Tərlan Əhmədov: “Tıxac olanda maşını saxlayıb, metroya düşürəm” - MÜSAHİBƏ
20 noyabr 2014 11:00 (UTC +04:00)

Tərlan Əhmədov: “Tıxac olanda maşını saxlayıb, metroya düşürəm” - MÜSAHİBƏ

Biz futbolçuları yalnız meydandakı oyunları ilə tanıyır, sərgilədikləri futbola qiymət veririk. Hətta çox vaxt onların bu pilləyə necə gəlib çıxmaları ilə heç maraqlanmırıq da. Apasport.az saytı artıq tanınmış futbol adamlarının meydandankənar həyatları və futbola gəlmə hekayələrini sizə təqdim edəcək. Yeni "Nostalji" rubrikamızın ilk qonağı isə uzun illər Azərbaycan yığmasının kapitanı olmuş, hazırda da AZAL klubunu çalışdıran Tərlan Əhmədovdu. İlk onu seçməyimiz də təsadüfi deyil. Çünki Tərlan Əhmədov noyabrın 17-də 43 yaşını tamamlayıb. Beləliklə...

 

"Tətildə evə gedə bilmirdim, günlərlə şirin çay içirdim"

 

- Geriyə boylananda, 43 ili qısaca necə dəyərləndirərdiniz?

- Ömürdən daha bir il keçdi. Əlibayramlıdan (indiki Şirvan) Bakıya ilk dəfə gəldiyim gün yadıma düşür. Ağrılı-acılı həyatım olub. Mənim üçün heç də xoş keçməyib. Yalnız son 10 ildə rahatlıq tapa bilmişəm. Bakıda mənim heç kimim olmayıb, tək dayağım Allah olub. Məhz Onun köməkliyi ilə bütün çətinliklərdən çıxmışam. Hərdən eşidirəm kimsə deyir ki, filan vaxt "Neftçi"də idim, məndən pul istədilər. Fikirləşirəm, onun dediyi illər mənim orada olduğum dövrə düşür, heç o adamı görmədim axı. Mənim heç kimim olmadı, məndən heç pul da istəmədilər. İdman təmayüllü internat məktəbində oxumuşam. Yay tətilinə buraxılırdıq, hamı evinə gedirdi, mən gedə bilmirdim. Həmin vaxt 1987-88-ci illər idi, "Neftçi"nin əvəzedici heyətində oynayırdım. Orada qalıb günlərlə şirin çay içirdim. Kiminsə dayısı, əmisi, valideyni olub yanında, mənim Bakıda bir nəfər də qohumum olmayıb.

 

- Ağır günlərdən bəhs etdiniz. Bəs yaxşı mənada nələr yadınızda qalıb?

- O çətinliklər olmasaydı, xoş günlərim də olmazdı. Avropa çempionu olduqdan sonra dostlarımın sayı çoxaldı. Günlərimiz yavaş-yavaş şən keçirdi. İnternat məktəbində axşam yeməyi saat 7-də olurdu, bir neçə saatdan sonra acırdıq. Bir yer var idi, piyada uzun yol qət edib, orada sosiska yeyirdik, sonra da qayıdırdıq. Sonra fikirləşdik ki, elə bundan çox alaq, qoyaq otağımıza, daha sabahı bura gəlməyək. Bu günləri xatırlayanda içimdə təbəssüm yaranır. Elə olurdu ki, “Razin” uşaqları ilə davamız düşürdü. Biz hamımız rayondan gəlmişdik, “Razin”də qalanlar isə rusdilli və şəhər uşaqları idi. Bunun özü belə xoş xatirə kimi yadımda qalıb. 1990-cı ildəki Avropa çempionluğundan sonra həyatım tamam dəyişdi.

 

"Atam deyirdi ki, biz kasıbıq, orada kasıblar futbol oynamırlar"

 

- Heç "kaş" dediyiniz bir səhviniz olub?

- Olub. Təxminən 10 il əvvəl bəzi xoşagəlməz hallardan sonra dedim ki, kaş futbolu seçməyəydim, başqa peşənin sahibi olaydım. Çünki futbol oynadığın vaxt hörmətin olur, elə ki getdin, bir dəyərin qalmır.

 

- Uşaqlıq illərini necə xatırlayırsınız? Kiçik yaşlarınızda da belə ağırtəbiətli olmusunuz?

- Bəli. Biz iki qardaşıq. Qardaşım uşaq vaxtı çox dəcəl, davakar olub, amma mən sakit idim. Məhəllədə futbol oynayanda üstümə qışqıran olurdu, amma mənim səsim çıxmırdı. Uşaqlıqda hansı xasiyyətdə olmuşamsa, indi də o cürəm.

 

- Siz də kasıb ailədən çıxmısınız. Evə xeyir vermək üçün heç əlavə hansısa işi görmüsünüz?

- Kasıbçılığın üzü qara olsun. Rəhmətlik atam 33 il Əlibayramlıda şəhərarası avtobus sürücüsü işləyib. Mən 1985-ci ildə, 14 yaşımda Bakıya gəlmişəm. O vaxta qədər də bizdən ancaq dərs oxumaq tələb olunub. Atam çox zəhmli insan idi. Belə şeyləri qəbul etməzdi. Hətta bura gəlməyimə də icazə vermirdi. Deyirdi ki, biz kasıbıq, orada kasıblar futbol oynamırlar. Amma sonra Allah rəhmətliyin qəlbinə mərhəmət saldı, gəlməyimə icazə verdi.

 

"Bunu heç vaxt özümə bağışlaya bilmirəm"

 

- Həyatda da müdafiəçisiniz?

- Mənə deyirlər ki, sən "əqrəb" bürcündənsən, "əqrəblər" sancan olur. Amma mən ağırtəbiətli olduğumdan, dava-dalaşdan uzaq durmuşam. Nə müdafiəçi olmuşam, nə də hücumçu. Orta mövqe tutmuşam, aranı sakitləşdirməyə çalışmışam. Heç kimin qəlbinə dəyməməyə, üstümə hücum çəkəni sakitləşdirməyə çalışmışam.

 

- Yaşıl meydanlarda çox olmasa da, sarı vərəqə almısınız. Bəs həyatda "sarı" və "qırmızı" göstərdiyiniz insanlar olub?

- Əlbəttə. Həyat sənin qarşına tanımadığın insanları çıxarır. Uzun illər dostluq, qardaşlıq etdiyin insan bir anda dəyişilə bilir. Ola bilsin ki, vəzifə onu dəyişdirir. Mən oynadığım dövrdə çox insan görmüşəm. Rəhbər dəyişirdi, görürdüm ki, insanlar, əqidə dəyişilir. Belə şeyləri heç vaxt xoşlamamışam. Necəyəmsə, özümü o cür də göstərmişəm. "Sarı vərəqə" göstərdiyim insanlarla “salam-sağ olu” kəsməmişəm, amma əvvəlki kimi yaxından ünsiyyət qurmamışam. Elələri də olub ki, "qırmızı vərəqə" göstərib, həyatımdan uzaqlaşdırmışam.

 

- Nəyi özünüzə bağışlaya bilmirsiniz?

- Atam 90-cı illərdə uzun müddət xəstəlikdən əziyyət çəkdi. O dövrdə onu Həcc ziyarətinə göndərə bilmədim. "Neftçi"də oynayırdım, imkanım da olub. Atam namaz qılan idi. Xəstəliyinə görə ehtiyat edirdim. Amma sonradan başa düşdüm ki, hər şey Allahın əlindədi, atamı da Allahın evinə göndərəcəkdim. Bunu heç vaxt özümə bağışlaya bilmirəm.

 

- Səmimi deyin, evdə "komandir" kimdi?

- İki oğlum, bir qızım var. Evdə "komandir" balaca qızımdı (gülür). Körpə uşağın hər istəyini həyata keçirməyə çalışmalı, onun kaprizlərinə dözməlisən.

 

- Ailəniz sırf sevgi üzərində qurulub, yoxsa valideynlərin məsləhəti ilə?

- Yaxın dostumun nişanında görüb bəyənmişəm. Ondan sonra elçi gedilib, ailə həyatı qurmuşuq. Yəni, özüm sevib almışam.

 

"Avtobusla, metro ilə yol getməyi xoşlayıram"

 

- Tanınmış insan olmağın hansı mənfi halları var?

- Cəmiyyət içində çox ola bilməmək. Şəxsən mən avtobusla, metro ilə yol getməyi xoşlayıram. Hərdən tıxac olanda maşını saxlayıb, metroya düşürəm. İnsanlar da təəccüblü baxırlar. Və ya bəzən görürsən atmaca atırlar ki, futbolumuz belədir və sairə. İstər-istəməz narahat oluram.

 

- Hansı xasiyyətinizi dəyişdirmək istərdiniz?

- İnsanlara həddindən artıq çox inanmağımı. Buna görə çox aldanmışam. Zaman yox, cəmiyyət, insanlar dəyişib. Hər dəfə deyirəm ki, daha inanmayacağam. Amma yenə bu xasiyyətim dəyişmir.

 

- Ən böyük tənqidçiniz kim olub?

- Düzünü deyim, tərifi xoşlamıram. Valideynlərim, ailəm heç vaxt işimə qarışmayıb. Qohum-əqraba ilə də işimlə bağlı çox söhbətim olmayıb. Məni ən çox elə jurnalistlər tənqid ediblər. Bunu da təbii qarşılamışam. Amma gərək tənqidlə təhqiri qarışdırmayasan. Səmimi, obyektiv tənqid işin gedişinə xeyir edir, insan səhvini yarı yolda başa düşür.

 

"Mənə deyirdi ki, səndən futbolçu çıxmayacaq"

 

- Futbola başlayanda sizə heç "səndən futbolçu çıxmaz" deyən olub?

- Bəli, olub. Cavan vaxtlarım idi. Azərbaycan yığması var idi, SSRİ çempionatında oynayırdıq. Ukrayna, Gürcüstan kimi ölkələrin komandaları ilə qarşılaşırdıq. Həmçinin spartakiada da olurdu. SSRİ-nin yüksək liqa klublarının perspektivli futbolçulardan qurulmuş gənc komandaları arasında çempionat keçirilirdi. Bir məşqçi var idi, həmişə mənə deyirdi ki, səndən heç vaxt futbolçu çıxmayacaq. Allah rəhmət eləsin, dünyasını dəyişib.

 

- Uşaq vaxtı məhəllədə oynayanda özünüzü kimə oxşatmaq istəyirdiniz?

- Açığı, o vaxt televiziyada futbola baxmaq imkanımız da olmurdu. Məhəlləmizin arxasında balaca asfalt yer var idi. Orada axşama kimi o qədər oynayırdıq ki, evə gələndə yorğun düşürdük. O vaxt heç televiziyada çox futbol da göstərmirdilər. Deyim ki, məhəllədə çox yaxşı futbol oynayırdım. Bakıya gələndən sonra artıq dünya çempionatına baxa bilirdik. Özümü heç vaxt kiməsə oxşatmaq istəməmişəm. Amma argentinalı müdafiəçi Daniel Passarellanın oyununu çox bəyənirdim.

 

- İlk maaşınız nə qədər olub və hara xərcləmisiniz?

- İlk maaşımı 1989-cu ildə "Neftçi"nin əsas heyətinə düşəndə almışam. 60 rubl almışdım. Aparıb stolun üstünə qoydum ki, evə xeyrim dəysin.

 

- Əlinizdən başqa nə iş gəlir?

- (Gülür). Ümumiyyətlə, əksər idmançıların əlindən başqa heç bir iş gəlmir. Bir dəfə ticarətə girdim, gördüm aldanıram. Başa düşdüm ki, mənlik deyil.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 805
avatar

Oxşar yazılar