2023-cü ildə sərgi mövsümünün uğurla başa çatması ilə artıq yeni sərgi ilinə hazırlıq sürətlə davam edir. “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri 2024-cü ilin beynəlxalq sərgilər mövsümünə mart ayında start verəcək.
2024-cü ildə Azərbaycanın dövlət qurumlarının rəsmi dəstəyi ilə keçiriləcək tədbirlərin sayı 14 olacaq.
“Caspian Event Organisers” və “Iteca Caspian” şirkətlərinin təqvimində yer alan ilk tədbir Bakı Su Həftəsi adı altında baş tutacaq Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransıdır. Sərgiyə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən rəsmi dəstək göstərilir. Ölkəmizdə ilk dəfədir ki, keçiriləcək bu yeni sərgi 12-14 mart 2024-cü il tarixlərində Bakı Ekspo Mərkəzində təşkil ediləcəkdir. Bəşəriyyət bu gün ciddi ekoloji problemlərlə üzləşir. Əsas problemlərdən biri isə bütün dünyanı təhdid edən şirin su ehtiyatlarının tükənməsidir. Azərbaycan da bu cəhətdən istisna deyil. Su ehtiyatlarının idarə edilməsi həm ekoloji baxımdan, həm də ölkənin su təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bununla əlaqədar Bakı Su Həftəsi həm ölkəmiz, həm də bütün region üçün çox böyük əhəmiyyət kəsb edir. Tədbir çərçivəsində Azərbaycanda bu sahənin gələcək inkişafı, mövcud çağırışlar və onların həlli yolları, maraqlı tərəflər üçün yeni imkanlar müzakirə olunacaq. Sərginin sponsorları “Agro Food Investments”, “ACWA Power”, “GEO-SU GROUP”, “HİDROLOQ”, “IDE Technologies”, “KOLIN İnşaat”, “Körpü Bina Tikinti” (KBT) və “Özgün İnşaat” şirkətləridir.
Sərgi mövsümü 15-17 may tarixlərində 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi “Caspian Agro” və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri ilə davam edəcək. Ölkənin qeyri-neft sektorunda prioritet sahələr olan kənd təsərrüfatı və qida sənayesi üzrə beynəlxalq sərgilər 2023-cü ildə Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını və açıq meydançalarını əhatə edib. Sərgilərdə 31 ölkədən 479 şirkət iştirak edib, 9 ölkə milli stendlərlə təmsil olunub. Əvvəlki illərdə olduğu kimi, 2023-cü ildə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərgiləri ziyarət etmiş, sərgi ekspozisiyaları və iştirakçıları ilə tanış olmuşlar. 2024-cü ildə də müxtəlif ölkələrdən çoxsaylı şirkətlərin sərgilərdə iştirakı gözlənilir. Hazırda sərginin açıq və qapalı ərazisinin əksər hissəsi şirkətlər tərəfindən tutulmuşdur. “Caspian Agro” sərgisinin sponsorları “traktor.az” və “Rostselmaş” şirkətləridir. Sərgilərin dəstəkçiləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatıdır (FAO).
Yaz mövsümü 4-6 iyun tarixlərində keçiriləcək Bakı Enerji Həftəsi ilə davam edəcəkdir. Regionun enerji sahəsində əsas hadisəsi olan Bakı Enerji Həftəsi üç mötəbər tədbiri bir brend altında birləşdirir: 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” sərgiləri və 29-cu Bakı Enerji Forumu. 2023-cü ildə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə 38 ölkədən 331 şirkət qatılıb.
Bu tədbir 29 ildir ki, neft, qaz və enerji sektorunda mühüm əməkdaşlıq platformasına çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin əvvəlki illərdə olduğu kimi 2023-cü ildə də Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı tədbirin yüksək statusunun göstəricisidir. Tədbirin açılış mərasimindən sonra Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Bakı Enerji Həftəsi çərçivəsində buraxılmış poçt markalarına möhür vurmuşdur. Bundan başqa, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden və Böyük Britaniyanın Baş naziri Rişi Sunak tərəfindən tədbir iştirakçılarına salamlama məktubları ünvanlanıb. Eləcə də, Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiyası üzrə direktoru Kristina Lobillo Borrero açılış mərasimində çıxış edib. Ənənəvi olaraq, 2023-cü ildə də Bakı Enerji Həftəsinə əlaqədar dövlət strukturlarının, enerji sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbər şəxləri, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin başçıları qatılıb. Bakı Enerji Həftəsinə Naxçıvan şəhərində SOCAR-ın dəstəyi ilə keçirilən və yaşıl enerji mövzusunu əhatə edən xüsusi sessiya ilə yekun vurulmuşdur.
Bakı Enerji Həftəsi Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR-ın dəstəyi ilə keçirilir. Tədbir çox sayda sponsorlar cəlb edir. Bakı Enerji Həftəsin builki sponsorları “ADNOC”, “Ansaldo Energia”, “AIQ”, “Baku Steel Company”, “bp”, “Caspian Drilling Company”, “Caspian Marine Services”, “GAP İnşaat”, “GL”, “INPEX”, “KOLIN İnşaat”, “Nobel Energy”, “SLB”, “TotalEnergies”, “Turkiye Petrolleri”, “Uniper” şirkətləridir. Bakı Enerji Forumunun intellektual tərəfdaş qismində “Boston Consulting Group” şirkəti çıxış edir.
Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi ilə eyni tarixlərdə keçiriləcək növbəti tədbir 21-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “Translogistica Caspian” Sərgisi olacaqdır. Tədbirdə dəmir yolu nəqliyyatı, dəniz sənayesi, aviasiya və kommersiya nəqliyyatı ilə bağlı müzakirələr aparılacaq. 2023-cü ildə sərgiyə dünyanın on ölkəsindən şirkətlər qatılıb. 2024-cü ildə isə Azərbaycanla yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Finlandiya, İsveçrə, Qazaxıstan, Latviya, Rumıniya, Rusiya Federasiyası, Türkiyədən olan şirkətlər artıq öz iştirakını təsdiqləyib. Sərgi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi tərəfindən dəstəklənir.
5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 14-сü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları “Securex Caspian” Sərgiləri payız sərgi mövsümünə start verəcək. Sərgilər 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək. “ADEX” sərgisinin yüksək statusunu və ölkədə müdafiə sənayesinin inkişafı üçün əhəmiyyətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev illər ərzində sərgini ziyarət etməsi və sərgi ekspozisiyası ilə tanış olması təsdiqləyir. “ADEX” Azərbaycan Respublikasının və dünya şirkətlərinin hərbi-sənaye komplekslərinin gücü və qüdrətinin genişmiqyaslı nümayişi, hərbi-texniki sahədə yerli və xarici ekspertlər arasında konstruktiv ünsiyyət, təcrübə mübadiləsi və səmərəli əlaqələrin qurulmasına şərait yaradır. İki ildə bir dəfə təşkil edilən sərgidə 2022-ci ildə 208 şirkət və 8 milli qrup təmsil olunub, eləcə də tədbirə 8967 peşəkar ziyarətçi qatılıb. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilati dəstəyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilən “ADEX” sərgisinə müxtəlif ölkələrdən yüksək vəzifəli şəxslər səfər edir. Sərgini dünyanın 33 ölkəsini təmsil edən 33 hərbi nümayəndə heyəti, o cümlədən 150 rəsmi nümayəndə ziyarət edib. “ADEX 2024” sərgisində Azərbaycanla yanaşı, Belarus, Bolqarıstan, Çexiya, Çin, Əlcəzair, İsrail, Rusiya Federasiyası, Serbiya və Türkiyə kimi ölkələr artıq iştirakını təsdiqləyib.
Regionun ən böyük tikinti tədbiri - Xəzər İnşaat Həftəsi sərgi təqvimində yer alan növbəti hadisə olacaqdır. 15-17 oktyabr tarixlərində Xəzər İnşaat Həftəsi çərçivəsində 4-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı “Rebuild Karabakh”, 29-cu Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” və 16-cı Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgiləri təşkil ediləcək. Bu tədbirlərlə eyni tarixlərdə 12-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic” sərgisi keçiriləcəkdir.
2023-cü ildə sərgilərin miqyası daha da genişlənərək, əvvəlki illərlə nisbətdə ekspozisiyada artım nümayiş etdirib: 2023-cü ildə tədbir Bakı Ekspo Mərkəzinin artıq 3-cü zalını da əhatə edib. Xəzər İnşaat Həftəsinə 23 ölkədən 391 şirkət qatılıb. Ötən illər ərzində “Rebuild Karabakh” sərgisi Azərbaycanda sərgi sənayesinin əhəmiyyətli hadisələrindən birinə çevrilib. Sərginin ölkəmiz üçün əhəmiyyətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərgi iştirakçılarına salamlama məktubu göndərməsi bir daha sübut edir. Həmin məktub sərginin rəsmi kataloqunda da dərc olunur. “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri bundan əvvəlki illərdə olduğu kimi 2023-cü ildə də sərgilərdən əldə olunan gəlirin bir qismini işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə edib.
Sərgi mövsümü oktyabrın 31-dən noyabrın 2-dək keçiriləcək 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex” sərgisi ilə yekunlaşacaq. Sərgi növbəti dəfə sənaye mütəxəssisləri və sahibkarlar üçün işgüzar əlaqələrin inkişafı, biznes əlaqələrinin qurulması, məlumat mübadiləsi aparmaq və əlverişli müqavilələr bağlamaq üçün səmərəli platforma rolunu oynayacaq. 2023-cü ildə “Medinex” sərgisi səhiyyə mütəxəssislərini bir araya gətirən mühüm səmərəli müstəvi rolunu oynayıb. Sərgidə ümumilikdə 14 ölkədən 100 şirkət iştirak edib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən “Medinex 2023” sərgisinin dəstək göstərilmişdir.
2024-cü ildə sərgi təqvimində yer alan beynəlxalq sərgilərdən bir də Xüsusi Qayğıya Ehtiyacı Olan İnsanlar üçün “Fərqli Fərdlər” Konqresidir. Konqres yarandığı dövrdən etibarən ilk dəfə olaraq Azərbaycanda deyil, başqa bir ölkədə baş tutacaqdır. Xüsusi qayğıya ehtiyacı olan insanlara həsr olunmuş sayca 6-cı tədbir 7 oktyabrda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcəkdir. 2023-cü ildə Bakıda təşkil olunmuş konqresdə “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətlərinin beynəlxalq tərəfdaşları olan “ICA Events” şirkətinin nümayəndələri də iştirak etmiş və bu tədbirdən böyük təəssüratla ayrılmışlar. Eyni zamanda konqres Azərbaycan hüdudlarından kənarda da böyük marağa səbəb olmuşdur. Bununla əlaqədar, konqresin 2024-cü ildə Dubayda keçirilməsinə qərar verilmişdir. “Fərqli Fərdlər” Konqresi 2023-ci ildə Heydər Əliyev Mərkəzində “Bir ömür yolu” şüarı altında təşkil edilmiş və 5 illik yubileyini qeyd etmişdir. Bu müddətdə daha da inkişaf edən konqresin gündəliyindəki mövzular genişlənərək, nəinki xüsusi qayğıya ehtiyacı olan uşaqları, eləcə də böyükləri əhatə edib. “Fərqli Fərdlər” Konqresi Bakıda yenidən 2025-ci ildə təşkil ediləcəkdir.
2023-cü böyük marağa səbəb olmuş daha bir tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi oldu. "Caspian Event Organisers" şirkətinin təşkilati dəstək göstərdiyi kitab sərgi-yarmarkasında 11 ölkədən 31 xarici təşkilat, 131 yerli nəşriyyat-poliqrafiya müəssisəsi iştirak edib. Sərgi 2023-cü ildə rekorda imza atıb. Belə ki, sərgiyə rekord sayda ziyarətçi - 59 000 insan qatılıb.
Beynəlxalq sərgi və tədbirlər təşkilatçıları - “Caspian Event Organisers” (CEO) və “Iteca Caspian” şirkətlərinin təşkil etdiyi tədbirlər 2023-cü ildə də böyük iştirakçı və ziyarətçi kütləsi cəlb edib. Sahəyə aid dövlət təşkilatlarının dəstəyi ilə ötən il on üç ticarət-sənaye sərgisi, bir konfrans və bir forum təşkil edilib. 2023-cü ildə təşkil edilmiş beynəlxalq sərgilər 50-yə yaxın ölkədən 1378 şirkəti bir araya gətirib ki, onlardan 730-dan çoxu xarici ölkələrin təmsilçiləri olub. Bu sərgilər ümumilikdə 98 minə yaxın ziyarətçi qəbul edib. Onlardan 38852 nəfəri peşəkar ziyarətçi, 2606 nəfəri isə xarici ziyarətçilər olub. Sərgilərin ayrılmaz hissəsi b2b görüşləri olub. 2023-cü ildə 340-a yaxın beynəlxalq işgüzar görüşlər keçirilib.
Tədbirlərin beynəlxalq statusu Ümumdünya Sərgi Sənayesi Assosiasiyasına (UFI) üzvlük sayəsində daha da möhkəmlənmişdir. Belə ki, burada sərgilər bəyan etdikləri məlumatlar və təşkilatçılıq səviyyəsinə uyğunluq üzrə tam yoxlanılaraq sonradan müvafiq keyfiyyət nişanı ilə təltif edilir.
Eyni zamanda, bu tədbirlər ötən il olduğu kimi 2024-cü ildə də Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən aktiv şəkildə dəstəklənir. 2024-cü ildə fəaliyyətinin 1 ilini qeyd etmiş təşkilata artıq 40-dan çox üzv daxildir. Assosiasiyaya daxil olan şirkətlər iri beynəlxalq tədbirlərin keçirilməsində iyirmi ildən artıq təcrübəyə malikdir. ASTA Azərbaycanda keçirilən konqres və sərgi fəaliyyəti çərçivəsində tədbirlərin yüksək səviyyədə təşkilini təmin etmək üçün dövlət qurumları, biznes sektoru və ictimai təşkilatlarla fəal əməkdaşlıq edir.
Son dövrlərdə Azərbaycan artıq beynəlxalq işgüzar tədbirlərin təşkil edildiyi mərkəz kimi tanınır. Azərbaycan konqres və sərgi fəaliyyətlərində fəal iştirak edir, inkişaf etmiş infrastruktura malikdir və Formula 1 Qran Prisi, SPECA ölkələri sərgisi, Eurovision Mahnı Müsabiqəsi, Avropa Olimpiya Oyunları, İslam Həmrəyliyi Oyunları, Şahmat Olimpiadası, Bakı Beynəlxalq Humanitar Forumu və s. kimi böyük beynəlxalq tədbirlərin uğurlu təşkilatçısı təcrübəsinə sahibdir. Müstəqillik əldə etdikdən sonra isə Azərbaycan Bakı Enerji Həftəsi, Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi “Caspian Agro”, Xəzər İnşaat Həftəsi kimi öz sərgi brendlərini yaradıb və bu tədbirlər ölkə hüdudlarından kənarda da tanınır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin təşkilinin Azərbaycana həvalə edilməsi ölkənin dünyada beynəlxalq və geniş miqyaslı təbirlərin uğurlu təşkilatçısı statusunu bir daha sübüt edir. Bu beynəlxalq ictimaiyyətin Azərbaycana göstərdiyi böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə həyata keçirdiyi uğurlu fəaliyyətin bariz nümunəsidir. COP29 11-24 noyabr 2024-cü il tarixlərində keçiriləcəkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu əlamətdar hadisə “Caspian Event Organisers” (CEO) və “Iteca Caspian” şirkətlərinin tədbirlər proqramında da öz əksini tapacaqdır.
Əvvəlki illərdə olduğu kimi 2024-cü ildə də Korporativ Sosial Məsuliyyət siyasəti üzrə tədbirlər davam etdiriləcəkdir. Bu vaxtadək “Caspian Event Organisers” (CEO) və “Iteca Caspian” şirkətlərinin fəaliyyətində bu istiqamətdə bir sıra tədbirlər öz əksini tapmışdır. Təşkil edilən sərgilər zamanı uşaq sığınacaqları, xeyriyyə cəmiyyətlərinin yetirmələrinin, eləcə də xüsusi qayğıya ehtiyacı olan inasanların incəsənət sərgiləri keçirilir və onların əl işləri nümayiş olunur.
Bundan başqa, təşkil edilən tədbirlər zamanı tullantıların qarşısının alınmasına yönəlmiş prinsiplər toplusu olan “Zero Waste” proqramı və “Zero Food Waste” təşəbbüsünə əsasən qidadan optimal istifadə prinsipi tətbiq olunur.
2023-cü ildə Bakı Enerji Forumunda qaldırılan mühüm mövzular sırasına xalis sıfır emissiya, “Zero Waste” (Sıfır Tullantı) proqramı da daxil edilmişdir. “Zero Waste” proqramı həm də ilk dəfə olaraq tam şəkildə forum çərçivəsində tətbiq olunmuşdur. Bu məqsədlə, tədbir zamanı çap vasitələrindən istifadə minimuma endirilərək, elektron vasitələrə üstünlük verilmişdir. Bununla yanaşı, tədbirin keçirildiyi Bakı Konqres Mərkəzi də ekoloji konseptdə inşa edilib. Mərkəzdə quraşdırılmış günəş enerjisi panelləri vasitəsilə enerji istifadəsinə sərf olunan xərclərə qənaət edilir.
Bakı Enerji Forumu çərçivəsində, həmçinin “Mini Boss” məktəbinin tələbələrinin “Econotes” adlı startapı da nümayiş olunub. Startapın ideyası baş tərəfində toxum olan ekoloji cəhətdən təmiz materiallardan hazırlanmış qələmlərdir.
Beləliklə, 2024-cü il də mühüm beynəlxalq sərgilərlə zəngin bir il olacaqdır. 2024-cü ildə keçiriləcək tədbirlər haqqında ətraflı məlumatları www.iteca.az və www.ceo.az saytlarından, eləcə də sosial şəbəkə hesablarından əldə etmək mümkündür.