“Neft sənayesində də böyük çətinliklər yaranıb. Bu böhrandan çıxmaq, Azərbaycan iqtisadiyyatını inkişaf etdirmək, xalqın rifahını qısa müddətdə lazımi səviyyəyə qaldırmaq üçün hamı əl-ələ verib müqavilənin həyata keçirilməsinə çalışmalıdır”. Bu sözləri 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında müqavilənin – “Əsrin müqaviləsi”nin imzalanma mərasimində müdrik Azərbaycan xalqının təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdan qətiyyətli və müdrik dövlət xadimi Heydər Əliyevin söyləmişdi. Bu bəyanat təsadüfi deyildi. “Əsrin müqaviləsi” torpaqlarının 20 faizi işğal edilən, vətəndaş müharibəsi təhlükəsi yaşamış, müstəqilliyinə yönəlik ciddi təhdidlər olan, ağır iqtisadi böhranla üzləşmiş, büdcəsində minimum sosial ehtiyacların qarşılanması üçün vəsait çatışmayan müstəqil Azərbaycan dövləti və xalqı üçün tarixi dönüş nöqtəsi idi. Tarixi təcrübə də göstərib ki, müstəqillik ilk növbədə iqtisadi bazislə şərtlənir və Azərbaycanın da təcrübəsi bunu bir daha təsdiqlədi.
Əsrin müqaviləsi
Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırıldı. “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etdi. “Əsrin müqaviləsi”nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlanıldı. “Əsrin müqaviləsi” Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. 1997-ci ildə Çıraq yatağından neft hasilatına başlandı. 1999-cu ilin dekabrında Azərbaycanın “mənfəət nefti” ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı. Ümumi təmiz gəlirdən Azərbaycanın payına 80%, sərmayəçilərin payına 20% düşür.
“Əsrin müqaviləsi” son nəticədə xarici şirkətlərin sürətlə ölkəmizə axışmasına, yeni neft və qaz sazişlərinin imzalanmasına, ölkədə sabitliyinin möhkəmlənməsinə, Azərbaycanın iqtisadi müstəqilliyinin artmasına yol açdı. Məsələn, “Əsrin müqaviləsi”ndən qısa müddət ərzində dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək saziş imzalandı. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldildi.
“Əsrin müqaviləsi” məhz müdrik dövlət xadimi Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanın müstəqilliyinin təmini yönündə atdığı tarixi addım idi. Məhz bu böyük dövlət xadiminin iradəsi və uzaqgörənliyi sayəsində bu layihə gerçəkləşdi.
Utopiyadan reallığa aparan yol
Azərbaycan neftini dünya bazarına çıxarmaq üçün isə kəmərlər lazım idi. Dəmir yolu ilə nəzərdə tutulan nəhəng həcmdə nefti daşımaq mümkün deyildi. Beləliklə, şimal istiqamətindəki uzunluğu 231 km, diametri 720 mm olan Bakı-Novorossiysk neft kəmərinin Azərbaycan hissəsi bərpa, inşa edilib və ilk dəfə 25 oktyabr 1997-ci ildə Azərbaycan nefti Novorossiysk limanına (Rusiya Federasiyasına) nəql olunub. Qərb istiqamətində uzunluğu 837 km, diametri 530 mm Bakı-Supsa boru kəməri inşa edilərək, 17 aprel 1999-cu ildə işə salınıb.
Ancaq bu kəmərlər də Azərbaycanın nəhəng neft resurslarını Avropa və dünya bazarlarına çıxarmaq üçün yetərli deyildi. Yuxarıda qeyd olunan kəmərlərin ötürmə qabiliyyəti yetərli deyildi, digər tərəfdən, bu kəmərlər Azərbaycan neftini yalnız Qara dənizdəki terminallara ötürürdü. Oradan isə neft tankerlərlə Bosfor və Dardanell boğazlarından keçməklə əsas bazara çıxarılır. Ancaq boğazlardan keçən tankerlərin sayının il-ildən artması da gerçəklik idi. Aralıq dənizinə birbaşa çıxış faktiki Azərbaycanın Avropa və dünyanın əsas bazarlarına maneəsiz yolunu açırdı. Ən əsası böyük güclərin maraqlarının toqquşduğu, geostrateji cəhətdən əlverişli bir məkanda yerləşən Azərbaycanın şaxələnmiş marşrutlarla iqtisadi təhlükəsizliyini gücləndirməsi ilə bərabər, onun üçün bir növ təhlükəsizlik kəməri rolunu oynayan bir layihənin həyata keçməsi zəruri idi. Bakı-Tiflis-Ceyhan (BTC) Əsas İxrac Boru Kəməri bu arzu və istəkləri özündə əks etdirirdi. Məhz ümummilli lider Heydər Əliyev “Əsrin müqaviləsi”ndən sonra çoxlarının qeyri-mümkün, imkansız saydığı bu layihənin həyata keçməsi üçün iradəsini ortaya qoydu.
1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilmiş ATƏT-in Sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bakı-Tiflis-Ceyhan (BTC) Əsas İxrac Boru Kəmərinin çəkilişi haqqında dövlətlərarası Müqavilə imzalandı. 2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında ümummilli lideri Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tiflis-Ceyhan ixrac neft kəmərinin təməli qoyuldu və tikintisinə başlandı. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tiflis-Ceyhan Əsas İxrac Boru Kəmərinin təntənəli açılış mərasimi keçirildi. 1768 km uzunluğa malik BTC-nin hazırda gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir.
Müstəqilliyimizin əsas təməlləri
Bu kəmərin texniki-iqtisadi əhəmiyyətindən başqa, onun siyasi rolu da böyükdür. BTC Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra atdığı tarixi addımın – “Əsrin müqaviləsi”nin məntiqi davamıdır. Artıq kəmərin işə düşməsindən 8 ilə keçir. Təkcə bu ilin birinci yarısında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə təqribən 17,8 milyon ton (134 milyon barel) xam neft ixrac olunub. İlin birinci yarısında ixrac olunan neft Ceyhanda 185 tankerə yüklənib. 2006-cı ilin iyun ayından etibarən isə BTC vasitəsilə nəql edilmiş ümümilikdə təxminən 2 milyard barel (263 milyon ton ) xam neft Ceyhanda 2 580 tankerə yüklənilib və dünya bazarlarına göndərilib. Avqustun 11-də Ceyhan terminalından 2 milyardıncı barel neft yola salınıb. Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur. 2013-cü ilin oktyabrından başlayaraq BTC vasitəsilə müəyyən həcmlərdə Tengiz neftinin nəql olunması bərpa olunub. Bundan əlavə, bu ilin fevral ayında Dövlət Neft Şirkətinin əməliyyatçısı olduğu Şimal Marşrutu İxrac Boru Kəmərinin axın istiqaməti dəyişdirilib. Bu, BP ilə ARDNŞ-nin bu boru kəməri boyunca bir neçə obyektin yenidən işə salınması üçün birgə səylərinin nəticəsidir. Kommersiya razılaşmalarının yekunlaşması Şimal Marşrutu İxrac Boru Kəmərindən neft həcmlərinin BTC vasitəsilə ixracına imkan verib.
Başqa sözlə, “Əsrin müqaviləsi”ndən sonra Bakı-Tiflis-Ceyhan neft kəməri Azərbaycanın ən böyük uğuru, iqtisadi və siyasi müstəqilliyinin əsas təməllərindən sayılır. İndi fərqli düşünənləri tapmaq çox müşküldür.
Yeri gəlmişkən, yeni neft strategiyasının uğurla həyata keçirilməsi, neft sənayesinə geniş sərmayə qoyuluşu, neft əməliyyatlarında müasir texnika və texnologiyanın tətbiqi nəticəsində 1999-cu ildə nəhəng “Şahdəniz” qaz-kondensat yatağı aşkar edildi. “Şahdəniz” yatağının və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin səhmdarları ARDNŞ (10%), Statoyl (25,5%), BP (25,5%), TotalFinaElf (10%), LukAcip (10%), OLİK (10%), TPAO (9%) şirkətləridir. “Şahdəniz” qaz-kondensat yatağının aşkar edilməsi ilə əlaqədar XXI əsrdə Azərbaycanda qaz sənayesinin inkişafına və Azərbaycanı neftlə yanaşı qaz ixrac edən ölkəyə çevrilməsinə zəmin yaradıldı. 2001-ci il martın 12-də Azərbaycan grezidenti Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı “Azərbaycanın təbii qazının Türkiyə Respublikasına tədarük edilməsinə dair Azərbaycan və Türkiyə Respublikaları arasında təbii qazın satışı və alışı haqqında müqavilə” imzalandı. 2001-ci il sentyabrın 29-da Gürcüstan prezidenti Eduard Şevardnadzenin Bakıya səfəri zamanı “Təbii qazın Gürcüstan Respublikası ərazisindən tranziti, nəql edilməsi və satışına dair Azərbaycan və Gürcüstan Respublikaları arasında saziş” imzalandı. 2007-ci il iyulun 3-də Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil oldu.
Beləliklə, əsası Heydər Əliyev tərəfindən qoyulan, onun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən neft strategiyası bir zamanlar utopiya sayılan bu böyük layihələrin gerçəkləşməsini şərtləndirdi. Neftin satışından əldə edilən valyuta Heydər Əliyev tərəfindən yaradılmış Azərbaycan Respublikası Dövlət Neft Fondunda cəmləşir və xalqımızın sosial-iqtisadi rifahının yaxşılaşdırılmasına yönəldilir. Eyni zamanda gələcək nəsillər üçün valyuta ehtiyatları saxlanılır. Neftdən əldə edilən gəlirlər hesabına bu gün ölkənin kadr potensialının artırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri kimi, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın reallaşması nəticəsində ölkəmizdə müasir tələblərə cavab verən kadr potensialının yaradılmasına, gənc nəslin təhsil səviyyəsinin artırılmasına və beynəlxalq səviyyəyə çatdırılmasına şərait yaranıb. Bu proqramın, ilk növbədə neft gəlirləri hesabına maliyyələşdirilməsi “qara qızılın insan kapitalına çevrilməsi” ideyasının reallaşmasına doğru atılmış strateji bir addımdır.
“Əsrin müqaviləsi” ilə əsası qoyulmuş milli neft strategiyasının uğurlarının nəticəsi olaraq Azərbaycanın regionun lider dövləti, eləcə də regional və qlobal iqtisadi layihələrin aparıcı iştirakçısı olub. Azərbaycanın uğurlu neft strategiyasının ölkəmizin və regionun təhlükəsizliyində əvəzedilməz rol oynadığı Gürcüstan və Ukraynada baş verən olaylar zamanı da qabarıq şəkildə göründü…
Ramiz Mikayıloğlu
Qeyd: Yazı Azərbaycan Mətbuat Şurası və SOCAR-AQŞ-nin “Əsrin Müqaviləsi- Ölkəmizin Davamlı Sənaye İnkişafının Təməli” mövzusundakı müsabiqəyə təqdim edilmək üçün hazırlanıb.