“Azərbaycan iqtisadiyyatı ağır böhran içərisindədir. Neft sənayesində də böyük çətinliklər yaranıb. Bu böhrandan çıxmaq, Azərbaycan iqtisadiyyatını inkişaf etdirmək, xalqın rifahını qısa müddətdə lazımi səviyyəyə qaldırmaq üçün hamı əl-ələ verib müqavilənin həyata keçirilməsinə çalışmalıdır”. Bu sözlər 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında müqavilənin – “Əsrin müqaviləsi”nin imzalanma mərasimində prezident Heydər Əliyevin çıxışında yer alıb. Bu bəyanat təsadüfi deyildi. “Əsrin müqaviləsi” torpaqlarının 20 faizi işğal edilən, vətəndaş müharibəsi təhlükəsi yaşamış, müstəqilliyinə yönəlik ciddi təhdidlər olan, büdcəsində minimum sosial ehtiyacların qarşılanması üçün vəsait çatışmayan müstəqil Azərbaycan dövləti və xalqı üçün tarixi dönüş nöqtəsi idi. Tarixi təcrübə də göstərib ki, müstəqillik ilk növbədə iqtisadi bazislə şərtlənir və Azərbaycanın da təcrübəsi bunu bir daha təsdiqlədi. “Əsrin müqaviləsi”nin memarı olan bu böyük dövlət xadimi bilirdi ki, neft-qaz sektorundan əldə ediləcək gəlirlər həm də Azərbaycanın böhran vəziyyətinə düşmüş qeyri-neft sektorunun, regionlarının inkişafı üçün də əlverişli zəmin yaradacaq. Bir sözlə, “Əsrin müqaviləsi” ilə əsası qoyulan strategiya ümumən Azərbaycan iqtisadiyyatının inkişafının təminatçısı olmalı idi. Bəs bu strategiya özünü doğrultdumu?
İlk addım
“Əsrin müqaviləsi”ndən sonra ölkəyə transmilli şirkətlər axışmağa, yeni neft və qaz müqavilələri bağlanmağa başladı, əhəmiyyətinə görə “Əsrin müqaviləsi”ndən geri qalmayan Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Boru Kəməri çəkildi. Eyni zamanda Azərbaycan həm də dünya qaz bazarında aparıcı rollardan birinə yiyələnmək istiqamətində addımlar atmağa başladı, Bakı-Tiflis-Ərzurum Qaz Boru Kəməri layihəsi reallaşdırıldı. Hazırda Azərbaycan qazının Avropa ölkələrinə nəqli ilə bağlı TAP, TANAP və digər layihələri həyata keçirilir, bütün bunlar da sonda Azərbaycanın dünya qaz bazarında aparıcı rola yiyələnməsini şərtləndirəcək.
Əgər Azərbaycan iqtisadiyyatının ağır böhran vəziyyətində olduğu illərdə ölkədən yaxın və uzaq ölkələrə miqrasiya xarakterik idisə, tədricən bu, daxili miqrasiya ilə əvəzləndi və regionlardan Bakıya axın başladı. Çünki neft-qaz sektorunda sürətli inkişafla paralel olaraq paytaxt Bakı da sürətlə böyüyən, inkişaf edən, çoxlu sayda yeni iş yerlərinin açıldığı mərkəzə çevrilməyə başladı. Bu proses xüsusən 1998-2003-cü illərdə özünü qabarıq göstərdi. Paytaxta axını isə regionlarda qeyri-neft sektorunun inkişafına nail olmaqla tənzimləmək mümkündür. Elə qeyri-neft sektorunda ciddi uğurların əldə edilməsi də ilk növbədə regionlarda sosial-iqtisadi inkişafa nail olmadan keçir. “Əsrin müqaviləsi” ilə əsası qoyulan kurs çərçivəsində bu istiqamətdə işlər 2003-cü ildən prezident İlham Əliyev tərəfindən davam etdirildi. 2004-cü il fevralın 11-də prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafı ilə bağlı 4 illik dövrü əhatə edən birinci Dövlət Proqramının təsdiq edilməsi barədə fərman verdi. Proqramda qeyd olunurdu ki, Azərbaycanda həlli vacib məsələlərdən biri regionlarda sahibkarlığın inkişafını sürətləndirməklə oradakı əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın davamlı inkişafına, əhalinin məşğulluğunun artırılmasına və ölkədə yoxsulluğun səviyyəsinin azaldılmasına nail olmaqdan ibarətdir. Beləliklə, birinci Dövlət Proqramının həyata keçirilməsinin yekunu olaraq ölkədə beş ildə 27 min 500 yeni müəssisə və 766 mindən çox iş yeri açıldı. Həmin müəssisələrin 40 faizi, iş yerlərinin isə 80 faizi regionların payına düşür. Proqram yekunlaşandan sonra ölkənin ixrac strukturunda qeyri-neft məhsullarının payı 2,2 dəfə artdı. 2008-ci ildə Azərbaycan "Doing Business" Proqramında dünyada bir nömrəli islahatçı ölkə kimi tanındı. Eyni zamanda, Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə 51-ci yerə qalxdı, MDB məkanında isə bu baxımdan birinciliyi əldə etdi. 2009-cu ildə regionların sosial-iqtisadi inkişaf ilə bağlı 2013-cü ilə qədərki dövrü əhatə edən ikinci Dövlət Proqramı qəbul edildi. İkinci Dövlət Proqramın əsas istiqamətləri sosial-iqtisadi inkişafın sürətləndirilməsi, yeni texnologiyaların tətbiqi, sahibkarlara əlavə dəstəyin verilməsi, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin tam şəkildə təmin edilməsi, sənaye və sosial infrastruktur layihələrinin icra edilməsi idi. Dövlət Proqramının həyata keçirildiyi ilk ildə - 2009-cu ildə dünyada yaşanan böhrana baxmayaraq, Azərbaycanda ümumdaxili məhsul (ÜDM) 9,3 faiz, onun adambaşına düşən həcmi 7,9 faiz, qeyri-neft sektoru 3,2 faiz artdı.
Regionların inkişafı sahəsində qəbul edilmiş və həyata keçirilmiş bu iki dövlət proqramında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verdi. Dövlət proqramlarının icra olunduğu illər ərzində ÜDM 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artıb. Ümumiyyətlə, son 10 il ərzində həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,3 faizə enib. Yeni yaradılan iş yerlərinin 80 faizə yaxınının regionların payına düşdüyü də xüsusi qeyd olunmalıdır.
Yeni mərhələ
Azərbaycan prezidenti İlham Əliyev bu il fevralın 27-də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında fərman imzaladı. Məqsəd ölkədə növbəti illərdə iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasıdır. Bu məqsədlərə nail olmaq üçün regionlarda infrastruktur təminatının, o cümlədən əhalinin kommunal xidmətlərlə təminatının daha da yaxşılaşdırılması, ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalı istiqamətində sahibkarlığın inkişafının sürətləndirilməsi, əhalinin, xüsusi ilə kənd əhalisinin məşğulluq səviyyəsinin artırılması və yoxsulluğun səviyyəsinin azaldılması istiqamətində tədbirlərin davam etdirilməsi kimi mühüm vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur. Əsas hədəf regionlardakı iqtisadi gücü tam səfərbər etməklə istifadə olunmamış iqtisadi resursları, xammal ehtiyatlarını istehsal prosesinə cəlb etməkdən ibarətdir. Dövlət artıq aqrar sahəni qeyri-neft sektorunun inkişafında əsas prioritet bölmə elan edib. Burada söhbət həm də əhalinin ərzaq təhlükəsizliyinin tam təmin edilməsindən gedir. Aqrar sahədə qarşıya qoyulan məqsədlərə nail olmaq üçün bu sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsini zəruri sayan prezident İlham Əliyev bu il aprelin 16-da bununla bağlı fərman imzaladı. Kənd təsərrüfatının inkişafına konseptual baxışı əks etdirən fərmana əsasən, rayonlar üzrə aqrar siyasətin həyata keçirilməsinin təmin edilməsi, kənd təsərrüfatına dövlət dəstəyi tədbirlərinin təşkili, aqrar sahə ilə bağlı problemlərin həllində müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının yerli struktur bölmələri ilə səmərəli əməkdaşlığın qurulması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri yaradılacaq. Kənd Təsərrüfatı Nazirliyinə İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə aqroparkların yaradılması barədə təkliflər hazırlamaq, aqrar sektorun dövlət tərəfindən dəstəklənməsində şəffaflığı və hesabatlılığı təmin etmək üçün “elektron kənd təsərrüfatı” informasiya sisteminin üç il müddətində mərhələlərlə yaradılmasını təmin etmək tapşırılıb. Kənd Təsərrüfatı Nazirliyi xarici investorları cəlb etməklə respublikada kənd təsərrüfatı təyinatlı texnikanın istehsalının təşkilinə dair təkliflər hazırlamalıdır. Nazirlik kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı sisteminin üç il müddətində mərhələlərlə yaradılmasını təmin etməli, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalı, idxalı, satışı və saxlanılmasının xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilməsinə dair təkliflərini təqdim etməli, 5 ay ərzində aqrar elmin inkişafı konsepsiyasının layihəsini hazırlamalıdır. Kənd Təsərrüfatı Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə aqrar sahədə kadr hazırlığı və təminatı sisteminin yaxşılaşdırılmasını təmin etməlidir. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti isə Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və Torpaq və Xəritəçəkmə Komitəsi ilə birlikdə torpaqların münbitliyinin qorunması və artırılması, şoranlaşmış və şorakətləşmiş, eroziyaya uğramış torpaqların sağlamlaşdırılması tədbirlərini ölkədə aparılan iqtisadi strategiyaya uyğun olaraq müvafiq proqramlar əsasında həyata keçirməlidir. İqtisadiyyat və Sənaye Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə xarici investorların kənd təsərrüfatına cəlb edilməsi məqsədi ilə bu sahədə yaradılacaq aqrobiznes qurumlarının nizamnamə kapitalında “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin iştirakını təmin etməlidir. Prezident Administrasiyası isə 6 ay müddətində kəndli fermer təsərrüfatlarının daha iri kənd təsərrüfatı müəssisələri formasında birləşmələrinin iqtisadi stimullaşdırılmasını nəzərdə tutan “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsini, istehlak bazarında qiymət sövdələşməsinin qarşısının alınması məqsədi ilə antikartel fəaliyyətini tənzimləyən normativ hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan prezidentinə təqdim etməlidir. Aqrar sahədə fermerlərin birləşməsi və kooperativlərin yaradılması aqrar sektorda gəlirlərin və kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətliliyinin daha da artırılmasına və beynəlxalq standartlara uyğunlaşmasına təkan veriləcək.
Əsas məqsəd
Dövlət Proqramı çərçivəsində sənayeləşmə siyasətinə uyğun olaraq regionlarda yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin keyfiyyətcə müasir səviyyədə qurulması və yeni müəssisələrin, sənaye məhəllələrinin yaradılması istiqamətində tədbirlər həyata keçiriləcək, innovasiya yönümlü texnologiyaların tətbiqi stimullaşdırılacaq, ixtisaslaşmış və ümumi təyinatlı sənaye parklarının yaradılması istiqamətində işlər davam etdiriləcək. Regionlarda yerli xammala əsaslanan sənaye müəssisələri içərisində Prezident İlham Əliyev 23 aprel 2013-cü il tarixli sərəncamı ilə yaradılan “Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyətinin mühüm yer tutacağı da şəksizdir. “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC Gəncə şəhərinin və Daşkəsən rayonunun ərazilərində dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edən polad istehsalı kompleksinin layihələndirilməsini, tikintisini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirəcək. Sürətlə inkişaf edən tikinti sektorunda qara metallurgiya məmulatlarına ciddi ehtiyac var. Azərbaycanın müasir gəmiqayırma zavodu gələn ildən başlayaraq sifarişlər qəbul edəcək. Digər tərəfdən, torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan güclü müdafiə sənayesi qurmağı, bu sahədə xaricdən asılılığı minimuma endirməyi qarşısına qoyub. Eyni zamanda ölkədə kənd təsərrüfatı təyinatlı texnikanın istehsalı da qarşıya məqsəd qoyulub. Bütün bunlar qara metallurgiyanın inkişafından kənar təsəvvür edilə bilməz. Üstəgəl, neft-qaz sektorunda da platformaların, kəmərləri üçün boruların məhz Azərbaycanda hazırlanması üçün güclü qara metallurgiya sənayesinə ehtiyac var. Bir sözlə, Azərbaycanda güclü qara metallurgiya sənayesinin yaradılması ölkə iqtisadiyyatının dayanıqlı inkişafı istiqamətində mühüm addım olacaq. “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC ilə bağlı bir sıra mühüm səlahiyyətlərin müvafiq dövlət qurumu kimi İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilməsi bu sahədə çevik idarəetməni şərtləndirəcək.
Qeyri-neft sektorunun inkişafı istiqamətində regionlarda 2014-2018-ci illərdə informasiya və kommunikasiya texnologiyaları (İKT) infrastrukturu inkişaf etdiriləcək, kənd yaşayış məntəqələrində də ucuz və keyfiyyətli internetə çıxış təmin ediləcək. Regional siyasətdə turizmin inkişafı da prioritet olaraq qalacaq. Paralel olaraq əhalinin sosial müdafiəsi sahəsində əsas prioritet istiqamətlər sosial cəhətdən həssas əhali təbəqələrinin mənzil şəraitlərinin yaxşılaşdırılması, regionlarda yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların sosial riskinin azaldılması sahəsində işlərin davam etdirilməsindən ibarət olacaq.
Ümumilikdə bu istiqamətdə görülən işlər, regionların sürətli inkişafı Azərbaycanın 2020-ci ilədək dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxması ilə bağlı qarşısına qoyduğu məqsədə çatmaq üçün əlverişli zəmin yaradacaq.
Ramiz Mikayıloğlu
Qeyd: Yazı İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən jurnalistlər arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilmək üçün hazırlanıb.