Mərkəzi Bankın rəhbərliyinə gətirilən Taleh Kazımov kimdir? - DOSYE
11 aprel 2022 16:10 (UTC +04:00)

Mərkəzi Bankın rəhbərliyinə gətirilən Taleh Kazımov kimdir? - DOSYE

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Elman Rüstəmovun Mərkəzi Bankın idarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatları müzakirə edilib.

Hər iki təqdimata müsbət rəy verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi onları Milli Məclisin plenar iclasında müzakirə üçün tövsiyə edib.

Lent.az Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə namizəd olan Taleh Kazımov haqqında  dosyeni təqdim edir:

Taleh Kazımov 11 sentyabr 1983-cü ildə Bakıda anadan olub. O,  Texniki Universitetinin “Avtomatika və kompüter mühəndisliyi” fakültəsini bitirib. 

O, 2004-2006-cı illərdə isə  Neft Akademiyasının ABŞ-ın Corciya Ştat Universiteti ilə birgə proqramı çərçivəsində maliyyə ixtisası üzrə “Biznesin idarə edilməsi (MBA)” magistr dərəcəsinə yiyələnib. Bundan başqa, Kazımov 2012-ci ildə London Biznes Məktəbinin və 2014-cü ildə Harvard Biznes Məktəbinin idarəçilər üçün xüsusi proqramlarını bitirib.

Taleh Kazımov iş fəaliyyətinə təhsil aldığı dövrdə başlamış, “ATTAS PR”, “European Tobacco” şirkətlərində ofis köməkçisi və informasiya texnologiyaları üzrə operator kimi işləyib. 

Qeyd edək ki, onun maliyyə sektorunda peşəkar fəaliyyəti isə 2004-cü ildən başlayıb. Belə ki, 2004-2006-cı illərdə “Bank Standard” QSC-də müxtəlif vəzifələrdə, o cümlədən Maliyyə və mühasibat uçotu idarəsinin Xəzinədarlıq və fondlar şöbəsində mütəxəssis, Maliyyə nəzarəti departamentinin İdarəetmə və büdcə planlaşması şöbəsində, daha sonra isə Kredit siyasəti departamentinin Korporativ müştərilərin kreditləşmə şöbəsində aparıcı mütəxəssis vəzifələrində işləyib.

O, 2006-cı ildən 2007-ci ilədək “Ernst&Young” şirkətində auditor vəzifəsini tutub. 2007-ci ilin yanvar ayından aprel ayınadək “Fineko Analitika və İnformasiya Agentliyi” ASC-nin baş direktoru vəzifəsində çalışıb.

Taleh Kazımov 2007-ci ildə isə “PAŞA Bank”da fəaliyyəti başlayıb. Həmin dövrdə o, Risklərin idarəedilməsi departamentinin meneceri vəzifəsində işləyib, 2009-cu ildən isə Bankın Xəzinədarlıq və pul bazarı departamentinin direktoru vəzifəsini tutub. 
7 dekabr 2011-ci ildən “PAŞA Bank”ın İdarə heyətinin üzvü seçilib, korporativ və biznes-bankinq istiqamətləri, investisiya bloku, ticarət maliyyələşdirməsi, maliyyə institutları və kredit menecmenti sahələrini kurasiya edib. 

Kazımov 1 iyul 2015-ci il tarixində “PAŞA Bank”ın İdarə heyətinin sədri və Baş icraçı direktoru vəzifəsinə təyin olunub və hazırda həmin vəzifələri icra etməkdədir.
O, ailəlidir, iki övladı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12549
avatar

Aytəkin Cəlali

Oxşar yazılar