İpoteka - şans, yoxsa problem? – REPORTAJ
22 oktyabr 2013 10:42 (UTC +04:00)

İpoteka - şans, yoxsa problem? – REPORTAJ

- Hansı banka müraciət edirəm, deyirlər, əmək haqqı azdır. Məyus oluruq. Deyəsən, belə getsə, ev sahibi olmayacağıq.

 

Gəncə şəhər sakini Eltun İsmayılov respublikada verilən ipoteka kreditlərinin şərtlərindən narazıdır. İki uşaq atasının dediyinə görə, evləndiyi gündən kirayədə yaşayır. APA TV-nin bölgə müxbirinin məlumatına görə, o, mənzil şəraitini yaxşılaşdırmaq üçün bir neçə dəfə bankalara ipoteka krediti ilə bağlı müraciət etsə də, müsbət cavab almayıb: “Biz krediti verməyə hazırıq. Aylıq gəlirim 500 manatdır. 200 manata qədərini ipoteka vermək olar. Banklara müraciət edəndə deyirlər çox aşağıdır. 800 manata qədər olması lazım olduğunu deyirlər. Regionlarda da elə maaşla iş tapmaq asan deyil”.

 

Respublikada artıq 7 ildən artıqdır ki, ipoteka kreditlərinin verilməsinə başlanılıb. Əvvəllər bu kreditin şərtləri bir qədər sadə olsa da, son iki ildə şərtlər, xüsusən əmək haqqı istiqamətində sərtləşdirilib. Gəncədə ipoteka krediti verən bankdan bildirilib ki, bu il şəhərdə 177 nəfər ipoteka krediti alıb. Onlardan 67 nəfəri sosial, 110 nəfəri adi ipotekadan yararlanıb. Bankdan bildirilib ki, sosial ipoteka krediti alanların əksəriyyəti, hərbçidir. Əmək haqqı yüksək olduğuna, yaş məhdudiyyəti olmadığına görə banklar onlara kredit verməkdə maraqlıdır.

 

Bank işçisi Ramin Şərifov isə bildirib ki, ipoteka üçün əsasən, gənc ailələr müraciət edir: “ Əmək haqqı yetərsiz olur. Aylıq gəlirləri və xərcləri hesablanır. Düşürsə, belə aşağı məbləğdə olur. Gənc ailə statuslarını keçdiklərinə görə güzəştli kreditə düşmürlər”.

 

Müsahibin bildirdiyinə görə, hazırda bölgələrdə ipoteka krediti ala bilməyən ailələrdə gəlirlər azdır. Ramin Şərifov deyir ki, subay adam 500 manat əmək haqqı ilə 30 minlik ev ala bilərsə, 4 nəfərlik ailədə bu məbləğ 800 manat təşkil etməlidir. Bölgələrdə isə belə gəliri olan evsiz ailələrə çox az rast gəlinir. Orta hesabla 400-500 manat gəliri olan ailələrə isə ya kredit verilmir, ya da çox az məbləğdə təklif edilir ki, o pulla da Gəncədə mənzil almaq mümkün deyil.

 

Ev dəllalı Xanım Haciyeva isə şəhərin mərkəzində qiymətlərin baha olduğunu qeyd edib: “50 min, 40 min məbləğində iki otaq. 3 otağa 55, 60, 70 min, baxır evin təmirinə”

 

Ekspertlər ipoteka kreditlərinin verilməsində başqa bir çətinliyin faiz dərəcələrinin yüksək olmasında görürlər. Məlumata görə, MDB ölkələri içərisində ən yüksək faiz dərəcəsi məhz Azərbaycandadır. Belə ki, respublikada adi ipotekaları üzrə faiz dərəcələri 8 faiz, güzəştli ipotekalarda isə 4 faizdir. Lakin Rusiyada bu rəqəm 3,7 faiz, Türkiyədə 5,8 faiz, Kanadada 1 faiz, Qazaxıstanda isə 2 faiz təşkil edir. Azərbaycanda yaxınlarda ipoteka kreditlərinin sadələşdirilməsi istiqamətində addımların atılması gözlənilir.

 

Gənclər və idman naziri Azad Rəhimov da ipoteka kreditindən danışıb: “Gənclər şöbəmiz regionlarda uzun müddətli güzəştli kredit almaq üçün model hazırlanır. Yaxın günlərdə prezidentə təqdim olunacaq. İpotekanın regionlarda verilməsi ilə bağlı sərəncam imzalanacaq. Gənclərə ev şəraitində işləməyə imkan verəcək”.

 

Bölgələrdə olan evsiz ailələr ümidlərinin Gənclər və İdman Nazirliyinin hazırladığı modelə bağlayırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1886
avatar

Oxşar yazılar