Futbol üzrə Azərbaycan milli komandası oktyabrın 15-də 2014-cü il dünya çempionatının seçmə qrup matçında Rusiya yığması üzərində qələbə qazanaraq, xalqımıza Qurban bayramı hədiyyəsi etmək istəyir. Lent.az-ın məlumatına görə, bu barədə millimizin aparıcı futbolçuları Rəşad Sadıqovla Ruslan Abışov oyun öncəsi keçirilən mətbuat konfransında açıqlama veriblər.
Sadıqov bildirib ki, sabahkı oyunda hədəf mübarizə apararaq, uduzmamaqdan ibarətdir. Onun fikrincə, millimiz qələbə qazansa, bu, Qurban bayramına əla hədiyyə olacaq. Yığmamızın kapitanı Rusiya yığmasının futbolçularının, xüsusən, əslən azərbaycanlı Aleksandr Səmədovun açıqlamalarına sərt reaksiya verib: “Başa düşmürəm, nəyə görə rusiyalı futbolçular komanda yoldaşlarımın dediklərinə neqativ mövqe ortaya qoyurlar. Əgər insan özündə əminlik hiss edirsə, nəyə görə öz mövqeyini ifadə etməməlidir? Məgər biz onlardan icazə istəməliyik? Xüsusən, Səmədovun “Azərbaycan yığmasını özlərinə əminliklərinə görə cəzalandıracağıq” sözləri mənə pis təsir etdi. Yaxşı ki, sabah biz futbol meydanında görüşəcəyik. Başqa yerdə o, öz “cəza”sına görə cavab verməli olacaqdı. Biz heç vaxt rəqibin ünvanına neqativ sözlər deməmişik. Bu səbəbdən, rusiyalı futbolçuların reaksiyasına təəccübləndim”.
Sadıqov Rusiya ilə matçda heç-heçə və ya qələbə qarşılığında vəd olunan mükafatın məbləğini açıqlamayıb. Onun sözlərinə görə, oyun öncəsi heç bir rəqəm barədə danışan olmur. Sabahkı oyun isə mükafatın məbləğindən asılı olmayaraq, prinsipial əhəmiyyət daşıyacaq. Kapitanın fikrincə, rəqibin taktikasında dəyişiklik edilməyəcək: “Onlar həmişəki kimi oynayacaqlar. Biz ilk görüşdə Rusiyaya cərimə zərbəsindən 1 metr kənardakı qayda pozuntusuna görə təyin edilən penalti nəticəsində uduzduğumuzu unutmamışıq. Sabahkı qarşılaşmaya çox ciddi hazırlaşmışıq. Son ev oyunumuzdan müsbət əhval-ruhiyyə ilə ayrılmaq istəyirik”.
Rusiyanın “Rubin” klubunda çıxış edən Abışov isə yığmamızın Şimali İrlandiya üzərində 2:0 hesablı qələbədən sonra şimal qonşularımızla görüşə yüksək əhval-ruhiyyədə çıxacağını deyib. Komanda yoldaşlarının rusiyalı futbolçuların keyfiyyətləri barədə ondan heç nə soruşmadıqlarını söyləyən yarımmüdafiəçi baş məşqçi Berti Foqtsun təlimatlarına uyğun hərəkət edəcəklərini vurğulayıb. O, Rusiya ilə oyunu özü üçün “Rubin”in əsas heyətinə düşməyə layiq olduğunu sübut etmək baxımından da əhəmiyyətli sayıb: “Təəssüf ki, “Rubin”də baş məşqçi Kurban Berdıyev mənə etibar etmir. Hələ Rusiya Premyer Liqasında bu mövsüm heç bir oyuna çıxmamışam. Rusiyaya qarşı oyun klubumun əsas heyətində çıxış etməyə hazır olduğumu göstərmək üçün yaxşı şansdır. Çalışacağam ki, qol vurum və ən əsası, yaxşı oyun sərgiləyim”.
Sadıqovdan fərqli olaraq, Abışov Rusiya millisinə simpatiya ilə yanaşdığını açıqlayıb: “Bu komandada həmklublarım, habelə, milliyyətcə azərbaycanlı Aleksandr Səmədov çıxış edir”.
Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Rusiya matçı saat 22:00-da başlanacaq.