Lider mobil operator müştərilərə eSİM xidmətinə ödənişsiz və onlayn keçid etməyə imkan yaradır
“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!” strateji məqsədinə sadiq qalaraq, “Azercell Telekom” bütün istifadəçiləri üçün müasir rəqəmsal xidmət üsullarını daha da rahat edir. Lider mobil operatorun təqdim etdiyi eSİM xidməti, şirkətin məhsul və xidmətlərini rəqəmsallaşdırmaq, abunəçilərinə daha çevik və yeni formatlı müştəri təcrübəsi imkanları yaratmaq istiqamətində növbəti addımdır.
Mövcud "Azercell" nömrəsini eSİM-ə dəyişmək istəyən abunəçilər "Azercell"in onlayn satış platforması www.azercellim.com üzərindən birdəfəlik OTP kod vasitəsilə xidməti tam ödənişsiz aktivləşdirə bilər. Abunəçilərin, həmçinin şirkətin satış məntəqələrinə də müraciət edərək bu xidmətdən yararlanması mümkündür. Qeyd etmək lazımdır ki, eSİM ilk keçid əməliyyatı pulsuz, sonrakı bütün SIM kart dəyişiklikləri isə mövcud tariflərə uyğun ödənişli əsaslar ilə təklif ediləcək.
"Azercell" eSİM nömrələrini ilk dəfə əldə edən şəxslər isə xidmətdən operatorun diler şəbəkəsində, və ya Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərən SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə onlayn şəkildə faydalana bilər. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin yaratdığı SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imza vasitəsilə imzalanmış sənədlər hüquqi baxımdan əl imzasına bərabərdir.
"Azercell" tərəfindən təqdim olunan eSİM nömrələrində bir neçə səviyyəli inteqral təhlükəsizlik və autentifikasiya protokolu mövcuddur.