Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF) Dənizkənarı Milli Park İdarəsi ilə birgə velosiped həvəskarları üçün yürüş təşkil edib. Lent.az-ın məlumatına görə, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibətilə keçirilən yürüşə Bakı İdman Sarayının qarşısından start verilib.
Yürüşə Azərbaycanın ilk peşəkar velosiped komandası “Sinergy Baku Cycling Project”in üzvləri üzərində I Avropa Oyunlarını özündə əks etdirən “Bakı-2015” loqolu köynəklərlə qatılıb. Komanda üzvlərindən Aqşin İsmayılov jurnalistlərə bildirib ki, ölkə rəhbərliyi səviyyəsində idmana göstərilən diqqət və qayğı nəticəsində belə tədbirlər ənənəvi hal alıb. İsmayılov bu yürüşün velosiped idmanına marağı artırmaqla yanaşı, sağlam həyat tərzini də təbliğ etdiyini söyləyib: “Belə tədbirlərdə klubumuz daim iştirak edir. Məqsədimiz ölkəmizdə velosiped idmanının inkişafına və populyarlaşmasına nail olmaqdır. Bütün xalqımıza velosiped idmanı ilə məşğul olmağı tövsiyə edirəm”.
Ardından yürüşə start verilib. Tədbirin 200-dən çox iştirakçısının Yeni İl libasında olmaları diqqətdən yayınmayıb. Müxtəlif yaş kateqoriyasından olan həvəskar və peşəkar velosipedçilər Saat Qülləsinin önünədək yürüş ediblər. Qüllənin qarşısında isə əyləncəli proqram təşkil olunub. Şən musiqi sədaları altında finişə Şaxta Baba və Qar Qız tandem velosipedlə gəliblər. Bu isə tamaşaçıların marağına səbəb olub. Şən mahnılar səsləndirildikdən sonra iştirakçılara bayram hədiyyələri paylanıb.
Veloyürüş iştirakçılarından Elgün Əlizadə tədbirin gözəl alındığını bildirərək, AVİF-ə təşəkkürünü bildirib. Onun fikrincə, belə tədbirlər müntəzəm keçirilsə, velosiped idmanına maraq artar. Bu növlə məşğuliyyətə yenicə başladığını deyən Ülfət Nəzərova isə yürüşün velosiped idmanının ölkəmizdə daha geniş yayılmasına xidmət edəcəyinə əminlik ifadə edib.
Sonda bütün yürüş iştirakçıları xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibətilə təbrik ediblər.