Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 6 ay ərzində gördüyü işləri açıqladı
19 iyul 2012 12:05 (UTC +04:00)

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 6 ay ərzində gördüyü işləri açıqladı

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində cari ilin ilk yarısında bir sıra işlər aparılıb. Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görülmüş işlərin nəticəsi olaraq ölkə rəhbərliyi tərəfindən Dövlət Komitəsinin fəaliyyətinə böyük etimad göstərilib, fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsi ilə bağlı müvafiq sənəd imzalanıb.

“Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2012-ci il tarixli 604 nömrəli Fərmanı ilə A Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti, Dövlət Metrologiya Xidməti və Dövlət Akkreditasiya Xidməti yaradılıb. Bundan başqa, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin strukturuna daxil olan ərazi sınaq və sertifikatlaşdırma idarələrinin ləğvi ilə əlaqədar sertifikatlaşdırma üzrə qurumları akkreditasiyadan keçirməklə, sertifikatlaşdırma sahəsində işlərin səmərəli həyata keçirilməsini təmin etmək vəzifəsi Dövlət Komitəsinə həvalə olunub. Fərmanın 7.2.1-ci bəndi ilə beynəlxalq norma və prinsiplər, habelə mütərəqqi xarici təcrübə nəzərə alınmaqla "Akkreditasiya haqqında" Azərbaycan Respublikasının qanun layihəsini hazırlayıb, Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək vəzifəsi Nazirlər Kabinetinə həvalə edilib. Nazirlər Kabinetinin göstərişi ilə “Akkreditasiya haqqında” qanun layihəsi hazırlanaraq, razılaşdırılması üçün Ədliyyə Nazirliyinə təqdim olunub.
Bu ilin ilk yarısında Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə hazırlanmış “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihələri Milli Məclisdə qəbul edilib və Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanıb

Akkreditasiya olunmuş sertifikatlaşdırma orqanları tərəfindən ilin 6 ayı ərzində verilmiş 2 min 790 uyğunluq sertifikatı və onların materialları Dövlət Komitəsində nəzərdən keçirilib, ekspertizası aparılıb, sənədlərin tamlığı yoxlanılıb, ardıcıllığı təmin edilərək Dövlət Reyestrində qeydiyyata alınıb. Bundan başqa, hesabat dövrü ərzində Dövlət Gömrük Komitəsinin mərkəzi laboratoriyası tərəfindən verilmiş nəqliyyat vasitələrinin ekoloji normalara (Avro 2) uyğunluğunu təsdiq edən 20 805 uyğunluq sertifikatı haqqında məlumatlar da Reyestrə daxil edilib. Uyğunluq sertifikatları barədə məlumatlar yeni yaradılmış Uyğunluq Sertifikatlarının Elektron Reyestr Bazasında saxlanılır.

BMT-nin Uşaq Fondu (UNİCEF) Azərbaycan nümayəndəliyi ekspertləri və “Un məhsullarının dəmirlə zənginləşdirilməsi” adlı Amerika şirkətinin ekspertləri cari ilin 23 aprel tarixində Komitədə müvafiq görüş keçirib. Bunun nəticəsi olaraq, Komitənin müvafiq ekspertləri UNİCEF-in qeyd olunan məsələ ilə bağlı cari ilin iyun ayında Türkiyənin Ankara şəhərində təşkil etdiyi təlimdə iştirak etməyə dəvət olunublar. Tvinninq üzrə cari ilin əvvəlində edilmiş müraciətin nəticəsi olaraq, “Standartlaşdırma və Sertifikatlaşdırma Sahəsində Standartlaşdırma, Metrologiya və Patent üzə Dövlət Komitəsinin İmkanlarının Gücləndirilməsi” adlı Tvinninq layihəsinin 2013-cü ildə başlanılması və 1 illik müddəti əhatə etməsi gözlənilir. Dövlət Komitəsinin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində Komitə yanında yaradılan Dövlət Akkreditasiya Xidmətinin Akkreditasiya üzrə Avropa Əməkdaşlığı (EA - European co-operation for Accreditation) təşkilatına assosiativ üzv qismində və Laboratoriyanın Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatına (ILAC –International Laboratory Accreditation Cooperation) müşahidəçi üzv qismində qoşulmaq üçün müvafiq danışıqlara başlanılıb.

Texniki tənzimləmə və standartlaşdırma sahəsinin inkişaf etdirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılması, normativ sənədlərin dövlət fondunun genişləndirilməsi məqsədilə 6 ay ərzində Dövlət Komitəsi tərəfindən bir sıra işlər görülüb. Standartlaşdırma üzrə Milli Texniki Komitələrin formalaşdırılması və onların fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə “Qida məhsullarının standartlaşdırılması” (TK07), “İnformasiya-kommunikasiya texnologiyaları” (TK-05), “Keyfiyyətin idarə olunması sahəsi” (TK-08), “Ekologiya” (TK-09), “Turizm və yerdəyişmə vasitələrinin xidmətləri” (TK-06) üzrə Texniki Komitələrin bir neçə iclası keçirilib və növbəti fəaliyyət dövrü üçün tədbirlər planı hazırlanıb, yeni standart layihələrinin hazırlanması istiqamətində müzakirələr həyata keçirilib. İyunun 22-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə birgə yaradılmış “Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/Geomatika” (TK 11) Texniki Komitənin rəsmi təqdimat mərasimi keçirilib. Hesabat dövrü ərzində Azərbaycan Standartları İnstitutunun 2012-2014-cü illər üzrə tədbirlər planı müzakirə edilib və müvafiq əlavələr edilməklə təsdiqlənib. İnstitut tərəfindən dövlət qeydiyyatına alınması üçün təqdim edilmiş süfrə şərabları və xüsusi şərablar, çörək bulka məmulatları, ət məhsulları üzrə 21 standart layihəsinin ekspertizası aparılıb və rəy və təkliflər instituta təqdim edilib. Hazırda “Ekologiya” (TK-09) üzrə Texniki Komitə tərəfindən təqdim edilmiş 24 standart layihəsinin ekspertizası aparılır və müvafiq rəylər Texniki Komitəyə təqdim olunacaq. “AVRO-3” ekoloji norma tələblərini də müəyyən edən “Yol nəqliyyatı. Ekoloji siniflər” dövlət standart layihəsi müvafiq orqanlara rəy və təklifləri nəzərə alınmaqla hazırlanıb və cari ilin avqust ayında təsdiqlənərək dövlət qeydiyyatına alınıb.

Hesabat dövrü ərzində nəqliyyat vasitələrində sürücülərin və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində bir sıra işlər görülüb. BMT-nin Avropa İqtisadi Komissiyasının qaydaları əsasında standart layihələri hazırlanıb və sürücülərin və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində 80 standart dövlət qeydiyyatına alınıb. Ümumilikdə 2012-ci ilin birinci yarım ili üzrə 98 standart təsdiq edilib və dövlət qeydiyyatına alınıb.

Hesabat dövrü ərzində Komitə tərəfindən 70 müəssisəyə, o cümlədən 29 yanacaq doldurma məntəqəsinə, 5 maye-qaz doldurma məntəqəsinə, 4 alkoqollu içki, 1 əlvan metal, 1 neft məhsullarının istehsalına, 30 tibbi fəaliyyət ilə məşğul olmağa lisenziya alınması üçün rəy verilməsi ilə əlaqədar metroloji ekspertiza keçirilib və müvafiq rəy hazırlanıb. 107 ədəd yeni ölçmə vasitələrinin tipi təsdiq edilərək Azərbaycan Respublikasının ölçmə vasitələrinin Dövlət reyestrinə daxil edilib. “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2012-ci il tarixli 604 nömrəli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidməti dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunması, qorunub saxlanması, dövlət etalon bazasının formalaşdırılması və inkişaf etdirilməsi, yeni etalon laboratoriyaların yaradılması, dövlət etalonlarından kəmiyyət vahidlərinin hasil edilməsi, tabeçilik üzrə ötürülməsi, beynəlxalq tutuşdurmalarda iştirak edilməsini həyata keçirir. Hazırda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında Texniki Əməkdaşlıq Proqramı çərçivəsində Dövlət Metrologiya Xidməti nəzdində Etalon Dozimetrik Laboratoriyasının yaradılması layihəsi həyata keçirilir. Laboratoriya binasının tikintisi başa çatmaq üzrədir. Artıq AEBA tərəfindən metroloji avadanlıqların bir hissəsi - qamma kalibrlənmə qurğusu və 2 ədəd radioaktiv mənbə (Sr-90 və Cs-137) Azərbaycan Respublikasına gətirilmişdir. Avadanlıqların digər hissələri cari ilin sonunadək ölkəmizə gətiriləcək. Eyni zamanda dozimetrik laboratoriya üçün nəzərdə tutulmuş “Rentgen kalibrləmə qurğusunun” alınması məqsədilə işlər yekunlaşdırılıb. Laboratoriyanın bu ilin sonunadək tam istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası ilə AEBA-nın 2014-2015-ci illər üzrə Texniki Əməkdaşlıq Proqramına əsasən etalon dozimetrik laboratoriyasının nəzdində alfa, beta və qamma spektrometriya və radiokimya laboratoriyalarının yaradılması da təklif edilib.

6 ay ərzində Komitəyə 85 ədəd ixtira, 22 ədəd sənaye nümunəsinə dair iddia sənədi daxil olub. “Patent haqqında” Azərbaycan Respublikası Qanunun 28-ci, 29-cu maddələrinə əsasən iddia sənədləri üzrə ekspertiza aparılıb və nəticədə 112 ədəd ilkin ekspertiza sorğusu, 100 ədəd ekspertiza sorğusu qəbul olunub, ilkin ekspertizanın müsbət nəticəsi haqqında 44 ədəd bildiriş, iddia sənədi barəsində məlumatın dərci haqqında 45 qərar, patent verilməsi haqqında 5 ədəd qərar, 5 ədəd imtina bildirişi verilib. Hesabat dövründə əmtəə nişanlarının və coğrafi göstəricilərin ekspertizası ilə bağlı AzPatentə əmtəə nişanına dair 916 ədəd iddia sənədi, Madrid sazişi və protokolu çərçivəsində beynəlxalq əmtəə nişanlarına dair 1322 ədəd bildiriş daxil olub. Hesabat dövründə əmtəə nişanlarına dair 428 ədəd ilkin ekspertiza bildirişi, 10 ədəd ekspertiza sorğusu, əmtəə nişanının qeydiyyata alınması üçün iddia sənədinin baxılmağa qəbul edilməsi haqqında 532 ədəd arayış, əmtəə nişanının qeydiyyata alınması haqqında 468 ədəd qərar, 94 ədəd əmtəə nişanının qeydiyyata alınmasından imtina qərarı və 66 ədəd əmtəə nişanının qeydiyyata alınmasına dair ilkin imtina bildirişləri tərtib olaraq iddiaçılara təqdim edilib. Daxil olmuş iddia sənədlərinin ekspertizasının nəticələri əsasında ilk yarımillikdə 508 ədəd əmtəə nişanına dair şəhadətnamə, 57 ədəd ixtira, 10 ədəd sənaye nümunəsi, 6 ədəd faydalı modelə dair patent qeydiyyata alınaraq sahiblərinə verilib.

İlin ilk 3 ayında Azərbaycan Respublikası ərazisində 1 keyfiyyəti idarəetmə sistemlərini sertifikatlaşdıran orqanın, 2 inspeksiya orqanının fəaliyyəti razılaşdırılıb və 1 inspeksiya xidmətləri göstərən orqanın akkreditasiya edilməsi ilə bağlı işlər həyata keçirilib. Sonrakı müddət ərzində Azərbaycan Respublikası ərazisində 1 keyfiyyəti idarəetmə sistemlərini sertifikatlaşdıran orqanının fəaliyyəti razılaşdırılıb. Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) 8 ərazi şöbəsi istehlak mallarının sertifikatlaşdırılması üzrə orqan kimi akkreditasiya olunub. Dövlət Akkreditasiya Xidməti yaradılandan etibarən 38 laboratoriya AZS ISO/IEC 17025-2009 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” dövlət standartının tələblərinə uyğun akkreditasiya olunub. Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti yaradılanadək 2012-ci ilin I rübü ərzində Komitənin Dövlət Nəzarəti İdarələri tərəfindən ümumilikdə 305 dövlət nəzarəti qaydasında yoxlamalar həyata keçirilib. Bunlardan 117-si ərzaq məhsulları, 188-i qeyri ərzaq məhsullarının payına düşür. Yoxlamalar zamanı 174 müəssisədə nöqsan aşkar edilərək 174 iradnamə və 156 tələbnamə verilmişdir. Aparılmış yoxlamaların 44-ü çörək istehsalı, 15-i süd və süd məhsulları,18-i şərq şirniyyatı, 5-i alkoqollu içki istehsalı,10-u alkoqolsuz içki istehsalı, 9-u ət və ət məhsulları, 5-i kolbasa istehsalı, 6-sı şəkər və qənd istehsalı, 5-i isə digər yeyinti sahəsini əhatə edib. Aparılmış sınaqların mənfi olması səbəbindən 260 kq kolbasa, 540 litr meyvə şirəsi,131 kq süd məhsulları 2012-ci ilin I rübü ərzində məhv edilib. Ən çox nöqsanlar süd və süd məhsulları, şirniyyat və kolbasa məmulatlarında aşkar edilib.

Yeni yaradılmış Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Ərazi Dövlət Nəzarəti İdarələri tərəfindən isə qısa müddət ərzində (18.06.2012-30.06.2012) Bakı şəhəri üzrə 15, Sumqayıt Ərazi İdarəsi üzrə 4, Yevlax Ərazi İdarəsi üzrə 5, Gəncə Ərazi İdarəsi üzrə 8, Lənkəran Ərazi İdarəsi üzrə 7, Şəki Ərazi İdarəsi 8 olmaqla, ümumilikdə 47 istehsal sahəsində dövlət nəzarəti qaydasında yoxlamaların aparılması üçün sərəncam verilib. Aparılmış yoxlamaların nəticəsi olaraq 32 istehsal sahəsində normativ sənədlərin tələblərinə cavab verməyən məhsul istehsal olunduğuna görə həmin təsərrüfat subyektlərinə iradnamə və istehsalın qadağan olunması barədə 23 tələbnamə, 20 sahibkarlıq subyektinə məhsulların istehsalının və satışının qadağan olunması barədə tələbnamə verilmişdir. İstehsalının və satışının qadağan olunması barədə verilmiş tələbnamələrdən 4-ü süd məhsulları, 7-si alkoqolsuz içki, 6-sı çörək məhsulları, 2-si neft mədən avadanlıqlarından qazma qurğusuna və qaz balonlarına verilmişdir. Eyni zamanda 27 sahibkarlıq subyektində inzibati xəta aşkar olunduğundan protokol tərtib edilərək inzibati qaydada cərimə tətbiq edilib.
# 1704

Oxşar yazılar