“Dövlət dəstəyinin göstərilməsi ilə bağlı 9 proqram hazırlanıb. Proqramlar hazırlanarkən, ilk növbədə, pandemiyadan zərər çəkmiş sahələrin müəyyənləşdirilməsi həyata keçirilib. Bu, 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.
A.Hüseynov deyib ki, dövlət başçısının tapşırığına uyğun olaraq müvafiq qurumların apardığı qiymətləndirmələrə əsasən, qlobal xarici şokların Azərbaycan iqtisadiyyatına neqativ təsirlərini müəyyənləşdirib: “Bunlar ictimai iaşə, xidmət, turizm, hotellər və “Mall”lar, əyləncə, nəqliyyat, əmək bazarı, məşğulluq və s. sahələrdir. Bu sahələrin hər birini əhatə edən proqramlar mövcud mənfi halların tamamilə aradan qaldırılmasını pzündə birləşdirən kompleks və sistemli tədbirlər planı deməkdir”.
A.Hüseynov qeyd edib ki, birinci və əhatəli olan proqram 304 min muzdlu işçinin çalışdığı 44 min sahibkarlıq subyektini əhatə edir: “Bu proqramın fəlsəfəsi həmin işçilərin əmək haqqının əhəmiyyətli hissəsinin ödənilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyinin təqdim edilməsindən ibarətdir. Hazırda ölkədə 1 milyon 555 min əmək müqaviləsi var ki, bunun da 915 mini dövlət və neft sektorlarında, qalan 640 mini isə qeyri-dövlət və qeyri-neft sektorlarındadır. Beləliklə, proqramın əhatə etdiyi 304 min işçi bu sektorlarda çalışanların 45 faizindən çoxunu təşkil edir. Proqramın tətbiq mexanizmi ondan ibarətdir ki, burada ya işçinin real maaşı və ya respublika üzrə orta aylıq əmək haqqı əsas götürüləcək. Yanvar ayının nəticələrinə görə, respublika üzrə orta aylıq əmək haqqı 712 manat təşkil edib. Proqram çərçivəsində aylıq əməkhaqqı fondunun 50%-nin birbaşa maliyyə vəsaiti şəklində sahibkarlara və müəssisələrə ayrılacaq”.
Millət vəkili nəzərə çatdırıb ki, digər böyük proqram 290 mindən çox mikro və fərdi sahibkarı əhatə edir. Burada söhbət fərdi şəkildə fəaliyyət göstərən sahibkarlardan gedir: “Bir qayda olaraq, mikro sahibkarların maliyyə yastığı dardır. İqtisadi fəaliyyətə tətbiq edilən iqtisadi fəaliyyətə məhdudiyyətlər, ilk növbədə, bu sektora təsir edib. Bu sektorun qorunub saxlanması üçün dəstəyə ehtiyacı var. Burada baza kimi mikro sahibkarların 2019-cu il ərzində həyata keçirdiyi vergi ödənişlərinə istinad ediləcək, ödənişlərin və birbaşa yardımların edilməsində həmin bazaya əsaslanılacaq”.
Biznesə vergi güzəştləri və imtiyazlar proqramından danışan millət vəkili vurğulayıb ki, burada, əsasən, pandemiyanın mənfi təsirləri altında olan, həmçinin, bir sıra digər sahələrə də müxtəlif güzəştlər nəzərdə tutulur. Burada da əsas məntiq ondan ibarətdir ki, güzəştlər hesabına ən çox mənfi təsir altında olan sahibkarlar və sferalar qorunsun, onların əlavə likvidlik təzyiqi ilə üzləşməsinə imkan verilməsin. İpoteka kreditlərinin dəstəklənməsi mexanizmindən bəhs edən A. Hüseynov qeyd edib ki, bu proqramın əsas məqsədi tikinti sektorunun, xüsusilə də sosial mənzil layihələri, həm də özəl sektorda tikinti layihələrinin davamlılığını təmin etməkdir. Bu siyasətin daha bir istiqaməti kimi bank kreditlərinə dəstək mexanizmdir, bu məqsədlə 1 milyard manatlıq vəsait də kredit portfelinə dəstək proqramıdır. “Həmçinin, real sektorun kreditləşməsi hökumətin prioritetidir. Bu baxımdan, bundan sonra da bank sektorunda canlanmanı təmin etmək üçün real sektorun banklar vasitəsilə maliyyələşdirilməsi nəzərdə tutulur. Beləliklə, banklar tərəfindən yeni verilən kreditlərinin 60%-nə dövlət tərəfindən zəmanət veriləcək. Belə kreditlərin maksimal illik faizi 15%-i keçməməlidir və müddəti isə 3 ilə qədər olmalıdır. Bu kreditlər üzrə faizlərin yarısı dövlət büdcəsi hesabına subsidiyalaşdırılacaq”.
Millət vəkili qeyd edib ki, insanlara sosial dəstək tədbirləri proqramların içərisində xüsusi əhəmiyyət malikdir. Onlardan biri əhalinin elektrik enerjisinin kommunal limitinin artırılması proqramı da birbaşa sosial xarakterlidir: “Karantin rejimi ilə əlaqədar insanların evdə qalması səbəbindən istehlak olunan enerjinin həcmi artıb. Əhalinin həssas qrupları üçün bu xüsusilə nəzərə alınacaq. Mühüm proqramlardan biri də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı olacaq”.
A.Hüseynov bildirib ki, proqramların maliyyə tutumu 2,5 milyard manatdır və Azərbaycanın ÜDM-nin 3%-ni təşkil edir: “İqtisadiyyatın həcmi ilə müqayisədə nə MDB məkanında, nə regionda bu həcmdə dəstək paketi nəzərdə tutulub. Bu proqramlar genişmiqyaslı iqtisadi və sosial paket olmaqla həm iqtisadi sahədə artan dinamikaya müsbət təsir göstərəcək, eyni zamanda, həssas təbəqəyə aid olan vətəndaşları bu böhrandan qoruyacaq”.
Milli Məclisin deputatı qeyd edib ki, bu proqramlar dövlətin dəstəyinin bir hissəsidir və digər dövlət dəstəyi mexanizmləri üzərində də hazırda iş gedir.