Gözlənilən idi. Millimizin son məğlubiyyətini nəzərdə tuturam. Sizi bilmirəm, amma mənim üçün 0:6 heç də təəccüblü olmadı. Əvvəl-axır bu olmalı idi və oldu.
Foqts və onun tərəfdarları döşlərinə çox döyürdülər ki, yığmamız son illərdə müdafiə olunmağı öyrənib. Maşallah, yaman öyrənib. Təkcə Xorvatiya ilə oyun yox, son 4-5 qarşılaşmaya nəzər salsanız, görərsiniz ki, müdafiə oluna bilirik, ya yox? Sadəcə, əvvəlki oyunlarda bəxtimiz gətirirdi. Bəxt bir dəfə bizə kömək etmədi, onda da qapımızdan 6 top buraxdıq.
8-9 nəfərlə qapının ağzına yığışmaq yaxşı müdafiə olunmaq demək deyil, cənab Foqts. Müdafiədə 4 nəfərlə də uğurlu çıxış etmək mümkündür. Bunun üçün komanda oyunu oynamalısan. Hamı öz mövqeyində yer almalı, öz işini görməlidir. Əgər futbolçuları onlara yad mövqedə oynadıb, 6 ildir eksperimentlər edirsənsə, layiq olduğun nəticə elə budur. Foqtsun əndrəbadi eksperimentlərinin dəfələrlə şahidi olmuşuq. Dünənki oyunda da ənənəsinə sadiq qaldı. Rasim Ramaldanovun dayaq yarımmüdafiəçisi mövqeyində oyuna başlaması, Bədavi Hüseynovun ilk hissənin ortalarında sağ cinah müdafiəçisi mövqeyinə keçməsi və Maksim Medvedevin dayaq yarımmüdafiəsində oynamağa məcbur edilməsini nəzərdə tuturam. Bu nə futbol təfəkkürüdür? Foqts hələ də anlamır ki, bu cür eksperimentlər keçən əsrdə qaldı. İndi zəif komandalar da çalışırlar ki, topu özlərində saxlasınlar, futbol oynasınlar. Bizimkilər isə dünən topa həsrət qalmışdılar. Yazıq Rauf Əliyev irəlidə topu ötürməyə adam tapmırdı. Niyə? Çünki komanda yoldaşları qorxaq Foqtsun tapşırığına əsasən, hücuma atılmırdılar. Milli bir dəfə də olsun, düşünülmüş hücum həyata keçirə bilmədi. Əlavə 2 saat da oynasaydılar, yenə hücum qura bilməyəcəkdilər.
Yuxusuna haram qatıb, millinin oyununa baxanların vəziyyətini başa düşürəm. Foqts və onun komandası adamı ya xərçəng, ya da şəkər xəstəsi edər. Şəxsən mən belə millimiz olduğu üçün xəcalət çəkirəm. Halbuki xəcalət çəkməli olanlar başqalarıdır. Kamran bu millinin qapıçısı, Rəşad kapitanı, Rauf isə hücumçusu olduğuna görə xəcalət çəkməlidir. Günahı nə biz jurnalistlərdə, nə azarkeşlərdə, nə də sizə qarşı amansız davranan xorvatlarda axtarın. Günahkar özünüzsünüz. Utanın ki, Foqtsun futbolçularısınız. Utanın ki, meydanda yalandan var-gəl etməkdən başqa heç nəyə qadir deyilsiniz. Xəcalət söhbətinin Foqtsa aidiyyatı yoxdur, onsuz da utanmağın nə olduğunu bilmir. Bilsəydi, çoxdan istefa verərdi. Əgər 0:6-dan sonra da kreslosunu qucaqlayacaqsa, kreslo qarışıq Foqtsun heykəlini ucaltmaq lazımdır.
Əvvəllər də böyük hesabla uduzmuşuq. Amma həmin oyunlarda heç olmasa, 2-3 qol vəziyyəti yarada bilmişik. Foqts “müdafiə, müdafiə” deməklə, millinin hücum xəttini “qurutdu”. Bu mənada yazıq futbolçuları qınamıram, hücum anlayışı artıq onlar üçün yaddır. Bəlkə də hücum etmək istəyirlər, amma edə bilmirlər. Dərd orasındadır ki, 6 ildir qorxaq futboldan bərk-bərk yapışan komanda müdafiə olunmağı da bacarmır axı. Niko Kovaç oyundan öncə əbəs yerə deməmişdi ki, erkən qol vursaq, oyun bizim üçün asan keçəcək. Bu da nəticəsi. Həqiqətən də, bizim yığmanı pərən-pərən etmək üçün erkən qol bəs edir.
Bir komandanın ki, oyun üslubu yoxdursa, o, komanda deyil, həvəskar futbol kollektividir. Bizim yığmaya dünənki oyununa görə ancaq bu adı vermək olar. İstər “torba tikmə” əməliyyatı olsun, istər “ı” əməliyyatı, dünənki məğlubiyyət olmayan futbol tariximizə qapqara hərflərlə yazıldı. Bu gedişlə futbolumuzun siması hələ çox ləkələnəcək.