Ötən ay məhsulların ucuzlaşması səngiyib
14 may 2009 14:00 (UTC +04:00)

Ötən ay məhsulların ucuzlaşması səngiyib

Aprel ayında xurma 16.22, alma 14.68, heyva isə 11.63 faiz bahalaşıb

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Azərbaycanın 11 regionunda 2009-cu ilin aprel ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb. Nəticələrə əsasən, apreldə mart ayına nisbətən deflyasiya prosesi bir qədər zəifləyib. Belə ki, ay ərzində Azərbaycanda istehlak qiymətləri indeksi (İQİ) 0,36 faiz azalıb (martda 0,84 faiz). Bakıda deflyasiya 0,08 faiz, regionlarda isə 0,64 faiz təşkil edib.

İTM-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ötən ay ən yüksək defilyasiya qeyri-ərzaq məhsullarında (– 0,76 faiz) qeydə alınıb. Bu sırada tikinti materialları (2,92 faiz), geyim və ayaqqabı (0,73) və təsərrüfat malları (0,23 faiz) daha çox ucuzlaşıb. Ərzaq məhsullarından isə süd və süd məhsulları, yumurta (3,68 faiz) və meyvə-tərəvəz (2,43 faiz) dəyərini ən çox itirib.

Aprel ayında 2008-ci ilin aprel ayı ilə müqayisədə son 12 ilk dəfə olaraq, illik deflyasiya qeydə alınıb. Ayın yekunlarına əsasən, istehlak qiymətləri indeksi 12 ayda 1,47 faiz azalıb. Bu zaman ən çox azalma ərzaq məhsullarının qiymətində müşahidə edilib – 4,92 faiz. Hesabat dövründə qeyri-ərzaq məhsulları 1,69 faiz, xidmətlər 3,88 faiz ucuzlaşıb.

Bununla belə, ötən ay bir sıra məhsul və xidmətlərdə bahalaşma halları da qeydə alınıb. Belə ki, xurma 16.22 faiz, alma 14.68 faiz, heyva 11.63 faiz, baş soğan 37 faiz, xarici dil kursları - 5.00 faiz, bahalaşıb. Ən çox ucuzlaşan məhsullar isə istilik xiyarı 23.89 faiz, toyuq yumurtası 10.96 faiz, sement 9.62 faiz, zeytun yağı 8.71 faiz və banan 8.47 faiz olub.

İlin əvvəlindən isə istehlak qiymətləri indeksi 3,51 faiz azalıb. İTM-in sədr müavini vüsal Qasımlı deflyasiyanın səbəblərini belə sıralayıb: manatın real kursunun sabitliyi və ya bəzi valyutalara qarşı bahalaşması, əhalinin deflyasiya gözləntiləri, idxal mallarının ucuzlaşması, əhalinin alıcılıq qabiliyyətinin düşməsi (xaricdən pul transferlərinin azalması, işsizliyin artması və digər səbəblər fonunda), kredit resurslarının qıtlaşması və dövriyyədə pul kütləsinin artım tempinin səngiməsi.

Deflyasiyanın qarşısını almaq üçün İTM ekspertləri ilk növbədə yerli məhsul və xidmətlərin ucuzlaşmasının qarşısının alınmasını zəruri sayırlar. Vüsal Qasımlı bildirib ki, antideflyasiya tədbirlərinin idxal həcmini artırmasını məhdudlaşdırmaq lazımdır. Bundan əlavə, bazarda kreditlərin dərəcəsi Milli Bankın uçot dərəcəsinə uyğun inzibati tənzimlənməli, bank stress testləri keçirməklə bankların kapital ehtiyaclılığı ölçülməli və pul inyeksiyaları həyata keçirilməli, manatın real effektiv məzənnəsi qismən və yumşaq tərzdə aşağı salınmalı, kənd təsərrüfatı məhsullarının bazarlara daxilolma baryerləri aradan qaldırılmalı və qarant qiymətlər tətbiq edilməli və nəhayət, ixrac yönümlü və idxalı əvəz edən məhsul və xidmətlərin istehsalı sürətləndirilməlidir.

İTM ekspertlərinin hesablamalarına görə, hazırda əmək qabiliyyətli ölkə vətəndaşları üçün minimum istehlak səbətinin dəyəri 103,36 manat, pensiyaçılar üçün 81,69 manat, 15 yaşadək uşaqlar üçünsə 96,58 manat təşkil edir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1195

Oxşar yazılar