“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti dekabrın 18-də əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınmış Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 251/253, 252/254 və 255/256 saylı reyslərinin sərnişinlərinə müraciət edib.
AZAL-ın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıdan Naxçıvana bütün uçuşlar saat 21:10 və 23:30-da həyata keçiriləcək.
Qeyd olunub ki, Naxçıvandan Bakıya uçuşlar saat 23:30 və 01:50-də (21 dekabr) yerinə yetiriləcək:
“Planlaşdırılan uçuşa qeydiyyatdan keçmək üçün bu gün, dekabrın 20-də hava limanına öncədən yaxınlaşmağınız xahiş olunur.
AZAL təxirə salınmış reyslərin sərnişinlərindən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir.
Bununla yanaşı, xüsusilə qeyd edirik ki, uçuşların təhlükəsizliyi məqsədilə bütün reyslər yalnız əlverişli hava şəraitində həyata keçiriləcək”.