Sosial ipoteka verilməyəcək
29 may 2009 17:30 (UTC +04:00)

Sosial ipoteka verilməyəcək

Gələn həftədən başlanacaq ipoteka kreditləşməsi ilə yalnız yeni tikililərdən ev almaq olar

İyunun 1-dən start götürəcək ipoteka kreditləşməsi yalnız kommersiya şərtləri əsasında 8 faizlə veriləcək. Güzəştli vətəndaşlar üçün nəzərdə tutulan sosial ipotekanın tətbiqi isə bu il nəzərdə tutulmur.

Azərbaycan İpoteka Fondundan Lent.az-a bildiriblər ki, yalnız kommersiya xarakterli ipotekanın verilməsi sosial yönümlü kreditləşmə ilə müqayisədə burda faiz dərəcələri daha yüksək olması ilə bağlıdır. Fond rəsmiləri hesab edirlər ki, bu, investorların ipoteka kağızlarına marağının artması və mənzil bazarındakı durğunluğun aradan qaldırılması üçün ciddi əsasdır.

Maraqlıdır ki, 2009-cu il büdcəsində ipoteka kreditlərinin verilməsi üçün ayrılmış 35 milyon manatın hamısı sosial ipotekanın maliyyələşdirilməsini nəzərdə tuturdu. Ötən ilin büdcəsində ipoteka üçün nəzərdə tutulmuş 12 milyon manatın da bu il eyni məqsədlərə xərclənməsi qərara alınmışdı. Lakin Azərbaycan İpoteka Fondu mayın 22-də yaydığı məlumatda bu vəsaitlərin hamısının yalnız kommersiya məqsədli adi ipotekaya xərclənəcəyini bəyan edib.

AİF-in kreditləşmə siyasətində daha bir sərtləşdirmə isə ipoteka predmeti olacaq mənzillərin yalnız yeni tikilən binalardan olması ilə bağlıdır. Fondda deyirlər ki, ölkədə tikinti sektorunu inkişaf etdirmək və iş yerlərini artırmaq məqsədilə müvəkkil banklara yalnız yeni tikililərdəki mənzilləri maliyyələşdirmək tövsiyə olunub. Ancaq bu, banklar qarşısında normativ tələb kimi qoyulmayıb.

Milli Məclisin iqtisadi siyasət daimi komitəsinin üzvü Vahid Əhmədov isə Lent.az-a açıqlamasında hər iki qaydanın “İpoteka kreditləri” haqqında qanuna zidd olduğunu deyib. Onun sözlərinə görə, 2007-ci ildə həmin qanuna edilən dəyişikliklərə əsasən, büdcədən ipoteka kreditləşməsinə ayrılan vəsaitlər ilk növbədə güzəştli təbəqədən olan vətəndaşların mənzil probleminin həllinə yönəldilməlidir.

“Vəsaitlərin yalnız yeni tikilən binalardan alınan mənzillərin maliyyələşməsinə yönəldilməsinə qoyulan tələb də yanlışdır. Mənzili köhnə, yaxud yeni binadan almaq krediti götürən vətəndaşın şəxsi işidir. Nə Mərkəzi Bankın, nə Azərbaycan İpoteka Fondunun, nə də başqa qurumların bu məsələyə qarışmaq, hansısa məhdudlaşdırıcı şərtlər tətbiq etmək səlahiyyəti yoxdur” - deyə, Vahid Əhmədov qeyd edib.

Ümumiyyətlə, iyunun 1-dən başlanacaq ipoteka kreditləşməsi ilə bağlı çoxlu sualların olduğunu deyən millət vəkili həmin sualların ən vaciblərinin Milli Məclisin bugünkü iclasında qaldırıldığını bildirib: “Mən öz çıxışımda sosial ipoteka krediti ətrafında çirkin gedən oyun getdiyini dedim. Halbuki, kreditin hansı şərtlərlə, neçə faizlə verilməsi məsələsi prezidentin sərəncamında aydın göstərilir. Sosial ipoteka dövlət büdcəsindən ayrılan vəsaitdir və onun verilməsi qaydaları sadədir. Ancaq indi nə baş verdiyini anlamaq olmur”.

Onun sözlərinə görə, Mərkəzi Bank və Azərbaycan İpoteka Fondunun rəhbərləri bu məsələlərə təcili aydınlıq gətirməli və və ilk növbədə sosial ipotekanın bərpasını təmin etməlidir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1047

Oxşar yazılar