Topaz Premyer Liqası: “Qarabağ” qış çempionu oldu - YENİLƏNİB
20 dekabr 2013 18:53 (UTC +04:00)

Topaz Premyer Liqası: “Qarabağ” qış çempionu oldu - YENİLƏNİB

0

Futbol üzrə Topaz Premyer Liqasında XVIII tura yekun vurulub. Lent.az-ın məlumatına görə, ikinci dövrənin sonuncu turunda “Qarabağ” “İnter”i 2:0 hesabı ilə məğlub edərək, “qış çempionu” olub.

 

Hər iki qol fasilədən sonra vurulub. Əvvəlcə Vüqar Nadirov rəqib qapıçı ilə təkbətəkdən, ardından Riçard Almeyda cərimə zərbəsindən fərqlənib. Bununla da “Qarabağ” xallarını 36-ya çatdıraraq, 1-ci pilləyə yüksəlib.

 

Açılış matçında isə “Qəbələ” “Bakı”nı qəbul edib. Qəbələ şəhər stadionundakı görüşə meydan sahibləri fəal başlayıblar. Bunun məntiqi nəticəsi kimi 20-ci dəqiqədə Daniel Subotiç hesabı açıb. Fasilədən sonra qonaqlar bərabərlik qolunu vurmağa can atıblar. Matçın sonlarına doğru hücumlarını intensivləşdirən “Bakı” əks-hücumda cəzalanıb. Uzatma dəqiqələrində Şəhriyar Əliyev “Qəbələ”nin futbolçusunun qarşısını kobudluqla kəsib. Baş hakim Fariz Yusifov Əliyevi ikinci sarı vərəqə ilə meydandan qovub və paytaxt klubunun qapısına penalti təyin edib. Lorenso Ebesilyonun zərbəsi dəqiq olub və oyun “Qəbələ”nin inamlı qələbəsi ilə yekunlaşıb – 2:0. Beləliklə, baş məşqçi Yuri Syominin komandası 35 xalla ikinci olub. “Bakı” isə 2013-cü ili 27 xalla 5-ci pillədə başa vurub.

 

“Neftçi” ilin son oyununda səfərdə AZAL-a uduzub – 1:2. Meydan sahiblərindən Con Oluremi 18-ci dəqiqədə hesabı açıb. Əsas olaylar fasilədən sonra yaşanıb. 59-cu dəqiqədə Rəşad Sadiqov hesabı bərabərləşdirdikdən sonra “Neftçi” qələbə topunu da vurmaq üçün irəli atılıb. Lakin 80-ci dəqiqədə Mahir Şükürov əsəblərinə hakim olmayaraq ikinci sarı vərəqə, bundan 3 dəqiqə sonra isə Elvin Yunuszadə bilərəkdən kobud oynadığı üçün birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulublar. Azlıqda qalan flaqmanı AZAL 90-cı dəqiqədə Aleksandr Şemonayevin qolu ilə cəzalandırıb. Bununla da “Neftçi” qış çempionu ola bilməyib və 34 xalla 3-cü olub.

 

“Xəzər Lənkəran” isə yeni baş məşqçi Mustafa Dənizlinin rəhbərliyi altında Premyer Liqada ardıcıl 2-ci qələbəsini qazanıb. Lakin autsayder “Sumqayıt”la qarşılaşma “ağ-yaşıllar” üçün elə də asan alınmayıb. İlk yarını 3:1 hesabı ilə başa vurmasına baxmayaraq, meydan sahibləri fasilədən sonra qələbəni əldən vermə təhlükəsi ilə üzləşib. “Xəzər Lənkəran” 4:3 hesablı qələbə qazansa da, çox güman ki, 8-ci pillədən qurtula bilməyəcək. Çünki cənublulardan öndəki “Simurq” Bakıda “Rəvan”ı darmadağın edib – 3:0. Paytaxt təmsilçisi 59-cu dəqiqədə Mişel Balokoqun meydandan qovulması ilə azlıqda qalıb.    

 

20 dekabr cümə

 

“Qəbələ” – “Bakı” – 2:0
Qollar:
 Daniel Subotiç, 20. Lorenso Ebesilyo, 90+3

Qırmızı vərəqə: Şəhriyar Əliyev, 90+2 (“Bakı”)
 

AZAL (Bakı) – “Neftçi” (Bakı) – 2:1

Qollar: Con Oluremi, 18. Aleksandr Şemonayev, 90 – Rəşad Sadiqov, 59

Qırmızı vərəqələr: Mahir Şükürov, 80. Elvin Yunuszadə, 83 (hər ikisi “Neftçi”)

 

“Xəzər Lənkəran” – “Sumqayıt” – 4:3
Qollar: 
Sadio Tounkara, 20. Deyvid Sakkoni, 28. Etame Mbilla, 45; 51 - Orxan Əliyev, 40. Pərdis Fərcad-Azad, 78-penalti ilə. Ruslan Nəsirli, 81

 

 

“Rəvan” (Bakı) – “Simurq” (Zaqatala) – 0:3

Qollar: Draqan Çeran, 22. Raul Kostin, 39. Stepan Polyak, 45

Qırmızı vərəqə: Mişel Balokoq, 59 (“Rəvan”)

 

“Qarabağ” (Ağdam) – “İnter” (Bakı) – 2:0

Qollar: Vüqar Nadirov, 58; Riçard Almeyda, 65

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1270

Oxşar yazılar