Rusiyanın baş naziri Dmitrii Medvedev Soçidə keçiriləcək olimpiada öncəsi bu idman tədbirinin keçirilməsinə xərclər barədə açıqlama verib.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, o, deyib ki, tədbirə 50 milyard dollara yaxın maliyyə vəsaiti xərclənib. Onun 6,4 milyard dolları ancaq oyunların hazırlığına sərf edilib.
«Bir rəqəm ancaq Olimpiada üçündür. O biri isə bölgənin inkişafına xərclənən maliyyə vəsaitidir. Olimpiada tapşırıqlarını icra edərkən biz bölgənin inkişafı ilə də məşğul olmuşuq»-deyə, «CNN» kanalına müsahibəsində Rusiyanın hökumət başçısı bildirib.
Onun sözlərinə görə, bu pullar bölgənin on illərlə həll edilməyən mürəkkəb infrastruktur problemlərinin həllinə xərclənib.
«CNN» «Soçinin inkişafına 50 milyard dollar xərclənməsi ağlabatandır» - sualına cavabında deyib: «Əgər bölgənin inkişafından danışsaq, bəli. Birincisi, bölgədə yaşayanlar üçün 500 min yeni iş yeri açılıb. Hazırda orada işsizlik yox dərəcəsindədir. Mən hələ oradakı yeni infrastrukturdan – yeni yolların çəkilməsi, körpülərin, tunellərin tikilməsi, dəmiryolu xətti, su kəməri, elektrik xəttinin çəkilməsini demirəm. Ona görə də biz böyük rəqəmlərdən danışanda Rusiyanın nəhəng bölgələrindən birinin inkişafından söz açırıq».