Azərbaycanlı qrossmeyster Vüqar Həşimovun vəfatı xəbəri dünyanın şahmat elitasını da sarsıdıb. Lent.az-ın məlumatına görə, vaxtsız ölümlə əlaqədar bütün aparıcı şahmatçılar başsağlığı veriblər.
“Vüqar Həşimovun ölüm xəbərini eşidəndə çox kədərləndim. O, indiyədək qarşılaşdığım ən istedadlı şahmatçılardan biri idi”. Bunu norveçli dünya çempionu Maqnus Karlsen deyib. Dünya reytinqində birinci olan zəka sahibi Almaniyanın Heydelberq klinikasında 28 yaşında dünyasını dəyişmiş şahmatçımızla bağlı xatirələrini bölüşüb: “Həmişə hamıya qarşı mehriban, üzügülər olub. Birgə iştirak etdiyimiz yarışlardan, xüsusilə “Amber” turniri haqda çoxlu xatirələrim qalıb. Onun ailəsinə və Azərbaycanın bütün şahmat ictimaiyyətinə başsağlığı verirəm”.
Sabiq dünya çempionu Harri Kasparov da azərbaycanlı qrossmeysterin ölümünə çox təəssüflənib. Əslən bakılı zəka sahibi Avropa çempionumuzun dünyasını dəyişməsini ağır itki adlandırıb. Kasparov Həşimovun yaxınlarına başsağlığı da verib: “27 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişən mənim bakılı həmkarım, qrossmeyster Vüqar Həşimovun dostlarına və ailəsinə başsağlığımı çatdırıram. Düzdür, onunla heç vaxt görüşməmişəm. Amma bilirəm ki, Həşimov dünyanın ən güclü “10-luğ”una daxil olmuşdu və bu, onun sağlamlıq problemlərini nəzərə almaqla xüsusi qeyd edilməlidir. Çox təəssüflənirəm”.
“Çox üzücü xəbərdir”. Bunu isə ermənistanlı qrossmeyster Levon Aronyan deyib. Dünya reytinqində ikinci yerdə olan şahmatçı azərbaycanlı zəka sahibi Vüqar Həşimovun vaxtsız vəfatından kədərləndiyini bildirib. Onun sözlərinə görə, istedadlı qrossmeysterin dünyasını dəyişməsi bütün şahmat ailəsinə pis təsir edib: “Azərbaycanlı idmançılardan eşitmişdim ki, Vüqarın sağlamlığı ilə bağlı ciddi problemi var. Lakin istənilən halda, insan bu yaşda, özü də istedadlı şahmatçı rəhmətə gedirsə, çox üzücüdür. Onun ölümü mənim üçün çox kədərlidir”.
Həşimovun xatirəsi hazırda davam edən ənənəvi Veyk-an-Zeye turnirində 1 dəqiqəlik sükutla yad olunub. Qrossmeysterimizin ölümü ilə bağlı Beynəlxalq Şahmat Federasiyasının (FİDE) rəsmi saytında başsağlığı mətni yerləşdirilib. Həmçinin, Həşimovun komanda yoldaşları, tanınmış şahmatçılardan Hikaru Nakamura, Pavel Elyanov, Naycel Şort, Yan Nepomnyaşiy, Nataliya Poqonina, Elina Danielyan, Maksim Vaşyer-Laqrav, Aleksandra Kosrenyuk və digərləri qrossmeysterin ölümünə kədərləndiklərini bildiriblər.
Qeyd edək ki, Vüqar Həşimov uzun sürən xəstəlikdən sonra Almaniyanın Heydelberq klinikasında yanvarın 11-ə keçən gecə vəfat edib. Həşimov 1986-cı il iyulun 24-də Bakıda anadan olub. O, FİDE-nin 2011-ci ilin martına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq, 11-ci yerdə qərarlaşıb. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub.