Azərbaycana məxsus “Socar Energy Georgia” şirkəti Gürcüstanın futbol və şahmat federasiyaları ilə müqavilələrini yeniləyib. Bu barədə Lent.az-a şirkətin baş direktoru Mahir Məmmədov məlumat verib.
Onun sözlərinə görə, hər iki federasiya ilə baş sponsorluq anlaşması daha bir il qüvvədə olacaq. Lakin Məmmədov sövdələşmənin maddi tərəfini açıqlamayıb. Şirkət rəhbəri bildirib ki, “SOCAR Energy Georgia”” Gürcüstanda fəaliyyət göstərən ən böyük şirkət kimi ölkənin idmanla bağlı layihələrində fəal iştirak edir. Bu mənada, Məmmədov qonşu ölkədə klub yox, yığma komandaya sponsorluğa önəm verdiklərini vurğulayıb.
Qeyd edək ki, “SOCAR Energy Georgia” Gürcüstan Şahmat Federasiyasına 2009-cu ildən, Gürcüstan Futbol Federasiyasına isə 2010-cu ildən baş sponsorluq edir.