Dünyada  hərbi xərclər   rekord qırdı: Lider ölkələr
25 aprel 2023 19:16 (UTC +04:00)

Dünyada hərbi xərclər rekord qırdı: Lider ölkələr

2022-ci ildə ümumi dünya hərbi xərcləri 3,7 faiz artaraq 2,24 trilyon dollarlıq yeni rekorda çatıb. Xərclər baxımından ABŞ liderlik etdiyi halda, Avropada ən sürətli artım müşahidə edilib.

Lent.az xarici mediaya istinadən bildirir  ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu məlumat yayıb.

Qeyd olunur ki, ötən il qlobal hərbi xərclər ardıcıl səkkizinci il artıb. Xərclərdə ən kəskin artım (+13 faiz) Avropada müşahidə olunub və bu, ilk növbədə Ukrayna və Rusiyanın xərcləmələri hesabına baş verib.

Ötən il orduya ən böyük xərclər ABŞ, Çin və Rusiya tərəfindən qeydə alınıb. Onlar birlikdə ümumi qlobal xərclərin 56 faizini təşkil edib. Ötən il NATO üzvlərinin xərcləri 1,232 trilyon dollar (+0,9 faiz) təşkil edib.

Çin 2022-ci ildə təxminən 292 milyard dollar xərcləyərək dünyanın ikinci ən böyük hərbi xərcləyən ölkəsi olaraq qalır. Bu, 2021-ci illə müqayisədə 4,2 faiz, 2013-cü ildəkindən isə 63 faiz çoxdur. Çinin hərbi xərcləri 28 il ardıcıl olaraq artmaqdadır.

Yaponiyanın hərbi xərcləri 2021-2022-ci illər arasında 5,9 faiz artaraq 46 milyard dollara və ya ÜDM-in 1,1 faizinə çatıb. Bu, Yaponiyanın 1960-cı ildən bəri ən yüksək hərbi xərcləridir. Hindistanın 81,4 milyard dollar (+6 faiz illik) xərcləri dünyada dördüncü ən yüksək xərc olub. Beşinci ən böyük hərbi büdcə 16 faiz artaraq 75 milyard dollara çatan Səudiyyə Ərəbistanıdır ki, bu da 2018-ci ildən bəri ilk artımdır.

Ən kəskin artım Finlandiyada (+36 faiz), Litvada (+27 faiz), İsveçdə (+12 faiz) və Polşada (+11 faiz) müşahidə olunub. Qeyd olunur ki, Rusiyanın Ukraynanın Krımını ilhaq etdiyi 2014-cü ildən bəri keçmiş Şərq Bloku ölkələrinin bir çoxu hərbi xərclərini iki dəfədən çox artırıb.

Eyni zamanda, Böyük Britaniya Mərkəzi və Qərbi Avropada ən yüksək hərbi xərclərə sahib olub - 68,5 milyard dollar, onun təxminən 2,5 milyard dolları (3,6 faiz) Ukraynaya maliyyə hərbi yardımıdır.

Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra bir sıra dövlətlər hərbi xərclərini əhəmiyyətli dərəcədə artırıb, digərləri isə on ilə qədər bir müddət ərzində xərclərin səviyyəsini artırmağı planlaşdırdıqlarını açıqlayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1842
avatar

Oxşar yazılar