Gömrük ekspertizası necə aparılacaq? - QAYDA
06 sentyabr 2013 11:13 (UTC +04:00)

Gömrük ekspertizası necə aparılacaq? - QAYDA

Nazirlər Kabineti “Gömrük ekspertizasının aparılması Qaydaları”nı təsdiq edib.

 

Lent.az-ın verdiyi məlumata görə, bu Qaydalar Gömrük Məcəlləsinə əsasən hazırlanıb və gömrük ekspertizasının təşkili və aparılması, habelə mallardan prob və nümunələrin götürülməsi, onlar barəsində sərəncam verilməsi qaydalarını müəyyən edir.

 

Gömrük ekspertizası gömrük orqanlarının malların ekspertizaya göndərilməsi haqqında sənədi (göndərişi) və ya şəxslərin müraciəti əsasında aparılır. Mallar gömrük ekspertizasına göndərildikdə, gömrük orqanının vəzifəli şəxsi bu barədə eyni vaxtda bəyannaməçiyə, mallar barəsində səlahiyyəti olan digər şəxslərə və ya onların nümayəndələrinə yazılı bildiriş göndərir. Bildirişdə həmin şəxslərin hüquq və vəzifələri izah olunur.

 

Gömrük ekspertizası gömrük laboratoriyasının rəhbəri tərəfindən təşkil edilir. Gömrük ekspertizası üçün daxil olmuş gömrük orqanının sənədinə (göndərişinə) və ya şəxsin müraciətinə, habelə müşayiət materiallarına gömrük laboratoriyasının rəhbəri tərəfindən 1 iş günü müddətində baxılır və ekspertə təqdim edilir. Gömrük ekspertizası gömrük laboratoriyasının ekspertləri və müqavilə əsasında cəlb edilmiş digər ekspertlər tərəfindən aparılır. Tədqiqat obyektinin gömrük laboratoriyasına gətirilməsi mümkün olmadığı hallar istisna olmaqla, gömrük ekspertizası gömrük laboratoriyasının binasında aparılır. Gömrük ekspertizası gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi, yaxud məcburi qərarın qəbul edildiyi mərhələdə başlanır. Ekspertizaya təqdim edilmiş materiallar və sənədlər ekspert tərəfindən öyrənilir. Ekspertizanın aparılması üçün zəruri olan məlumatların və sənədlərin olmadığı müəyyən edildikdə, ekspert materialların və sənədlərin gömrük laboratoriyasına daxil olduğu gündən etibarən 5 iş günündən gec olmayaraq, ona əlavə materialların və sənədlərin təqdim edilməsi barədə yazılı vəsatətlə müraciət edir. Vəsatətdə ekspertin tələbinin əsasları, konkret materialların və sənədlərin tam siyahısı göstərilir. Vəsatət iki nüsxədə tərtib olunur. Birinci nüsxə ekspertizanı təyin etmiş gömrük orqanına və ya bununla əlaqədar müraciət etmiş şəxsə göndərilir, ikinci nüsxə isə ekspertizanın icraatında saxlanılır.

Yalnız təcili hallarda və vəsatətin sonradan yazılı formada aidiyyəti ünvana göndərilməsi şərtilə, gömrük laboratoriyasının rəhbərinin razılığı ilə vəsatətin məzmunu telefonla və ya digər rabitə vasitəsilə ekspertiza təyin etmiş gömrük orqanına və ya bununla əlaqədar müraciət etmiş şəxsə çatdırılır. Təqdim edilmiş materiallar və sənədlər əsasında rəy vermək mümkün olmadıqda, gömrük ekspertizasının aparılmasından imtina edilir. Gömrük laboratoriyası tərəfindən ekspertizanı təyin etmiş gömrük orqanına və ya bununla əlaqədar müraciət etmiş şəxsə səbəblər göstərilməklə ekspertizanın aparılmasından imtina barədə yazılı və ya elektron formada məlumat verilir, təqdim edilmiş materiallar və sənədlər geri qaytarılır. Gömrük orqanının təşəbbüsü ilə keçirilən gömrük ekspertizasının aparılması ilə bağlı xərclər dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizasının aparılması üçün həmin şəxslər tərəfindən Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə gömrük yığımı ödənilir.             

 

Gömrük ekspertizası 20 iş günü müddətində aparılır. Ekspertizanın aparılması müddəti materialların və sənədlərin gömrük laboratoriyasına daxil olduğu gündən sonrakı növbəti iş günündən hesablanır və rəyin imzalandığı tarixdə başa çatır. Ekspertizanın aparılma müddətinin sonuncu günü istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə və ya ümumxalq hüzn gününə düşərsə, növbəti iş günü müddətin qurtardığı gün hesab olunur. Gömrük ekspertizasının aparılması müddəti səbəbləri göstərilməklə, gömrük laboratoriyasının rəhbərinin yazılı icazəsi əsasında gömrük ekspertizasının aparılması üçün 4 aydan çox olmayan müddətə uzadıla bilər. Gömrük ekspertizasının aparılması müddətinin uzadılmasına dair icazənin surəti 1 iş günü müddətində gömrük ekspertizasını təyin etmiş gömrük orqanına və ya gömrük ekspertizasının aparılması ilə əlaqədar müraciət etmiş şəxsə göndərilir.

 

Gömrük ekspertizasına təqdim edilmiş materialların və sənədlərin (prob və nümunələr istisna olmaqla) saxlanma müddəti 3 ildir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1041
avatar

Oxşar yazılar