Quba Olimpiya Kompleksində WSB (Ümumdünya Boks Seriyası) Liqasında 5-ci turun “Baku Fires” (Azərbaycan) - “Cuba Domaderos” (Kuba) matçına həsr olunmuş mətbuat konfransı keçirilib. Lent.az-ın məlumatına görə, WSB supervayzeri Helmut Ranze yanvarın 11-də çox maraqlı 5 döyüşün keçiriləcəyini bildirib.
“Baku Fires”in baş meneceri Rizvan Gənciyev rəqibin yetərincə güclü olduğunu etiraf etsə də, bu amilin komandamızın boksçularını qorxutmadığını vurğulayıb: “Kubanın dünya boksundakı nüfuzu hər kəsə bəllidir. Bu dəfə “Cuba Domaderos”un heyətində olimpiya çempionu, dünya çempionatlarının mükafatçıları var. Amma bizim komanda da yaxşı hazırlıq keçib. Mən boksçularımıza inanıram. Ötən ay Meksika komandasını Qubada məğlub etdik. Bu dəfə də yerli azarkeşləri sevindirmək istəyirik. Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov komandamız üçün hər bir şərait yaradıb. Sabah Olimpiya çempionu Robeysi Ramirezi məğlub edəcək boksçumuza 2 qat mükafat verəcəyik. Amma görüşdən öncə psixoloji cəhətdən rəqibə uduzan idmançını cəzalandıracağıq. Əgər boksçu canını qoyursa, amma müəyyən səbəblərdən məğlub olursa, bunu başa düşmək olar”.
“Cuba Domaderos” komandasının baş məşqçisi Rolando Açebal Montes “Baku Fires”i qrupun ən güclü komandalarından biri kimi xarakterizə edib: “Sabah iki güclü komandanın döyüşü olacaq. Biz hər qarşılaşmaya qələbə üçün çıxırıq. Buna qədər 4 görüşün hamısında qalib gəlsək də, bu, bizi arxayınlaşdırmır. Bizi yalnız 5:0 hesablı qələbə qane edə bilər”.
91 kq çəki dərəcəsində rəqibin heyətində mübarizə aparacaq Erislandi Savon indiyə qədər dünya çempionatlarında həm Məhəmmədrəsul Məcidova, həm də Teymur Məmmədova məğlub olub. Bu dəfə isə Denis Latipov Savonu dayandırmağa çalışacaq.
Latipov Məcidovdan müəyyən məsləhətlər aldığını deyib: “Məcidov Savonun güclü və zəif tərəfləri barədə danışdı. Amma əslində kubalı boksçunu əvvəlcədən də tanıyırdım. 2011-ci ildə Çexiyada beynəlxalq turnirdə üz-üzə gəlmişdik. Həmin vaxt 4 xal fərqlə Savona uduzdum. Bu dəfə isə revanş arzusundayam”.
“Baku Fires” klubunun baş meneceri Rizvan Gənciyev gənc idmançılara da ciddi önəm verdiklərini vurğulayıb: “Dünən start götürən gənclər arasında Azərbaycan birinciliyində 10 boksçumuz gücünü sınayır. 8-ci km qəsəbəsində zal icarəyə götürmüşük. Cavid Tağıyev və Oqtay İbrahimovun rəhbərliyi altında 30-a yaxın gənc orada məşq edir. İçərilərində perspektivli uşaqlar da var. Müxtəlif beynəlxalq turnirlərdə mükafatçılar sırasına düşüblər. Bir neçə ildən sonra nəsil dəyişməsi olacaq. Və həmin gənclər ön plana keçəcəklər. Əsas hədəflərimizdən biri də 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına yaxşı hazırlaşmaqdır. Federasiya prezidenti qarşımıza planetin ən böyük yarışında qızıl medal qazanmaq tapşırığı qoyub”.
Komandaların heyətləri:
Baku Fires – Cuba Domaderos
49 kq. Xamza Nametov – Yosbani Veita
56 kq. Məhəmməd Qurbanov – Robeysi Ramirez
64 kq. Heybətulla Hacəliyev – Yasiner Toledo
75 kq. Xaybulla Musalov - Ramon Luis
91 kq. Denis Latipov – Erislandi Savon
Qeyd edək ki, “Cuba Domaderos”in heyətində Robeysi Ramirez 52 kq çəki dərəcəsində 2012-ci il London Yay Olimpiya Oyunlarının qızıl medalını qazanıb. Ramirez bundan sonra çəkisini artıraraq, 56 kq-da çıxış edir. Yasiner Toledo isə 2011 və 2013-cü il dünya çempionatlarının gümüş, London olimpiadasının bürünc mükafatçısı olub.