“Bloomberg” agentliyi Ukraynada müharibə başlayandan bəri rusiyalı milyarderlərinin itkilərini hesablayıb.
Lent.az bildirir ki, agentliyin hesablamasına görə, itkilərin ümumi məbləği 93 milyard dollardan çox olub.
Qeyd olunur ki, bu məbləğin yarısını - 46,6 milyard dolları milyarderlər fevralın 24-də, qalan 47 milyard dolları isə sonrakı aylarda itiriblər.
Bununla belə, xarici milyarderlərin aktivləri də azalıb. Beləliklə, dünyanın 500 ən varlı adamı bir ildə demək olar ki, 1,4 trilyon dollar itirib. Bunun 392 milyard dolları “Tesla” şirkətinin rəhbəri İlon Mask, “Amazon”un qurucusu Ceff Bezos, “Binance”nin qurucusu Çanpen Çjao və “Meta”nın qurucusu Mark Zukerberqə aiddir.
Agentliyin məlumatına görə, pul itkisinə inflyasiyanın artması və mərkəzi bankların siyasətinin sərtləşdirilməsi, Ukraynadakı müharibə və ondan sonra tətbiq edilən sanksiyalar təsir edib. Mask məsələsində buna onun “Twitter”in alınması və idarə olunması ilə bağlı hərəkətləri də təsir edib.
“Forbes” jurnalı 2022-ci ildə dünya üzrə milyarderlərin itkisini təxminən iki trilyon dollar olaraq qiymətləndirib. Milyarderlərin sayı 2671-dən 2523-ə düşüb.