“TAP və TANAP layihələri həm Azərbaycan üçün, həm də Avropanın enerji təminatı və təhlükəsizliyi üçün çox vacib və önəmlidir ”
“APA-Economics”in xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabarti iqtisadi inkişafı naziri Şahin Mustafayevlə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, AYİB tərəfindən bu layihələrin maliyyələşməsində iştirak etməsi məsələsi müzakirə predmetidir.
Qeyd edək ki, Azərbaycan «Şahdəniz-2» layihəsi çərçivəsində hasil ediləcək təbii qazın Avropaya çatdırılması üçün boru kəmərinin seçilməsi ilə bağlı qəbul etdiyi qərarını iyunun 28-də rəsmən açıqlayıb. «Şahdəniz» konsorsiumu son iki il ərzində Avropaya qazın nəqli üçün boru kəmərinin bir neçə seçim variantını nəzərdən keçirib və TAP (Trans Adriatic Pipeline) üzərində dayanıb. Uzunluğu 870 km olacaq TAP kəməri Azərbaycan qazını Türkiyə, Yunanıstan və Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 2,2 mlrd. ABŞ dolları təşkil edir.
TAP layihəsinin əsas mənbəyi «Şahdəniz»in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. Proqnozlara əsasən, ikinci fazada hasilata 2016-cı ildə başlanacaq və TAP kəmərinin tikintisinə 3 il tələb olunacaq. İlkin mərhələdə qaz kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq, daha sonra isə həcm 20 mlrd. kubmetrədək artırılacaq.
Hazırda layihənin 3 səhmdarı var ki, bunlar «EGL», «Statoil» və «E.ON Ruhrgas» şirkətləridir.
Xatırladaq ki, Türkiyə ərazisindən keçən TANAP-ın tikintisinə 2013-cü ildə başlanması nəzərdə tutulur. Layihənin reallaşması üzrə Azərbaycan və Türkiyə arasında müvafiq hökumətlərarası sazişlər imzalanıb ki, layihənin reallaşması üçün artıq qanunvericilik bazası formalaşıb. Tikintinin 2017-2018-ci illərdə başa çatdırılması gözlənilir ki, həmin vaxt ilk qazın nəqletmə gücü 16 mlrd. kubmetr, 2023-cü ildə 23 mlrd. kubmetr, 2026-cı ildə isə 31 mlrd. kubmetr olacaq. İlkin mərhələdə nəqli nəzərdə tutulan 16 mlrd. kubmetrin 10 mlrd.-ı Avropaya tranzit olunacaq, 6 mlrd. kubmetri isə Türkiyəyə veriləcək.
Hazırda layihədə iştirak payının 80%-i Azərbaycan Dövlət Neft Şirkətinə, 20%-i isə Türkiyəyə məxsusdur. Lakin Azərbaycan öz payından 29%-ni BP, «Statoil» və «Total» şirkətlərinə təqdim etmək niyyətindədir.