Meksikanın “Pumas” klubu zorlamada ittiham olunan komandanın keçmiş oyunçusu Dani Alveşdən təzminat tələb edib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, daha əvvəl Alveşlə müqaviləyə xitam verən klub futbolçudan beş milyon dollar almaq niyyətindədir. Qeyd olunur ki, bu məbləğ futbolçunun müqaviləsində nəzərdə tutulub və antidopinq qaydalarının pozulması, ictimai qalmaqal və ya cinayət törətdiyi halda qüvvədədir.
Alveş yanvarın 20-də həbs edilib. Futbolçunun qurbanı olduğu iddia edilən şəxs dekabrın 30-da onu “Satton” gecə klubunun tualetində kilidlədiyini, orada döyərək zorladığını bildirib. Həkimlər qızda müqavimət göstərən zaman aldığı xəsarətlərin olduğunu təsdiqləyiblər.
Futbolçunu 4 ildən 12 ilədək həbs cəzası gözləyir.
Alveş dünyanın ən titullu futbolçusudur. O, Fransa, İtaliya, İspaniya çempionatlarının qalibi olub, bu ölkələrin ölkə kuboklarını qazanıb. Braziliya milli komandasının tərkibində müdafiəçi Olimpiya Oyunlarının və Gənclər arasında Dünya Çempionatının qalibi olub, həmçinin hərəyə iki dəfə Amerika Kubokunu və Konfederasiyalar Kubokunu qazanıb.