Prezident İlham Əliyev “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişiklikləri təsdiqləyib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 6-1.1.14-cü və 6-1.1.15-ci maddələri ləğv edilib.
Qeyd edək ki, yuxarıda qeyd edilən maddələr İATA-nın “Mülki Aviasiya rüsumu” ekonom sinif, eləcə də İATA-nın “Mülki Aviasiya rüsumu” biznes və birinci sinif xidmətlərinə görə dövlət rüsumunu nəzərdə tutulub. Beləliklə İATA-nın “Mülki Aviasiya rüsumu” ekonom sinif, eləcə də İATA-nın “Mülki Aviasiya rüsumu” biznes və birinci sinif xidmətlərinə görə müəyyən olunan dövlət rüsumumun dərəcələri ləğv edilib. İndiyədək İATA-nın “Mülki Aviasiya rüsumu” ekonom sinif xidmətinə görə 1 avro, biznes və birinci sinif xidmətlərinə görə isə 3 avro rüsum alınırdı.
Onu da qeyd edək ki, "Aviasiya haqqında” və “Dövlət rüsumu haqqında” qanunlara dəyişiklik dünya maliyyə bazarlarında qeyri-sabit iqtisadi şəraitlə əlaqədar olaraq xarici aviaşirkətlərin yerli daşımalar bazarına cəlb edilməsi və ölkəmizin beynəlxalq hava limanlarından istifadə etməklə tranzit hava daşımalarının həcminin artırılması üçün əlverişli imkanların yaradılması məqsədi ilə hazırlanıb.