Olimpiadada Azərbaycan yığmasının bayraqdarı idmançı olmaya bilər
08 yanvar 2014 11:05 (UTC +04:00)

Olimpiadada Azərbaycan yığmasının bayraqdarı idmançı olmaya bilər

2014-cü il Soçi Qış Olimpiya Oyunlarında Azərbaycan yığmasının bayraqdarının kim olacağı məsələsinə hələ aydınlıq gəlməyib. Nümayəndə heyətinin rəhbəri, Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayevanın Lent.az-a verdiyi məlumata görə, həmin şəxsin adı yanvarın 20-dən sonra açıqlanacaq.

 

Fevralın 7-də start götürəcək olimpiadada ölkəmizi 5 idmançı təmsil edəcək. Bunlar fiqurlu konkisürmə növündə Aleksey Sitnikov - Yuliya Zlobina dueti, eləcə də xizəkçilər Patrik Braxner, Sedrik Notz və Qaya Bassani Antivaridir. Nurullayevanın sözlərinə görə, təmsilçilərimizin heç biri yerli idmançı olmadığından, bayraqdarın nümayəndə heyəti üzvlərindən seçiləcəyi də istisna deyil: “Ehtimal var ki, bayraqdar idmançı yox, nümayəndə heyətimizin üzvlərindən seçilsin. Artıq 2010-cu il Vankuver olimpiadasında bu variantdan istifadə olunub. Həmin vaxt açılış mərasimində idmançılarımız önündə tamaşaçılar qarşısına bayraqla Azərbaycan Qış İdman Növləri Federasiyasının vitse-prezidenti Fuad Quliyev çıxıb. Mümkündür ki, Quliyev yenə eyni funksiyanı yerinə yetirsin. Hər halda, bu məsələ yanvarın 20-dən sonra müzakirə olunacaq və müvafiq qərar veriləcək”.

 

Nümayəndə heyətinin rəhbəri Soçi olimpiadasında idmançılarımızın şanslarını da dəyərləndirib: “Bu dəfəki heyətimiz daha güclüdür. Düzdür, medal şansımız azdır, amma təmsilçilərimizdən kimlərinsə ilk “10-luğ”a düşəcəklərinə ümid edirik. Bu, xüsusən, Aleksey Sitnikov - Yuliya Zlobina duetinə aiddir”.

 

Qeyd edək ki, Soçi Qış Olimpiya Oyunları fevralın 23-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 809
avatar

Oxşar yazılar