təqdim edilir

 

Vergi orqanında vergi uçotuna alınmış fiziki şəxsə və ya onun səlahiyyətli nümayəndəsinə sənədlər Vergilər Nazirliyinin müəyyən etdiyi xüsusi formada hazırlanmış “Sahibkarlıq subyektlərinin bir pəncərə prinsipi ilə qeydiyyatı” qovluğunda təqdim edilir. Bu müddəalar vergi orqanına “Fiziki şəxsin vergi uçotu haqqında ərizə”nin “ASAN” xidmət mərkəzləri vasitəsilə təqdim edilməsi hallarına da şamil edilir. Vergi orqanı vergi ödəyicisinin uçota alınmasını “Fiziki şəxsin vergi uçotu  haqqında ərizə” və Vergi Məcəlləsi ilə tələb edilən digər sənədlər vergi orqanına daxil  olduğu gündən sonrakı 2 gün müddətində həyata keçirməli və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnamə verməlidir. Vergi orqanı tərəfindən vergi şəhadətnaməsi fiziki şəxsə bir dəfə verilir və onda saxlanılır. Vergi şəhadətnaməsi itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin yazılı formada müraciəti əsasında 2 iş günündən gec olmayaraq şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində vergi şəhadətnaməsinin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. Fiziki şəxsin soyadı, adı və ya ünvanı dəyişdikdə, ona müraciəti əsasında yeni vergi şəhadətnaməsi verilir. Bu zaman əvvəlki vergi şəhadətnaməsi geri alınır.

 

Sənədlərin proqram təminatına işlənməsi ilə məşğul olan vergi orqanı əməkdaşı ərizə və ona əlavə edilən sənədlərin rekvizitlərinin proqram təminatına düzgün daxil edilməsinə görə məsuliyyət daşıyır. Bu işlərin yerinə yetirilməsi zamanı vergi orqanı əməkdaşı Vergi Məcəlləsinin tələblərinin pozulub-pozulmaması hallarını araşdırmalı, qəbul edilmiş ərizənin həmin Məcəllədə göstərilən müddətlərdə və ya bu müddətlərdən gec təqdim edildiyini müəyyənləşdirməlidir. Ərizə həmin müddətlərdən gec təqdim edilibsə, bu halda Vergi Məcəlləsinə uyğun olaraq maliyyə sanksiyasının tətbiq edilməsi üçün bu Qaydalarda müəyyən edilmiş hərəkətlər həyata keçirilir. Vergi uçotuna alınmaq üçün ərizələrin Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə görə maliyyə sanksiyasının tətbiqinin  rəsmiləşdirilməsi məqsədilə vergi orqanı əməkdaşı tərəfindən forması Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33.4-cü və ya 34.3-cü maddələrində göstərilən müddətdə müvafiq ərizənin və ya məlumatın verilməməsinin aşkar edilməsi barədə” akt tərtib edilməlidir.

 

Fiziki şəxslər www.e-taxes.gov.az İnternet Vergi İdarəsi portalında e-qeydiyyatdan keçməklə vergi uçotuna alına bilərlər. Bunun üçün fiziki şəxsin gücləndirilmiş elektron imzası və ya www.e-taxes.gov.az İnternet Vergi İdarəsi portalında istifadəçi kimi qeydiyyatdan keçməklə alınmış istifadəçi kodu, şifrə, parolu olmalıdır. Fiziki şəxsin e-qeydiyyatı www.e-taxes.gov.az İnternet Vergi İdarəsi portalının “Fərdi sahibkarların onlayn qeydiyyatı” bölməsi vasitəsilə aparılır. Bu məqsədlə fiziki şəxs qeyd edilən bölməyə istifadəçi kodu, şifrə, parolu daxil edir və elektron ərizə formasını dolduraraq qeydiyyatdan keçir. E-qeydiyyat zamanı fiziki şəxsin ünvanı şəxsiyyət vəsiqəsində göstərilmiş qeydiyyat məlumatlarına əsasən sistem tərəfindən avtomatik müəyyənləşdirilir və aidiyyəti vergi orqanında vergi uçotuna alınır.

 

Vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması fiziki şəxsin fəaliyyətinə xitam verildikdə, fiziki şəxs məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada  ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda, fiziki şəxs vəfat etdikdə  mümkündür. Fiziki şəxsin uçotunun ləğvi ilə bağlı proseslərə vergi orqanına daxil olmuş aşağıdakı məlumatlar əsasında başlanılır:

 

-  fiziki şəxsin fəaliyyətinə xitam verildikdə - onun və ya səlahiyyətli

nümayəndəsinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” formasında müraciəti əsasında;

- fiziki şəxs ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş

sayıldıqda - məhkəmənin müvafiq qərarı əsasında;

- fiziki şəxs vəfat etdikdə - ölüm haqqında şəhadətnamə əsasında

 

Sahibkarlıq fəaliyyətinə xitam verildikdən sonra yenidən sahibkarlıq fəaliyyətinə başlamaq istəyən fiziki şəxsin özü və ya onun səlahiyyətli nümayəndəsi vergi orqanına  “Fiziki şəxsin vergi uçotu haqqında ərizə” ilə müraciət etməlidir. Vergi orqanına bu barədə ərizə daxil olduqda 2 iş günü ərzində ləğv edilmiş kimi arxivləşdirilmiş VÖEN vergi ödəyicilərinin uçot məlumat bazasında bərpa olunur (aktivləşdirilir). Bu zaman fiziki şəxsə onun vergi orqanında uçota alınmasını təsdiq edən vergi şəhadətnaməsi təqdim edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2198
avatar

Oxşar yazılar