“Bəşəriyyət üçün böyük bəla olan koronavirus pandemiyasına qarşı bütün dünya dövlətləri mübarizə aparmaqdadır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və tövsiyələri ilə Azərbaycan hökuməti də zamanında qabaqlayıcı tədbirlər həyata keçirib”
Bunu APA-ya açıqlamasında millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.
Millət vəkili Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli qərarı ilə “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nı təsdiq etdiyini xatırladıb. Onun sözlərinə görə, dövlət başçısının tapşırığı əsasında Tədbirlər Planı çox qısa müddətdə hazırlanıb: “Bu, Azərbaycanın pandemiya bəlasından daha az itki ilə çıxması və iqtisadiyyatımızın sarsılmasının qarşısının alınması üçün çox ciddi sənəddir. Tədbirlər Planı çərçivəsində həyata keçiriləcək tədbirlər birinci növbədə iqtisadi artım və sahibkarlığa dəstəyi nəzərdə tutulur. Bunun üçün təxirəsalınmaz qərarların vaxtında, çevik şəkildə qəbul olunması vacib idi və bu məqsədlə dövlət qurumları və müəssisələrinin tələb olunan məlumatları müvafiq bazaya daxil etmələri tələb olunurdu. Tədbirlər Planının təsdiqlənməsindən öncə dövlət başçısının sərəncamı ilə yaradılan işçi qrupları qarşıda qoyulan vəzifələri məsuliyyətlə həyata keçirməlidir. Bunun üçün müxtəlif istiqamətlər üzrə yaradılan 4 işçi qrupuna tapşırıqların yerinə yetirilməsi üçün konkret zaman da ayrılıb. İqtisadiyyat nazirinin rəhbərliyi ilə sahibkarlığa dəstəklə əlaqədar yaradılmış İşçi Qrupu da qarşıya qoyulan vəzifələri yerinə yetirməkdədir. Tədbirlər Planında iş yerlərinin və sosial sabitliyin qorunması istiqamətləri də müəyyən olunub. Bundan əlavə, muzdla işləyən işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi nəzərdə tutulur”.
T. Kərimli qeyd edib ki, dövlət başçısının tapşırığı ilə hökumət pandemiya dövründə özəl sektorda da iş yerlərinin ixtisarına yol verilməməsini bir məqsəd kimi qarşıya qoyub və Tədbirlər Planında da bununla əlaqədar sahibkarlara dəstək və güzəşt mexanizmləri müəyyənləşib. İl ərzində İqtisadiyyat Nazirliyi bu məsələni diqqət mərkəzində saxlamalıdır: “Tədbirlər Planında fərdi və mikrosahibkarlara da maliyyə dəstəyinin göstərilməsi əksini tapıb. Yenə də əsas meyar iş yerlərinin azaldılmamasıdır. Bu dəstək 2019-cu ilin vergi ödənişləri, məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta ödənişlərini həyata keçirmiş vergi ödəyicilərinə şamil ediləcək. Tədbirlər Planında iqtisadiyyatda şəffaflığın artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi də əksini tapıb. Bu da ölkə başçısının başladığı islahatlar proqramına da tam uyğundur. Bu onunla şərtlənir ki, iqtisadi artım və investisiyaların maliyyə mənbələri genişləndirilsin. Bunun üçün ən mühüm addım ölkədə kapital və əmlakın amnistiyası nəzərdən keçirilməsidir. Tədbirlər Planında da bu məsələ əksini tapıb. Bu tapşırıq aprel-dekabr ayları ərzində icra olunacaq. Mən də dəfələrlə Milli Məclisdə öz çıxışımda maliyyə və iqtisadi amnistiyaların verilməsini mühüm şərt hesab etdiyimi qeyd etmişəm. Çünki bunun nəticəsində kapital Azərbaycandan xaricə axmayacaq, xaricə getmiş milli kapitalın isə geri dönüşü təmin olunacaq”.
Millət vəkili hesab edir ki, Tədbirlər Planında iqtisadi fəallığın qorunması üçün vergin stimulları nəzərdə tutulub. Söhbət ilk növbədə kiçik və orta sahibkarlıq subyektlərinə vergi güzəştlərinin tətbiqindən gedir: “Eyni zamanda pandemiyanın mənfi təsir etdiyi iqtisadi fəaliyyət sahələri üzrə də vergilərin ödənilmə müddətində dəyişiklik ediləcək. Eyni zamanda əhalinin ərzaq və tibbi ehtiyacları ilə əlaqədar həmin məhsulların idxalının müəyyən müddətdə rüsumlardan azad olunması nəzərdə tutulub. Bu çox vacib məsələdir. Epidemiyanın qarşısının alınması və əhalinin sağlamlığının qorunması üçün həyata keçirilən bir sıra profilaktik və dezinfeksiya tədbirləri ilə bağlı da müəyyən məhsul və xammalların idxalına güzəştlər tətbiq olunacaq. Yeri gəlmişkən, bir sıra sahibkarlar, hüquqi şəxslər müəyyən icarə haqları ödəyir. Bu dövrdə icarə haqları ilə bağlı məsələdə obyektləri icarə götürən sahibkarlara güzəştlərin olması üçün də obyektləri icarə verən sahibkarlara vergilərlə bağlı güzəştlərin tətbiqi nəzərdə tutulur. Ödənilməmiş vergilərə, sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanması da müəyyən müddətə təxirə salınacaq. Ümumiyyətlə, hökumət sahibkarlıq subyektlərinin sosial sığorta yükünün ciddi şəkildə azaldılmasına diqqət yetirir. Tədbirlər Planında sahibkarlığa dövlətin zəmanəti ilə bağlı dəstəyi verməsi istiqamətində də tədbirlər nəzərdə tutulur. Sahibkarlara, o cümlədən kiçik və orta sahibkarlığa 500 milyon manat həcmində bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması həyata keçiriləcək. 500 milyon manat həcmində kreditin 60%-nin dövlət zəmanəti ilə verilməsi, zəmanət verilən kreditlərin özünün faiz dərəcələrinin 50%-nin dövlət büdcəsi hesabına subsidiyalaşdırılması, maksimal faiz dərəcələri, fəaliyyət sahələri və digər sahələrin müəyyən edilməsi üçün 2 həftə ərzində Nazirlər Kabinetinə məlumat təqdim olunmalıdır. Digər tərəfdən, Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən aqrar sektorda girovsuz mikrokreditlərin verilməsi üzrə mexanizmin yaradılması da nəzərdə tutulub. Sahibkarlığın inkişafı istiqamətində vəsaitlərin ayrılması Tədbirlər Planına daxil edilib. Bunlar hamısı çox ciddi məsələlərdir. Bu zaman faiz dərəcələrinin 1 il üzrə 10 %-nin subsidiyalaşdırılması nəzərdə tutulur”.
Millət vəkili güzəştli ipoteka kreditləri üçün də ayrılan vəsaitin həcminin artırılması, həmçinin sərnişindaşıma üzrə maliyyə dəstəyinin verilməsinin Tədbirlər Planında əksini tapdığına diqqət çəkib: “Ölkə başçısının qarşıya qoyduğu vəzifələrdən biri də iqtisadiyyat və sahibkarlığın güzəştli şərtlərlə kredit resurslarına çıxış imkanlarının genişləndirilməsidir. Nazirlər Kabineti Tədbirlər Planında bunun üçün də müəyyən istiqamətlər müəyyən edib. Bunun üçün sahibkarlığı, o cümlədən kiçik və orta sahibkarlığı dəstəkləyən maliyyə və təşviq institutlarının, onların fəaliyyətini əlaqələndirilməsi üçün Koordinasiya Şurasının yaradılması nəzərdə tutulur. Koordinasiya Şurası maliyyə və təşviq institutları, fondların fəaliyyətinin koordinasiyasının həyata keçirməli, sahibkarlığın inkişaf fondlarının maliyyələşdirmə alətlərinin genişləndirilməsini təmin etməli, o cümlədən daşınan əmlakın girovu əsasında kreditlərin verilməsi, tibbi ləvazimatların, avadanlıqların istehsalçılara güzəştli kreditlərlə ayrılması, uzunmüddətli investisiyalar üzrə kiçik və orta həcmli kreditlər üzrə kredit müddətinin artırılması istiqamətində addımlar atılmalıdır. Hökumət pandemiyanın mənfi təsir etdiyi fəaliyyət sahələrinə əlavə dəstək tədbirləri də həyata keçirilməsi istiqamətində müəyyən addımların atılmasını planlaşdırır. Bunlardan da ən mühümü sahibkarlıq subyektlərinin icarə haqqının bu ilin sonunadək hesablanmamasıdır”.
T. Kərimli bildirib ki, neftin qiyməti hazırda sabit deyil. Belə halda qeyri-neft məhsullarının ixracının stimullaşdırılması çox vacibdir: “Bunun üçün həmin malların ixrac qeydi və satışı mexanizmləri Vergi Məcəlləsinə daxil ediləcək. Yəni bunun üçün bank qarantiyası və s. üsullar təmin ediləcək. İdxal zamanı həyata keçirilən gömrük rəsmiləşdirilməsi, nəzarət və icazələrin verilməsi prosesi də sürətləndiriləcək. Dövlət satınalamaları üzrə yerli istehsal olan mal və xidmətlərə alınması məqsədilə əlavə tədbirlər görüləcək. Bank və sığorta bazarının peşəkar iştirakçılarının ödədikləri haqlar ləğv olunacaq.
Tədbirlər Planında postpandemiya dövründə də iqtisadi artımda yeni modelin tətbiq edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi çox vacib şərt kimi qoyulur. Bu məqsədlə daxili tələbatın genişləndirilməsi üçün yeni iş yerlərinin açılması, orta müddətli dövrdə dövlətin iqtisadi siyasətinin əsas prioritetlərinin müəyyən olunması, özəl investisiyaların cəlb olunmasının təşviq edilməsi nəzərdə tutulur. Xüsusilə tikinti, dağ-mədən, neft-kimya, rəqəmsal iqtisadiyyat, nəqliyyat, ticarət, logistika, kommunikasiya, kənd təsərrüfatı, daxili turizmlə bağlı postpandemiya dövrü üçün müəyyən proqramlar işlənib hazırlanır. Ümumiyyətlə, dövlət əmlakının idarə olunması sisteminin təkmilləşdirilməsi üçün investorun rahat çxış edə bilməsi üçün müəyyən islahatların həyata keçirilməsi nəzərdə tutulur. Bunun üçün şirkətlərin vahid mərkəzdən idarə olunması, onların fəaliyyətinin, investisiya proqramlarının şəffaflığının, səmərəliliyinin təmin edilməsi, rəqabət qabiliyyətinin təmin olunması üçün Dövlət İnvestisiya Holdinqinin yaradılması nəzərdə tutulur. Dövlət İnvestisiya Holdinqinin fəaliyyəti idarəetmənin təkmilləşdirilməsi, koorporativ standartların tətbiqi və şəffaflığın təmin olunmasını şərtləndirəcək. Eyni zamanda yeni özəlləşdirmə proqramı da hazırlanacaq”.
Millət vəkili vurğulayıb ki, dövlətin ən çox diqqət yetirdiyi məsələ məşğul və sosial rifahdır. Bunun üçün də Nazirlər Kabineti qarşısında çox ciddi məsələlər qoyulub: “50 min haqqı ödənilən ictimai iş yerinin yaradılması da çox əhəmiyyətli hadisədir. Eyni zamanda işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində birdəfəlik ödəmələr verilir. Özünəməşğulluq proqramın genişləndirilməsi və icrasının sürətləndirilməsi, sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi, xüsusi karantin dövründə təqaüdlərin ödənilməsinin davam etməsi, əmək haqlarının birgə maliyyələşdirilməsi proqramlarının təkmilləşdirilməsi və sosial sığorta sahəsində yarana biləcək kəsrin bağlanması, sosial ödənişlərdə davamlılığın təmin edilməsi də ciddi vəzifə kimi qarşıya qoyulur. Tədbirlər Planında Dövlət Sosial Müdafiə Fondunun keçən il üçün yaranmış 200 milyon manatlıq ehtiyatından istifadə olunması də nəzərdə tutulub. Xüsusi karantin rejimində ünvanlı dövlət sosial yardımın təyinatı sadələşdirilməlidir. Aprel və may ayları üçün əhaliyə işıq limitinin 100 kv güzəşti nəzərdə tutulur. Ümumiyyətlə, gələcəkdə də işıq və qaz limitləri ilə bağlı düşünmək lazımdır”.
T. Kərimli hesab edir ki, hazırda əsas məsələlərdən biri makroiqtisadi və maliyyə sabitliyini təmin etməkdir: “Dövlət başçısının tapşırığına uyğun olaraq hökumətimiz bütün bunları nəzərə alaraq, xalqın rifahını, xüsusilə koronavirusdan əziyyət çəkən şəxslərin təminatını təşkil etmək üçün ciddi Tədbirlər Planı hazırlayıb. Aidiyyatı qurumlar, səlahiyyətli şəxslər Tədbirlər Planında qarşıya qoyulan vəzifələri məsuliyyətlə və zamanında həyata keçirməlidirlər”.