“Bugünkü imzalanma mərasimi Azərbaycanın müasir tarixində tarixi bir gündür. “Şahdəniz” dünyanın ən iyi enerji layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, enerji diversifikasiyası, cəlb olunan ölkələr və şirkətlər arasında geniş beynəlxalq əməkdaşlıqla bağlı tarixi bir layihədir”.APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Bakıda “Şahdəniz” layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişinin imzalanması mərasimində çıxış edərkən deyib.
Dövlət başçısı Azərbaycanın enerji strategiyasının formalaşdığı 90-cı illəri xatırladıb. O qeyd edib ki, müstəqillik əldə etdikdən 3 il və Ermənistanla atəşkəs sazişinin imzalanmasından 4 ay sonra Azərbaycan “Əsrin müqaviləsi”ni imzalayıb və bununla da ilk dəfə Xəzər dənizinə xarici investisiyalar cəlb olunub və bu, ölkənin inkişafına öz töhfəsini verib: “Həmin müqavilə XX əsrin müqaviləsi adlandırıldı, “Şahdəniz” sazişi isə bəlkə də XXI əsrin müqaviləsi adlandırılacaq. Bugünkü imzalanma mərasimi müstəqil Azərbaycanın energetik inkişaf tarixində vacib bir mərhələdir”.
İ. Əliyev 2011-ci ildə Azərbaycanla Avropa Birliyi arasında imzalanan strateji əməkdaşlığa dair Memorandumun ölkənin enerji strategiyasının inkişafına, Avropaya qazın nəqlinin diversifikasiyasına kömək etdiyini söyləyib: “2012-ci ildə Türkiyə ilə TANAP sazişi imzalandı, 2013-cü ildə isə TAP Azərbaycan qazının Avropaya nəqli üzrə əsas layihə kimi seçildi. Hələlik biz birgə səylər tələb edən nəhəng layihənin başlanğıcındayıq”.
Prezident ARDNŞ və BP-yə təşəkkür edib: “Onların 20 illik əməkdaşlıq tarixi var. Bu gün imzalanan sənəd strateji tərəfdaşlığı azı 40 il, hətta mümkündür ki, daha çox davam etdirməyə imkan verəcək. Enerji ehtiyatları bizə iqtisadiyyatın transformasiyası və diversifikasiyası üçün imkan yaratdı. Müstəqillikdən əvvəl özəl sektorda ÜDM sıfır səviyyəsində idi, indi isə iqtisadiyyatımızın 85%-i özəl sektorun payına düşür. İşsizlik 4,8%-ə, yoxsulluq 5,5%-ə enib. Xarici borcumuz ÜDM-nin yalnız 8%-i həcmindədir. Ölkənin maliyyə durumu sabitdir və biz iqtisadiyyatın qeyri-neft sektoruna fəal şəkildə investisiyalar qoyuruq”.
İ. Əliyev Azərbaycanın beynəlxalq institutlarla sıx əməkdaşlığını xüsusi qeyd edib: “Diversifikasiya və şəffaflıq uğurlu əməkdaşlığın əsas elementləridir. Mən düşünürəm ki, Azərbaycanda biz “neft lənəti”ndən qaça bildik. Ölkəmiz neft və qazın xalqın rifahına xidmət etməsinin nümunəsini nümayiş etdirir”.
Prezident Azərbaycanın layihəyə cəlb olunan Gürcüstan, Türkiyə, Albaniya, İtaliya və Bolqarıstanla sıx əməkdaşlığına ümid etdiyini bildirərək daha sonrakı mərhələdə Monteneqro və Xorvatiya ilə fəal əməkdaşlığın başlanacağını deyib: “Boru kəmərinin Balkanlara doğru genişlənməsi planları var”.
İ. Əliyev enerji təhlükəsizliyinin həm təchizatçı, həm də istehlakçı ölkələr üçün əhəmiyyətini vurğulayıb: “Əminəm ki, biz istehsalçı, tranzit və istehlakçılar arasında məqbul balans tapa və qarşılıqlı faydalı əməkdaşlıq formatı qura biləcəyik. Bizim enerji strategiyamız dostluq və qarşılıqlı dəstəyə əsaslanıb. Azərbaycan heç vaxt öz enerji potensialından başqa məqsədlərlə istifadə etməyib”.