Azərbaycan ərazisi ilə yeni qaz kəmərinin çəkilməsi ilə əlaqədar Hacıqabuldan Azərbaycan-Gürcüstan sərhədinədək olan ərazidə əhalidən torpaq sahələrinin satın alınması və uzunmüddətli icarəyə götürülməsi nəzərdə tutulur.
«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycanda Cənubi Qafqaz Boru Kəmərinin (
Qeyd edək ki, CQBK-nin genişləndirilməsi «Şahdəniz-2» layihəsi çərçivəsində həyata keçirilir. Yeni kəmərin tikilməsi nəzərdə tutulan zolaqda Cənubi Qafqaz boru kəmərinin (Bakı-Tbilisi-Ərzurum) birinci şaxəsi yerləşir. Yeni kəmər də onun yaxınlığında paralel çəkiləcək.
Dinləmələrdə bildirilib ki, kəmərə aid obyektlərin yerləşməsi üçün torpaqlar yerli əhalidən satın alınacaq, tikinti dövründə istifadə olunan ərazilər müvəqqəti icarəyə götürüləcək, borunun keçdiyi torpaqlar isə torpaq sahiblərindən uzunmüddətli icarəyə götürüləcək.
Qeyd edək ki, kəmər boyunca tikinti işləri zamanı 60 metr, sonra isə 30 metr enində boru dəhlizi nəzərdə tutulur. Bu dəhlizə düşən torpaqlar sahiblərindən 2018-ci ildən etibarən 60 illiyə icarəyə götürüləcək. Torpaq sahələri onların hazırkı sahiblərindən, əgər bələdiyyə torpaqlarıdırsa, ərazi icra nümayəndələrindən icarəyə götürüləcək.
Ümumilikdə kəmərin çəkilməsi işləri təqribən 1000 torpaq mülkiyyətçisinin 4500 torpaq sahəsinə təsir edəcək. Tədbirdə bildirilib ki, torpaqların əldə edilməsi prosesi boru kəmərinin və obyektlərin tikintisinə başlamazdan həyata keçiriləcək.
Sənəddə bildirilir ki, torpaq sahələri hətta icarəyə götürüləndən sonra da torpaq sahiblərinin ixtiyarında qalacaq və tikintinin başa çatmasından sonra bərpa olunacaq. Amma həmin torpaqlardan istifadə ilə bağlı bəzi məhdudiyyətlər tətbiq ediləcək. Belə ki, məhdudiyyətlərə görə, kəmərlərdən 8 metr məsafədə heç bir tikili olmamalı, bu ərazidə dərin şumlama işləri aparılmamalı, kökü dərinə gedən ağaclar əkilməməlidir. Boru kəmərlərindən 30 metr məsafədə isə heç bir bina tikilməməlidir.
Bundan başqa, kəmərin tikintisi nəticəsində özlərinə məxsus torpaqlarla becərmə işləri apara bilməyən, bu üzdən də məhsul itkisi və ya öz torpaqlarına çıxışın məhdudlaşdırılması nəticəsində dolanışıq imkanları təsirə məruz qalan torpaq sahibləri və ya istifadəçilərinə kompensasiya veriləcək.
İctimai dinləmələrdə «APA-Economics»ə bildirilib ki, əhalidən və digər torpaq sahiblərindən torpaqlar kadastr qiyməti ilə deyil, ən yüksək bazar qiyməti ilə alınacaq. Eləcə də məhsul itkisi ilə üzləşən, yəni kəmərin çəkilməsi ilə əlaqədar olaraq torpağında məhsul becərmədiyinə görə ziyana düşən torpaq sahiblərinə əldə etmədikləri məhsulların dəyəri ödəniləcək. Bu ödənişlər də həmin məhsulların ən yüksək bazar qiyməti ilə hesablanacaq.
Artıq kəmərin keçdiyi ərazilərdə torpaq mülkiyyətçilərinin müəyyən edilməsinə başlanıb - bu prosesə 2012-ci ildən start verilib. Gələn aydan etibarən kəmərin keçdiyi ərazilərin yerli icra hakimiyyətləri ilə ilkin müqavilələr bağlanacaq.
Bu ilin sonunadək torpaq sahiblərinin yenidən dəqiqləşdirilməsi başa çatacaq və torpaq xərclərinin son məbləği müəyyənləşdiriləcək. 2014-cü ilin əvvəlindən etibarən torpaq mülkiyyətçiləri ilə icarə və alqı-satqı müqavilələrinin bağlanması nəzərdə tutulur. Gələn il torpaqların ayrılması barədə Nazirlər Kabinetinin qərarının qəbul edilməsi də gözlənilir.