Lider operator növbəti dəfə beynəlxalq ISO/IEC 27001 sertifikatı ilə təltif olundu
Abunəçilərinin həyat keyfiyyətini yaxşılaşdırmaq, təhlükəsizliyi artırmaq və ölkənin beynəlxalq telekommunikasiya bazarına inteqrasiyasına dəstək olmaq üçün yeni biznes strategiyasını həyata keçirməklə yanaşı daxili proseslərini də təkmilləşdirən “Azercell Telekom” MMC növbəti uğura imza atıb. Norveçin “DNV” şirkəti tərəfindən aparılmış auditin nəticəsi olaraq ölkənin lider mobil operatorunun İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi növbəti dəfə Beynəlxalq ISO/IEC 27001 sertifikatına layiq görülüb.
ISO/IEC 27001 sertifikatı “Azercell Telekom”da məlumatların məxfiliyi, bütövlüyü və əlçatanlığını beynəlxalq standartların tələblərinə uyğun olaraq yüksək səviyyədə qorunmasını bir daha sübut edir. “Azercell Telekom” ölkədə bu sertifikata layiq görülən ilk və yeganə mobil operatordur. Şirkətin ISO/IEC 27001 sertifikatına uyğunluğu ilk dəfə 2019-cu ildə təsdiq edilib.
Qeyd edək ki, ISO/IEC 27001 standartı Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) və Beynəlxalq Elektrotexnika Komissiyası (IEC) tərəfindən hazırlanıb. Standarta uyğunluq sertifikatı yalnız ISO/IEC 27001 standartınin tələblərini tam qarşılayan, informasiya təhlükəsizliyi risklərini optimal idarə edən, davamlı olaraq təkmilləşdirən, audit yoxlamaları həyata keçirən və qanunvericilik üzrə qoyulan tələblərə uyğun məlumat təhlükəsizliyini təmin edən şirkətlərə təqdim olunur.