“Neftçi” futbol komandasının baş məşqçisi Nazim Süleymanov istefa ərizəsini klub prezidenti Sadıq Sadıqova təqdim edib. Lent.az-ın məlumatına görə, Süleymanov istefası ilə bağlı klubun rəsmi saytına açıqlama verib.
O bildirib ki, “Neftçi”ni ardıcıl 4-cü dəfə çempion edəcəyini düşünmədiyindən, istefa qərarı qəbul edib: “Çalışdığım müddətdə işimə heç kim tərəfindən müdaxilə olmayıb və qısa müddətdə birgə işlədiyim bütün kollektivə təşəkkür edirəm. Klub prezidenti Sadıq Sadıqova minnətdarlığımı bildirirəm ki, mənim qərarımı anlayışla qarşıladı. Mənim üçün hər zaman doğma olan “Neftçi”yə gələcək oyunlarda uğurlar arzu edirəm”.
Süleymanovun istefa ərizəsi qəbul edilib və təcrübəli mütəxəssisə gələcək fəaliyyətində uğurlar arzulanıb. O, bugünkü məşqdən əvvəl komanda üzvləri ilə görüşüb və sağollaşıb. Komandanın məşq prosesinə rəhbərlik fiziki hazırlıq üzrə məşqçi Ruben Sellesə tapşırılıb.
Qeyd edək ki, bu, 2013-2014-cü il mövsümü ərzində “Neftçi”də ikinci baş məşqçi istefasıdır. Ötən il oktyabrın 23-də “Xəzər Lənkəran”la Azərbaycan Superkuboku uğrunda oyundan sonra Tərlan Əhmədovun rəhbərlik etdiyi məşqçilər heyəti komandadan göndərilib.