“Azercell Telekom”-un təşəbbüsü ilə “Şuşa ili”nə həsr olunmuş “Audiokitab” layihəsinin təqdimatı keçirilib.
Lent.az xəbər verir ki, "Azercell"-in Media ilə Əlaqələr şöbəsinin direktoru Nigar Şıxlinskaya layihə haqqında iştirakçılara barədə məlumat verib.
Onun sözlərinə görə, azərbaycanlı müəlliflərin əsərlərini rəqəmsal formata keçirməklə şirkət xüsusi olaraq həm gənclər arasında mütaliə mədəniyyətini genişləndirmək, həm də müasir oxuculara dünyanın bütün nöqtələrində rəqəmsal cihazlar vasitəsilə xalqımızın mədəni irsini daha əlçatan və rahat etməyi qarşısına məqsəd qoyur:
“Məhz bu niyyətlə elektron kitabxananın inkişafında Azercell-in növbəti təşəbbüsü beynəlxalq elektron platforma vasitəsilə Şuşada doğulub, yazıb-yaratmış müəlliflərin əsərlərinin audiokitab formatında dünyanın beş dilində təqdim edilməsi oldu.”
Bu xidmətin köməyilə mobil cihaz istifadəçiləri asudə vaxtlarında məkandan asılı olmayaraq istənilən yerdə arzuladıqları kitabları dinləyə bilərlər. Xidmətin məqsədi gənc nəslə ədəbiyyata marağı aşılamaq, doğma dilimizdə ədəbi kontentin geniş müstəvidə təbliğ olunmasına dəstək olmaqdır.
Layihə çərçivəsində “Azercell”-in dəstəyilə bu əsərlərdən parçalar audiokitab formatında tərtib edilib.
Tədbirdə Əhməd bəy Ağaoğlunun həyatı barəsində hazırlanmış komiks animasiyası nümayiş etdirilib.
Yuğ teatrının aktrisası Natavan Qeybani iştirakçılara Xurşidbanu Natavanın “Dilbəra, dərdi-dilimdən belə ünvan etdim” əsərindən bir parça səsləndirib.
Qeyd edək ki, bu əsərlər azərbaycan, türk, rus, ingilis və fransız dillərində qədim simli musiqi alətlərinin müşayiəti altında səsləndirilib.